Avesta gerçəyi...

Tədqiqatçı-jurnalist Səbuhi Rəhimlinin “Avesta gerçəyi.Zərdüştilikdə mərasim və bayramlar” kitabı işıq üzü görüb.Müəllif  1991-ci ildən (tələbəlik illərindən) “Avesta və zərdüştilik” adlı kurs işini yazmağa və araşdırmaya  başlayaraq illər keçdikcə bu mövzuda 100-dən çox məqalə və tədqiqat yazılarını qələmə alıb, onları müxtəif qəzetlərdə, internet portallarında və hər il çıxan astroloji kitablarında dərc etdirib.İlk dəfə olaraq Azərbaycan oxucusuna Avesta astrologiyası və Zərdüşt təqvimi haqqında məlumat verib.Nəhayət, 2018-ci ildə zərdüştilik haqqında silsilə kitabların nəşrinə başlamaq qərarma gəlib.

Müəllif  ilkin olaraq “Avesta-şüuraltı arxivimiz” və sön sözlə birlikdə Zərdüştilikdə 13  mərasim və bayramlardan ibarət olan elmi, dini, fəlsəfi və etnoqrafik tədqiqat əsərini ərsəyə gətirib.Novruz çərşənbələri-Su,Od,Torpaq,Yel (İlaxır) çərşənbələrinin tarixini araşdıraraq, müqəddəs Avestaya nəzər salaraq çərşənbələr dövrünü-hər bir çərşənbənin  izahını verib.

Kitabın “Novruz bayramı” bölməsində qeyd edilir ki, Zərdüştilikdə ilin ilk və ən böyük bayramı olan Novruzu- tarixi ən azı 5 min il olan bu müqəddəs bayramı uzaq Amerika qitəsində yaşayan hindulardan tutmuş Ön Asiya və Türküstan torpaqlarınadək geniş bir coğrafiyada yaşayan xalqlar keçirməkdədir.

Tədqiqatçı  bayram haqqında mif və rəvayətlərdə, qədim mətnlərdə, orta əsr tarixçilərinin, Firdovsinin, Əbülqazı Bahadır xanın, Nizamülkün, Mahmud Kaşğarlının, Ömər Xəyyamın, Nizami Gəncəvinin, Əlişir Nəvainin və digər  klassik yazıçıların əsərlərində Novruz bayramının keçirilmə vaxtının 10 gün (21 martdan başlamış hər gün 31 martadək) olduğunu göstərir və  bütün günlərə həsr olunmuş miflərdən danışır, əksər adətlərin  vacib amilləri, mərasimlər haqqında ətraflı məlumatları təqdim edir.

Kitabın “Zərdüşt bayramları” bölməsində müəllif  bildirir ki, Novruzdan dərhal sonra, martın 31-də (Qoç bürcünün 11-ci dərəcəsi) zərdüştiliyin müqəddəs od bayramlarından birincisi-Cəngavərlərin Odu mərasimi,yəni Müqəddəs Odla bağlı üç bayram  həyata keçirilir. Bundan sonra Avesta təqviminə görə, aprelin 5-i Daena bayramı, mayın 3-ü Aşa-Vahişta bayramı, mayın 10-u Gül bayramı, mayın 25-də Xaurvat bayramı, iyunun 19-u Müqəddəs  Su və Sağlamlıq bayramı, iyunun 22-i Vayyu bayramı, iyulun 12-si Suya Ehtiram bayramı, avustun 15-də Məhəbbət bayramı, sentyabrın 10-u Səma döyüşçüsü bayramı, senyabrın 21-22-si Kşatra-Varyu bayramı, sentyabrın 23-də Sədə mərasimi-bayramı, oktyabrın 8-i Azadlıq bayramı, oktyabrın 16-sı Mitra bayramı, noyabrın 5-i Su bayramı,28-29 noyabr Bəhram bayramı, dekabrın 4-ü Odər bayramı, yanvarın 5-17-si (12 gün) Zərvan-Karan bayramı, yanvarın 29-u Bəhmən bayramı,fevralın 6-sı Sraoşa bayramı,martın 5-i Sipənd-Armaiti bayramı  keçirilir.

 Bu bayramlar arasında Zərdüştiliyi qəbul etmə mərasimi haqqında ayrıca qeyd etmək lazım gəlir ki,Bütün dinlərdə olduğu kimi zərdüştiliyin qəbul edilməsi mərasimi də mövcuddur. Zərdüşt Peyğəmbər öz ardıcıllarından tələb edirdi ki, ən geci 15 yaşına çatan hər kəs bu dini qəbul etməlidir və dinsiz qalanların evlənməsi qadağan idi. Çünki “Ahura Məzdanı, Ameşa Sipəndləri sevə bilməyən kəs insan övladını da sevə bilməz” qənaəti möhkəm təməllər üzərində mövcud idi.

 Zərdüşt Peyğəmbərin mövludu.Kitabın  bu ən maraqlı bölməsinin başlanğıcında oxuyuruq ki,İnsanlığın özünü saldığı günahların məngənəsindən qurtarmaq üçün Ulu  Yaradan zaman-zaman Yer üzünə xilaskarlar göndərib. İlk belə şəxs Zərdüşt olub. O, azı 5 min il əvvəl insanlara Avestanı gətirib, növbəti Xilaskarın bakirə bir qızdan doğulacağını və əsrlər keçdikdən sonra Yer üzünə ikinci dəfə gələcəyini irəlicədən xəbər verib.

 Müəllif  Zərdüşt təliminin köklərinin tarixin başlanğıcına təsadüf  etdiyini və bu təlimi bərpa edib insanlar üçün qanuniləşdirənin məhz Zərdüşt Peyğəmbər olduğunu göstərir.”Zərdüşt” sözünün açmasıını “yaşlı” ( və ya sarı, qızılı) dəvəsi olan” anlamında izah edirlər.Lakin çoxları bunu qəbul etmir.

Həmin  bölmədə müəllif-Səbuhi Rəhimli müxtəlif alim-tədqiqatçıların, qoqudşünas, avestaşünas, parapsixoloqların fikirləri ilə oxucuları tanış edir. “Zərdüşt” sözünün açıqlamasının  “Qızıl daş”, “Sarı dəvə sahibi” olması, Zərdüştün “Güləyən Peyğəmbər”  adlandırılması, Zərdüşt Peyğəmbərin Azərbaycanda, Urmiyada Gəzən (Cəzən) adlanan yerdə dünyaya gəlməsi, yunanların min il sonra onu Zoroastr-“Ulduzların oğlu” adlandırması, qədim dünyanın sivilizasiyalı  xalqlarının hamısının Zərdüşti mənəvi kamerton sayması, Qafqaz, İran, Orta Asiya, Qazaxıstan, Əfqanıstan ərazilərində daha çox zərdüşti abidələrin mühafizəsi,  bu ərazilərdə türkçülüyün üstünlüyü,  Zərdüştin urmiyalı-Azərbaycan türkü olması və Avestanın ən qədim hissəsi olan “Qatlar”ın indiki Azərbaycan, Nəhavənd, Rey, Həmədan. İsfahan adlanan ərazidə (Pərəsa) yarandığının “Qatlar”da (“qat” Qurani-Kərimdəki ayələrə bənzər ilahi kəlmələrdir) etiraf edilməsi və bu kimi, buna bənzər fikirlər Zərdüşt və zərdüştilik haqqında bizdə geniş təsəvvürlər yaradır.

Tədqiqatçı-jurnalist bu araşdırmalardan  sonra belə bir nəticəyə gəlir: “Qatlar”da (Avesta) olanlar “bizi vadar etməlidir ki, digər xalqlardan daha çox Azərbaycan türkləri bu abidəyə sahib durub, onu tədqiq eləsin.Bu,indiki tarixi dövrdə daha vacibdir”.

Dekabrın 23-ü ilk Xilaskar olan Zərdüşt Peyğəmərin mövlud günüdür.”Mövlud düşüncələri” adlı bölmədə müəllif  Zərdüştün dünyaya gəlişini   təqdim edərək  yazır: ”O, ilin ən uzun gecəsində gəldi dünyamıza, öz gəlişi ilə elə bir işıq saçdı ki, əhali parlaq Ayın Yerə düşdüyünü zənn etdi.Bəli, Göylərdən Yerə zər düşmüşdü, Zərdüşt düşmüşdü.Doğulan kimi güldü və bu gülüş 90 min şər ruhu-şeytanı məhv etdi.Onun missiyası bu idi.Dünyaya gəlişinin ilk dəqiqələrində 90 min şər qüvvəni məğlubiyyətə uğradan bu körpə  hələ böyüdükcə nələr edəcəkdi, bunu yalnız Yaradan bilirdi...”

Zərdüştün həddi-buluğa çatan həyatı ilə tanış oluruq. Sonra: “Özünü dərk edib mağaraya çəkiləndə isə Ahura Məzda Ona elə bir dua öyrətdi ki, o dua oxunan zaman bütün qara qüvvələr qaçıb min il gözdən itərdilər. Amma Zərdüşt oxumadı o duanı, hamını Xeyirxah Fikrə, Xeyirxah Sözə, Xeyirxah Əmələ çağırdı”.

Yeni nəşrin “Zərdüştilikdə orucluq” bölməsindən məlum olur ki, “monoteist dinlər arasında ilk orucluq zərdüştilikdən başlayır. Avestada da orucluğun əhəmiyyətindən geniş bəhs edilir.”

Zərdüştilikdə  orucluq mərasimlərinin keçirilməsi, Zərdüştilik orucu ilə İslam orucunun fərqləri,”Köpək günləri” orucu, sədə öncəsi oruc, “Yandırılmış yol” günləri, ”Kədər və göz yaşları” günləri ilə tanışlıqdan aydın olur ki,  bu mərasimlər  məhz astronomik qaydaları özündə ehtiva edir.

Sonda “Avesta gerçəyi.Zərdüştilikdə Xeyirlə Şərin qarşıdurması”nda növbəti kitabdan seçmələr təqdim edilir.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

    

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında