Azərbaycan İstiqlal Muzeyində fotosərgi açılıb

Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərgi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidən əvvəl iki qardaş ölkənin  himnləri səsləndirilib.

Tədbirdə  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək  Azərbaycan-Türkiyə münasibətlərindən və sərginin əhəmiyyətindən söz açıb. Qafqaz İslam Ordusunun iki qardaş ölkənin  münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu bildirən  diplomat  100 il əvvəl türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiklərindən bəhs edib. Eyni köklərə malik iki qardaş xalqın ortaq maraqlarının təmənnasız sevgi və dərin tarixi bağlılıq prinsipləri üzərində qurulduğunu qeyd edib. Bu cür tədbirləri bu gün təşkil etmək, fədakarlıqları gələcək nəsillərə çatdırmaq və dünyaya bəyan etmək hər iki dövlətin borcudur. Bu sərgi həmçinin tariximizin xatırlanması, eləcə də qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Səfir əlavə edib:  “1918-ci il sentyabrın 15-də Osmanlı qoşunları Bakının azad edilməsi üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişdir. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalığa son qoyulub. Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edə bilib. Yetmiş illik sovet hakimiyyəti dövründə bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmayıb və onu qəlbində yaşatmaqdadır. Osmanlı ordusu Azərbaycanda son zəfərini qazandı. Azərbaycan bizim də vətənimizdir. Necə ki, Türkiyə azərbaycanlı qardaşlarımızın vətənidir. Bu gün biz Azərbaycan kimi güclü bir qardaş ölkənin olmasından qurur hissi keçiririk. Biz birlikdə daha güclüyük”.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev bildirib  ki, bu sərginin açılması iki qardaş xalqın tarixinin gözəl nümunəsidir : “Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün ölkədə müxtəlif mövzularda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi qeyd olunur. Cümhuriyyət bu gün üçün də mühüm əhəmiyyətli tarixi faktları özündə ehtiva edib. Azərbaycanın ilk dövlət universiteti, ilk muzeyi bu dövrdə yaradılıb, qadınlara ilk səsvermə hüququ da Cümhuriyyətin bizə qoyduğu irsdir. Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır”.

Tədbir çərçivəsində İstiqlal Muzeyinin yeni təmir olunmuş Cümhuriyyət zalının açılışı olub. Sözü gedən  zalada  AXC-nin  fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli material və muzeyə hədiyyə olunan üçrəngli bayrağımız əks olunur. Həmçinin Əli bəy Hüseynzadənin şəxsi əşyaları da nümayiş olunur. Qeyd edək ki, rəssam Elşən Sərxanoğlunun muzeyə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixinin təqdimatı da keçirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Bildirək ki, sərgi iyunun 6-dək davam edəcək.

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında