Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının
95 illiyinə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada silsilə tədbirlər keçirilir. “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən həmin Tədbirlər Planına uyğun olaraq keçirilir.
Qeyd olunub ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ümummilli lider Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə mədəniyyətin və təsviri sənətin inkişafına xüsusi qayğı göstərilib, çoxsaylı mədəniyyət mərkəzləri, sərgi salonları yaradılıb, rəssamlıq sahəsində yaradıcılıq prosesi geniş vüsət alıb.
“Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində əsasını qoyduğu ənənələr davam etdirilir, yaradıcı şəxslərin sənətinə dəstək verilir, zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün tədbirlər görülür”, – deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamlarına uyğun olaraq muxtar respublikanın Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin, Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılaraq parkda görkəmli rəssamın heykəli qoyulub. Bununla yanaşı, Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, Rəssamlar Birliyinin 40 illik yubileyləri muxtar respublikada geniş qeyd edilib. Ali Məclis sədrinin qayğısı ilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin edilib. Muxtar respublikada rəssamların yaradıcılıq imkanlarının yaxşılaşdırılması da diqqətdə saxlanılıb, hər cür şəraiti olan emalatxanalar rəssamların istifadəsinə verilib, onların fərdi sərgiləri təşkil edilib, albom-kataloqları nəşr olunub, fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlara layiq görülüblər.
Vurğulanıb ki, muxtar respublikada istedadlı gənc rəssamların üzə çıxarılması və onların bu sənəti daha dərindən öyrənmələri də diqqətdə saxlanılıb, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisasları açılıb, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyətləri üçün zəruri şərait yaradılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının yüksək səviyyədə təşkil olunması da muxtar respublikada təsviri incəsənətə qayğının ifadəsidir. Rəsm festivalında 35-i 12 xarici ölkədən olmaqla, ümumilikdə, 65-dən çox fırça ustasının iştirak etməsi bu beynəlxalq tədbirin əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri rəhman Məmmədov “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının rəssamlar üçün əhəmiyyətli olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov muxtar respublikanın ötən illər ərzində çox böyük inkişaf yolu keçdiyini, müasirliyi ilə göz oxşayan Naxçıvan şəhərinin yenidən qurulduğunu, qədim diyarda rəssamların fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulayıb. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsinin muxtar respublika üçün mühüm mədəni hadisə olduğunu deyən Fərhad Xəlilov yaradılan şəraitə görə bütün rəssamlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının İslam mədəniyyəti nümunələri ilə zəngin olduğunu deyən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, qədim diyarda milli-mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır. Bütün bunlar nəzərə alınaraq, 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bununla yanaşı, Naxçıvan şəhəri həm də 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtıdır. Belə bir əlamətdar ildə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən mühüm mədəniyyət bayramıdır.
Muxtar respublika Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında bildirib ki, bu gün təsviri sənətin inkişafı sahəsində muxtar respublikada ardıcıl tədbirlər görülür, gənc rəssamların formalaşması, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, fırça ustalarının yaradıcılıq imkanları artırılır. Rəssamların fərdi sərgilərinin təşkil edilməsi, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi gənc rəssamların yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdəndir. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olub, naxçıvanlı rəssamların dünyanın bir çox ölkələrində sərgiləri açılıb, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər.
Qeyd olunub ki, bu gün qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Həyata keçirilən quruculuq nümunələri gələcək üçün böyük tarixdir. Bu tarix təkcə mütəxəssis tədqiqatlarının deyil, eləcə də yaradıcı insanların əsərlərində də gələcək nəsillərə çatdırılır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi”
IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu məqsədə xidmət edir.
Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin və Şərur Xalq Yallı Ansamblının çıxışları olub.
Sonra festivalın yaradıcılıq hissəsinə başlanılıb. Tədbirin gedişində iştirakçılara səyyar iaşə xidməti göstərilib.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləyiblər.
Qeyd edək ki, mayın 24-də Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi təşkil olunacaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.