Xalq yazıçısı Elçinin Misirdə ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirildi

Milli Kitabxanada görkəmli nasir, dramaturq, tənqidçi, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Tərcümə Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Əvvəlcə Xalq yazıçısının yaradıcılığına həsr olunan film nümayiş olundu. Filmdə görkəmli ədəbiyyat və sənət adamlarının Elçin yaradıcılığı haqqında fikirləri yer alıb.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Onun bədii yaradıcılığının janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Qeyd olundu ki, müəllifin ərsəyə gətirdiyi hər bir əsər ədəbiyyatımızda bir hadisə ola bilir. O, daim axtarışdadır, hekayə, povest, roman və dram əsərləri təkcə ölkə daxilində deyil, Azərbaycandan kənarda da sevilə-sevilə oxunur və xarici dillərə tərcümə olunaraq yüksək tirajla çap edilir. Mədəniyyət naziri  Əbülfəs Qarayev tədbirdə çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatında öz dəst-xəttini yaradan yazıçılardan olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Elçinin əsərləri hər zaman elmi araşdırmaların mövzusuna çevrilib, həm gənc, həm də yaşlı nəslin masaüstü kitabı olaraq sevilib. Bu əsərlər öz ikinci ömürlərini kinofilmlərdə və teatr səhnələrində davam etdirirlər: “Elçin yazıçılıqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas alimdir. Onun insani keyfiyyətlərindən danışarkən xüsusilə qeyd etmək lazımdır ki, yazıçı bütün ömrü boyu böyük azərbaycanlı olduğunu sübut edib. Azərbaycançılıq ideyaları kimi mövzuların yorulmaz təbliğatçısıdır. Digər tərəfdən isə o, yaradıcılığında yeni fəlsəfi mövzulara müraciət edir, daim axtarışdadır. Onun yaradıcılığına müraciət edən oxucu hər zaman yeni istiqamətlər kəşf edir”.

Nazir Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materialların mövcudluğunu vurğuladı. Qeyd etdi ki, müəllifin Misirdə ərəb dilində nəşr olunan “Baş” romanı görkəmli nasir-dramaturqun ədəbi fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətlidir.

Əbülfəs Qarayev çıxışının sonunda bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 11 may 2018-ci il tarixində Elçinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Nazir ölkə başçısının təbriklərini Xalq yazıçısına çatdıraraq “Şöhrət” ordenini təqdim etdi.

Ədib çıxış edərək dedi: “Həyatımın böyük bir hissəsini sovet dövründə yaşamış bir insan kimi deyə bilərəm ki, bu orden və bundan öncəki dövlət təltifləri mənim üçün adi mükafatlar deyil. Daha əvvəl “İstiqlal” ordeni almışdım. Bu ordenlər mənim üçün ona görə adi ordenlər deyil ki, bunlar müasir müstəqil Azərbaycanın ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən istifadə edib bir daha Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm”.

Təqdimat mərasimində çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov bildirdi ki, müəllifin “Baş” romanı bədii sözün gücündən ustalıqla istifadə olunan tarixi romandır. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə diqqət yetirib, tarixi şəxsiyyətlərin daxili aləmini ustalıqla açıb. Müəllif əsərdə özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən nümayiş etdirib. “Baş” romanı həm də azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, Elçinin romanları və ümumiyyətlə yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir. Vurğulandı ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi həyatında Elçinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Onun əsərləri Rusiyada da geniş oxucu kütləsi tərəfindən sevilir və tanınır.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahim çıxışında səfirlik tərəfindən mütəmadi olaraq Azərbaycan Tərcümə Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının dünyada və ərəb ölkələrində tanıdılması, təbliği istiqamətində beynəlxalq layihələr həyata keçirilir. Bir çox kitablar ərəb dilinə tərcümə edilərək nəşr olunur. Qeyd edildi ki, Elçinin “Baş” romanını orijinaldan ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Əhməd Sami əl Aydi tərcümə edib. Kitab Misirin “Əl-Ədəb” nəşriyyatında çap olunub.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında söylədi ki, 60-cı illərin əvvəllərində ədəbiyyata gələn Xalq yazıçısı Elçin elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov müəllifi təbrik etdi. Bildirdi ki, Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda tanınmasında Elçin dramaturgiyasının xüsusi yeri var. Dramaturqun “Mənim sevimli dəlim” pyesi Türkiyə Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyası nümunələrindən tamaşaya qoyulan ilk pyes idi. Türkiyə mətbuatı və televiziyası “Dəlixana qaçqını”nı (“Mənim sevimli dəlim” əsərini) Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm hadisə kimi dəyərləndirib. Londonda müəllifin “Şekspir” əsərinin tamaşası da böyük müvəffəqiyyətlə nümayiş etdirilib və geniş tamaşaçı rəğbəti qazanıb. “Mənim sevimli dəlim” pyesi Londonun “Tristan Bates” teatrında uğurlu səhnə təcəssümünü tapıb. Azərpaşa Nemətov Elçinlə teatr sahəsində yaradıcılıq əlaqələrinin tarixindən bəhs edərək bu əlaqələrin bu gün də davam etdiyini diqqətə çatdırdı.

“Baş” romanının ərəb dilinə tərcüməçisi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl Aydi çıxış edərək Misirin ilk azərbaycanşünas alimi kimi 35-ə yaxın Azərbaycan yazıçısının yaradıcılığını tədqiq etdiyini dedi: “Sevindirici haldır ki, bu gün Azərbaycanda tərcümə sahəsində də  böyük işlər  görülür, Misir ədəbiyyatından tərcümələr edilir. Mərkəz olaraq  məqsədimiz iki  ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanının ərəb dilinə tərcüməçisi kimi deyə bilərəm ki, bu roman tək bizim ölkədə deyil, eyni zamanda bütün ərəb ölkələrində sevilə-sevilə oxunmaqla bərabər iki xalqın tarixini, mədəni irsini yaxından tanımasına xidmət edəcək”.

Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Karim Al Rahim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, tənqidçi Əsəd Cahangir çıxış etdilər.  Vurğulandı ki, Elçinin “Baş” romanı klassik ənənələri əks etdirməklə yanaşı, müasir tendensiyaları da özündə ehtiva edir. Tarixi roman kimi əsər həm tarixi faktları, həm də  poetik göstəriciləri qoruya bilib. Roman dünyanın görünən və görünməyən tərəflərini sintez edə bilir.

Sonda Xalq yazıçısı Elçin tədbirin iştirakçılarına və təşkilatçılarına, kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirdi.

M.MÜKƏRRƏMOĞLU,

”Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında