Sofiyada “Azərbaycanın arxeoloji irsi” mövzusunda sərgi təşkil olunub

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub. www.science.gov.az saytının məlumatına görə, səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyasının (BEA) Eksperimental Morfologiya, Patologiya və Antropologiya, Ədəbiyyat və Milli Arxeologiya institutlarında görüşlər keçirilib, AMEA-nın Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Eyni zamanda, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova BEA-nın Milli Arxeologiya İnstitutunda “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. Alim ölkəmizdə aparılan arxeoloji qazıntılar, aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə olunan nailiyyətlər və institutun həyata keçirdiyi layihələr barədə məlumat verib, bolqar mütəxəssislərin suallarını cavablandırıb.

Səfər çərçivəsində, həmçinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Azərbaycanın arxeoloji irsi” mövzusunda fotosərgi  təşkil edilib. Sərginin açılışında akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, professor Maisə Rəhimova, BEA-nın vitse-prezidenti Vasil Nikolov, BEA-nın Milli Arxeologiya İnstitutunun direktoru Ludmil Vaqalinski, Bolqarıstanın Xarici İşlər Nazirliyi, eləcə də digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Gecənin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova cari ildə müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün geniş qeyd edildiyini, bununla əlaqədar bolqar tərəfdaşlarla birlikdə silsilə tədbirlərin keçirildiyini və hazırki sərginin bunun parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. N.Qurbanova məşhur Azıx mağarasının yerləşdiyi Dağlıq Qarabağ ərazisinin hazırda Ermənistan tərəfindən işğal edildiyi, işğalın maddi və insan tələfatı ilə yanaşı, ölkəmizin mədəni və tarixi irsinə vurduğu faciəvi nəticələr barədə danışıb, beynəlxalq hüquqa əsasən, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və tarixi irsə qarşı yönəldilən aktların müharibə cinayəti olduğunu bildirib.

Sərginin ölkəmizin tarixi və mədəni irsini təşviq etmək məqsədi daşıdığını vurğulayan səfir, həmçinin onun Bolqarıstandan olan mütəxəssislərə azərbaycanlı həmkarları ilə bu sahədə elmi-tədqiqat əməkdaşlığı üçün imkanlar yaratdığını deyib.

Tədbirdə BEA-nın vitse-prezidenti V.Nikolov iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini vurğulayıb. O, ötən il AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərini xatırladaraq, müvafiq institutlar arasında imzalanmış sənədlərin digər elm müəssisələri üçün örnək olacağını deyib.

İki ölkənin əlaqələrindən söz açan akademik İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu arasında anlaşma memorandumunun imzalanması barədə  məlumat verib. Səfər zamanı akademiklər İ.Həbibbəyli və N.Axundova Bolqarıstanın nüfuzlu “Fokus” radiosuna müsahibə veriblər

   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında