Mirzə Bala Məhəmmədzadə Cümhuriyyət dönəmində

Görkəmli ictimai-siyasi xadim, istedadlı publisist, istiqlal mücahidi Mirzə Bala Məhəmmədzadənin yaradıcılığında və ictimai fəaliyyətində azadlıq, azərbaycançılıq ideyası, dövlətçilik məsələsi, müstəqilliyin qorunub saxlanılması problemi mühüm yer tutur. O publisistik əsərlərində xalqımızın istiqlal məfkurəsini cəsarətlə müdafiə edir, düşüncələrini və baxışlarını açıq, güzəştsiz şəkildə bildirməkdən çəkinmir, dövrün aktual problemlərini yalnız milli mənafe məcrasında dəyərləndirirdi.

M.B.Məhəmmədzadənin “Azərbaycan” qəzetinin 3 mart 1919-cu il tarixli sayında çap etdirdiyi “Təşkilatlarımız” adlı məqaləsində xeyriyyə və maarif cəmiyyətlərinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyətsizlikləri cəsarətlə tənqid olunurdu:

 “Mart faciəsi və ondan sonra uzanan istiqlaliyyət və paytaxtımızı xilas mübarizələri münasibətilə bütün mədəni təşkilatlarımızda tərki-fəaliyyətə məcbur olmuşlardır. O təşkilatlardan ən məşhurları “Cəmiyyəti-xeyriyyə”, “Nicat”, “Səfa” və “Nəşri-maarif”, “Tərəqqi” cəmiyyətləri, “Qənaət”, “İsmailiyyə” və bir çox bu kimi iqtisadi və kooperativ ittifaqları idilər ki, Azərbaycan türk xalqının mədəni və ictimai həyatında böyük rollar oynuyordular.

Paytaxtımızın fəthindən sonra bu təşkilatlar fəaliyyətə şüru etmədilər. Ancaq bircə Cəmiyyəti-xeyriyyə (erkək və xanımlarınkı) yenidən məhəlli olaraq icra etmişlərdir. Bunların əvəzində, yeni mədəni təşkilatlar doğulmadı ki, hökumətimizin və millətimizin işlərini bir qədər yüngül-ləşdirsin. Fəqət, böylə mədəni təşkilatlarımızın varlığını millət xüsusən cəmaətimizin ziyalısını hiss ediyordu”.

Mirzə Bala Bakının qurtuluşundan sonra cəmiyyətlərin cümhuriyyət quruculuğuna biganə yanaşmalarını, onların həmişə mədəni işlərdə fəal olduqları halda, əllərinin soyumalarını təəssüf hissi ilə qarşılamaqla yanaşı, yeni yaranan təşkilatlardan “Türk ocağı”nın fəaliyyətini və fəaliyyətsizliyini də dəyərləndirməyi unutmur. O, həmin məqaləsində oxucularına üzünü tutub açıq səmimiyyətlə yazırdı: “Mən keçmişdə və gələcəkdə öylə bir mədəni təşkilat tanımıyoram ki, “Türk ocağı” qədər əhəmiyyət və qiymətə malik ola bilsin. Bir dəfə diqqət verilsin: Parça-parça olmuş, müstəqil millətlər halına gəlmiş türk xəlqini dil, hiss, ədəbiyyat və tarixcə ümumiləşdirməyi, mədəni bir türk milləti yaratmaq vəzifəsini öhtəsinə alan bir cəmiyyət nə qədər ağır və mühüm məqsəd ilə çalışmış olur”.

Bakı və ətraf kəndlər birliyi ideyası AXC dövründə də gündəmdə olub. Lakin, bu birlik millimi, dinimi zəmində inkişaf edib möhkəmlənməli, formalaşmalıdır?!.

Mirzə Bala Məhəmmədzadə 1919-cu ilin fevral ayının 15-də yaradılan “Bakı və ətrafının müsəlman zəhmətkeş ziyalılarının ittifaqı” adlı təşkilatla, onun məramnaməsi və fəaliyyət yönümü ilə ciddi maraqlanaraq münasibət bildirmişdir. Mirzə Balanın fikrincə, “Millətini-- doktor, yurist, mühəndis, mühərrir və bu kimi mütəxəssis ziyalılarının ittifaqı ancaq sənədləri olan elmlərin nəşrinə çalışmalı və o birlikləri ilə millətlərinə yardım etməlidir. Siyasi və milli məsələlər təbliği isə onların sənəti olmadığı kimi cəmaətin də bir sinfini ziyalılardan qaçırar, xalqımızda mədəniyyətə və məarifə “mühafizəçilik” kimi bu hal törədər.”

Müəllif haqlı idi. Cümhuriyyət dövründə yeni təşkilatların, cəmiyyətlərin yaradılmasına qanunla icazənin verilməsi nəticədə bəzi sahələrdə əyintilərə, sui-istifadələrə gətirib çıxarmışdır. Cəmiyyətlərdə ümummilli mənafelərin güdülməsi, dövlətçilik, demokratiya prinsiplərinin inkişaf tendensiyasından daha çox, bəzi şəxslərin dar, dayaz maraq dairələrinə xidmət göstərilməsi acınacaqlı və utancgətirici hal idi. Bu baxımdan Mirzə Bala doğru yolda olmayan, istiqlala xidmət etməyən, cümhuriyyət ideallarına əks platformada dayanan təşkilat rəhbərlərinə öncədən xəbərdarlıq edirdi.

Mirzə Bala Məhəmmədzadə mətbuat vasitəsilə siyasi qruplaşmaların kölgəli məramlarına mütəmadi aydınlıq gətirir, milli istiqlalımıza böhtan atanlara, Rusiya bolşeviklərinə züy tutanlara açıq və sərt münasibət bildirmişdir. Onun “İstiqlal” qəzetinin 7 iyun 1919-cu il tarixli sayında çap etdirdiyi “Bizdə sinif mübarizəsi” məqaləsində dövrün bir sıra problematik suallarına dəqiq və sərrast cavablar müşahidə edirik: “Bolşeviklər bəşəriyyətin nicatını kapitalın məhvində, sərvətdarların iş başından getməsində, hakimiyyət və ağalığın demokratiyaya, zəhmətkeş xalqa verilməsində buluyordular. Məgər bunu biz bilmiyoruzmu? Kim istəyər ki, 3-4 milyonluq bir Azərbaycan türkü adından ancaq 3-4 nəfər bəy-xan vəkil olunsun və kəndilərinə bir millət adı versünlər?

...Kim istəməz ki, millət böylə əsarətdən qurtulsun, kəndi- kəndinə hakim olsun, bir neçə qolçomaqların hakimiyyətinə və keyf məişətinə bir imha qoysun? Kim istəməz ki, millətləri qanlı davalara sövq edən kapitalist, sərvətdar, intriqaçılar iş başından qovulsun, millətlər bərabər və müsavata malik olsunlar da bütün bir dünya federasionu qurmağa müvəffəq olsunlar?

...Biz buna bütün dünyaya hürriyyət və ədalət istəyən sosialistlərin təqsiri degil– səhvi deyəcəkiz, bir natiqə təcrübəsizlik adı vermiyəcəkiz, çünki məhkum millətlər əsrlərlə imperializmin əsarətində yalnız sinfi cəhətdən degil, bir milli tərəfdən məhrumiyyətdə bulunmuşlar, bu milli əsarət məhkum millətlərin bütün sinflərini birləşdirmiş, onları bəyindən, xanından, əkinçi və ziyalısına kimi birləşmiş bir tən, vahid halına gətirmişdir”.

Mirzə Bala Məhəmmədzadənin sinfi mübarizə probleminə baxışı fərqli və maraqlıdır. Onun fikrincə, bir millətin siniflərə bölünmədən digər bir millətin əsarəti altında yaşamaqdansa, bəyindən əkinçisinə, xanından ziyalısına qədər birləşib müstəqil yaşaması üstündür. Mirzə Bala Azərbaycan istiqlalını təhdid edənləri öncədən görür, onların məkirli nəyyətlərini açıb göstərməkdən çəkinmirdi. O, fikirlərini qeyd edilən məqalədə açıq, birbaşa söyləyirdi: “Millətlər, o cümlədən Azərbaycan dəxi müstəqil oldu. Müstəqil olmaq ilə bərabər, sollaşıyor, xəlq fikri, xəlq diləgi, xəlq arzusu qarşısında diz çökməgə başlayor, zəhmət və sərvət məsələsi, topraq və mülkədar məsələləri zəhmətkeş xəlqin nəfinə həll olunmağa başlayor...

Əgər “Şimal hürriyyətçiləri və qərb mədəniləri” istiqlaliyyətimizi pozmaq fikrilə hərəkət etsələr, əmin olmalı ki, nəticədə Azərbaycan sərvətdarları fürsət qazanacaqlar. Xalq həqqindən çəkməyə və istiqlal uğrunda sinfi düşmənlər ilə birləşməgə məcbur olacaqdır. Millətin fikrindən sinfi məsələlər çıxacaq. Bir ziddiyyət və bədbinlik oyadacaqdır. İnsanların hürriyyət və səadət arzulayanları, millətlərə tərəqqi və mədəniyyət diləyənlər bunu nəzərdə tutmalı, Azərbaycan türk xalqının siyasi və sinfi hürriyyətinə mümanəət yaratmamalıdır”.

Mirzə Bala ideologiya, məram etibarilə bir-birinə zidd mövqeyə malik siyasi firqələrin AXC əleyhinə yaxınlaşmasını, eyni məqsəd uğrunda mübarizəyə qoşulmasını anlamadığını bildirirdi. Sosialistlərlə ittihadçıların siyasi maska taxaraq işbirliyi həyata keçirmələri M.B.Məhəmmədzadənin “İstiqlal” qəzetinin 18 yanvar 1920-ci il tarixli sayında dərc olunmuş “Cümhuriyyətmi, diktatorluqmu?” sərlövhəli məqaləsində geniş şərhini tapmışdır. Məqalədə yazılırdı: “Məmləkətimizi “Sosialist Cümhuriyyəti” halında görmək istəyən sosialistlər əzm ilə qəlbində mütatəfit fikri bəsləyən mühafizəkar “Şəriət istəriz” firqəsinin birləşməsi Azərbaycan yeni tarixi-milliyyəsinin qanlı və ağlar səhifəsini təşkil ediyordu. Zahira? bu iki biri-birinə zidd olan firqənin birləşməsinə qüvvətli bir əsas görünüyordu...

Çünki Denikin ilə Lenin öpüşürdü, çünki, Şaumyan ilə Amazasp qucaqlaşırdı,

Çünki, ittihad ilə sosialistlərin müttəhidən (birlikdə) hərəkət etməsi daşnaklar ilə kommunistlərin, bolşeviklər ilə monarxistlərin birləşməsindən başqa bir şey xatırlatmıyordu”.

Mirzə Bala AXC Parlamentində siyasi debatları izlədikcə, hər bir firqə nümayəndəsinin çıxışlarından süzülən mənanı, məkri, hiyləni duyduqca azad, müstəqil ölkənin özgə təsirləri, əsarəti altına düşmüş siyasətçisinin bədbəxt, mağmın halına acıyırdı. Müəllif həm ittihadçıların, həm də sosialistlərin demokratik cümhuriyyət quruluşu haqqında yanlış mövqedə olduğunu tənqid edərək məqalənin davamında duruma belə aydınlıq gətirirdi: “Əgər bu həqiqəti bilmiş olsa idilər həqiqəti cümhuriyyətçilər “İttihad” kimi bir firqə ilə koalision yapmazlardı. Ya əgər qəsdən bu ixtilafı yapmış olsa idilər cümhuriyyətçi degil, mütləqiyyətçi olduqlarını isbat edəcəklərdi.

İman ediyoruz ki, parlamentarizmə və cümhuriyyət fikri-mədəniyyəsi ilə ruhlanmış gənclər “İttihad” lideri Qara bəgin əhvali-hazırə haqqında verdigi bəyanı oxuyub da düşünərlər: vətənimizin başına nə kimi qorxulu, nə kimi istibdadlar hazırlandığını anlar, monarxistlər ilə blok tapmış liderlərindən bu barədə hesab tələb edib deyərlər ki, cümhuriyyətmi, və ya diktatorluqmu? Əgər cümhuriyyətçi isələr nə üçün parlamentarizməni kəndisinə bir əqsayi amal ittixaz etmiş firqəni yıxıb da diktatorluq qurmaq istəyən ilə koalisionda gediyorsunuz?”

Mirzə Balanın həm İttihad firqəsinin lideri Qara bəy haqqında, həm də sosialistlər haqqında uzaqgörənliklə söylədiyi fikirlər çox çəkmədi ki, özünü tamamilə doğrultdu.

Mirzə Bala Məhəmmədzadə və həmkarları İstiqlal bayramının bir illiyini böyük sevgi, coşğu və tənətənə ilə qarşılamışdı. 1919-cu ilin 28 Mayı Azərbaycanda el bayramına çevrilmişdi. Parlaman küçəsinin yuxarı hissəsində Alaqapı düzəldilib, küçəboyu rəngarəng bayraqlar asılmışdı. 7-10 yaşlı 30 nəfərədək türk uşaqlar kağız papaqlar, taxta silahlar, kiçik bayraqlar hazırlayıb təlim edir, “Şanlı vətən” mahnısını oxuyurdular. Evlərin eyvanlarından üçrəngli milli bayraqlar asılmışdı. İpək parçalar üzərində “Yaşasın istiqlal”, “Yaşasın Azərbaycan” şüarları hər yeri bəzəyirdi. Parlamentin üstündə “Yaşasın istiqlal” elektrik lampaları ilə yazılmışdı. “Qız qalası” üzərində üç alov, üç rəngli bayraq dalğalanırdı.

Mirzə Bala Məhəmmədzadə istiqlal bayramını seyr etdikcə fərəh hissi keçirirdi. Müstəqilliyinə qovuşmuş xalq böyük bir bayram təntənəsi yaşayırdı. Onun diqqətini xüsusi cəlb edən amillərdən biri qadınların, gənc qızların İstiqlal bayramına bəzənib gəlmələri və şənliklərdə fəal iştirak etmələri idi. O “Azərbaycan” qəzetinin 10 iyun 1919-cu il tarixli sayında çap etdirdiyi “Təhlükə və qadınlarımız” adlı məqaləsində 28 May bayramına münasibətini belə bildirirdi: “Azərbaycan Cümhuriyyəti təşkilini bir çox nəfərin hasili əməli bilənlərə və Avropa əfkari-ümumiyyəsini əleyhimizə qalxızmaq istəyənlərə millətimiz və zəhmətkeş Azərbaycan türk xalqı lazimi cavab verdi.

Hürriyyət bayramlarında, Qələ nümayişlərində, 31 mart tətilində intriqaçıların siyasi tətillərində xalqımızın göstərdiyi istedad nə qədər siyasi bir huşiyarlığa malik olduğunu və istiqlaliyyət fikrilə nə qədər sıx surətdə mərbut bulunduğunu isbat etdi.

28 Mayıs istiqlal bayramı isə keçənlərdən daha qiymətli və daha tarixi bir nümayiş olunmuşdu. Burada millət heyəti-ümimiyyəsilə erkəkindən qadınına, çocuğundan böyükünə qədər iştirak ediyordu. 28 Mayıs bayramı millətin yarısı olan qadınlarımızı da həyati ictimaiyyəyə dartmış, onların da canlı bir qüvvə olduqlarını isbat etmişdi.

Bunun daha əhəmiyyətli cəhəti bu idi ki, bu hiss, bu anlaqlığı türk qadınları xüsusi hazırlıq sayəsində degil, zamanın təsiri və kəndilərinin təbii dərrakələri, bərəkətilə kəsb etmişlərdi. Ona görə iman edirəm ki, bu gün üzərimizə gələn təhlükəni yalnız kişilərimiz degil, artıq intibaha başlamış qadınlarımız da hiss ediyorlar”.

Bayram təntənəsinin sədaları qulaqlardan getməmiş Mirzə Bala vətənin təhlükəsizliyi haqqında düşünürdü. Düşmənlərin məkrliyini, hiyləgərliyini görür, yaxınlaşan təcavüz aksiyasını hiss edir, istiqlalsevər insanları ayıq-sayıqlığa səsləyir. O, cəmiyyətin xüsusi bir qismi olan qadınları müstəsna qüvvə hesab edərək, məqalənin davamında onların köməyinə ehtiyac olduğunu vurğulayaraq yazırdı: “Bu gün gənclərimiz əskər surətində cəbhəyə gedir. Cəmaətimiz qocalarımız ilə ordusu, ehtiyat könüllü alayı yapıyor. Firqələrimiz, partiyalarımız bütün xüsusi firqə münaqişələrini unudaraq vətənin və istiqlaliyyətin müdafiəsi üçün mücahid və mübarizlər düzəltməgə məşğuldurlar.

Yazıçılarımız, mühərrirlərimiz bütün mahirlik və istedadlarını milləti ayıltmağa, vətən müdafiəsi hissi oyatmağa, dostunu və düşmənini tanımağa səy ediyorlar.

Natiqlərimiz xalqımızı ittihadə, birligə və hökumət ətrafına toplanıb Azərbaycanı qorumağa çağırıyorlar.

Bu təhlükə qarşısında qadınlar bütün qüvvələrini toplamalı, səfərbərlik halına gəlməlidirlər.

Təhlükənin acısını istibdad zamanı– martdan sentyabra kimi hiss etmiş, dadmış olan, xüsusən Bakı türk qadınları bilməlidirlər ki, imdiki təhlükə keçənkindən daha böyük əsarət və vəhşət gətirir. Əgər kişilərimizin silah başına qoşduğu bu vaxtda qadınlar da dəzgah başına, əsgərlərimizi arxadan təmin etmək işinə qoşmasalar tarix qarşısında, məsul və mədənilər qarşısında yenə “vəhşi” görünərlər.

...Əgər 28 May nümayişini Bakı türk qadınları heç bir təşkilat tərəfindən, hazırlıq olmadan icra etdisə ümidvarıq ki, bu işdə qadınlar cəmiyyəti tərəfindən hərəkət olunsa qadınlarımız atil (tənbəl, ətalətli--A.R.) qalmazlar. Öz gənc və zərif qüvvələrilə gənc vətənimizə böyük xidmət edərlər”.

Mirzə Bala Məhəmmədzadənin Azərbaycan qadınlarının anadolulu və istanbullu bacılarından ibrət alaraq əsgərliyə gedən gənclərimiz üçün arxa cəbhədə onlara hərbi geyim hazırlamaları haqqında təşəbbüs qaldırması o dövr üçün cəsarətli təklif idi. Əslində, bu təklif cəmiyyəti milli birliyə, bütövlüyə doğru aparan yolun başlanğıcı idi. Qadınların hüquq bərabərliyini təmin edən təşəbbüs idi. Xanımların, anaların Vətən və İstiqlal yolunda öz töhfələrini vermələrinə çağırış idi. Bu sözlər əsrlərlə formalaşmış mühafizəkar düşüncələrin dağıdılmasına yönəlmiş, qadın azadlığının pərvəriş tapmasına xidmət edən, uzaqgörənliklə söylənilmiş müraciət idi.

Xalqımız və dövlətçiliyimiz üçün tarixi məqamlarda Mirzə Bala Məhəmmədzadənin təklifləri, təşəbbüsləri, tövsiyələri yetərincə əsaslandırılmış, məntiqli və uzaqgörənliklə söylənilmiş düşüncələr olur.

M.B.Məhəmmədzadə yaradıcılığında, publisistik fəaliyyətində təhsil məsələsinə də böyük önəm vermiş, milli mədəni və mənəvi problemlərin həlli yollarının məktəbdən, maarifdən keçdiyini xüsusi vurğulamışdır. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə universitet açmaq, milli kadrlar yetişdirmək məsələsi həm parlamentin, həm də mətbuatın gündəliyində qızğın müzakirələrə səbəb olmuşdur. Bu məsələnin tərəfdarları olduğu kimi, əleyhdarları da mövcud idi. Hər kəs öz məntiqini doğru hesab edirdi. Xüsusilə belə bir fikir qabardılırdı ki, “Bu universitet türk tələbələri üçün deyil, başqa millətlərdən ötrü açılır”. Çünki, Azərbaycan türkcəsini bilən professorlar, yüksək səviyyəli mütəxəssislər yoxdur. Dərslərin rus dilində aparılması Azərbaycan türkləri üçün çətinliklər yaradacaq.

Mübahisələrin qızğın çağında Mirzə Balanın “Azərbaycan” qəzetinin 1919-cu il 9 iyul tarixli sayında çap etdirdiyi “Darülfünun haqqında” adlı məqaləsi problemə yanaşma tərzi baxımından diqqət çəkir: “Türk tələbələri arkadaşlarının əsas rəyləri olan “milli” darülfünun fikrinə şərikəm və onu da etiraf ediyorum ki, bu rus professorlarının böylə həvəslə çalışması rusluğu yeritmək, rus mədəniyyətini yapmaq üçündür.

Darülfünun mütləqa ... türkcə olmalıdır. Başqa şöbələri olmasa da, ədəbiyyat və tarix şöbəsini türkcə aparmaq çətin deyildir. Bunun olaca-ğına ümid vardır.

…Gənclərdən, tələbələrdən fəal millət və xəlq xadimləri vücudə gətirmək üçün hökumət tələbələrimizin milli tərbiyəsinə ciddən əhəmiyyət verməlidir. İstər Bakıda, istər Avropaya göndəriləcək indiki dilsiz tələbələrimizdən ana lisanını, milli tarix və ədəbiyyat bilməsi tələb olunmalıdır. Bu olmazsa millət onun gətirəcəyi elmdən əsla fayda görməz”.

Mirzə Balanın bir az sərt və konkret olaraq toxunduğu milli dildə tədris problemi o dövr üçün mürəkkəb, müşkül və eyni zamanda əhəmiyyətli məsələ idi. Müstəqil dövlətin milli məfkurəsinin tərəqqisi üçün milli dilin cəmiyyətin işlək insiyyət vasitəsinə, həyat tərzinə çevirmək, milli ruhu yüksəltmək zəruri idi. Millilik Mirzə Balanın qanında çağlayır, ruhunda pərvəriş tapır, amalında, məfkurəsində ideala çevrilmişdir. Eyni dəyərləndirmə müstəvisindən yanaşdıqda onun Cümhuriyyət Hökumətinin xarici ölkələrdə təhsil almaq üçün göndərməyə hazırlaşdığı tələbələr haqqında da baxış və tövsiyələri fərqlidir.

M.B.Məhəmmədzadə “Azərbaycan” qəzetinin 29 yanvar 1919-cu il tarixli sayında çap olunmuş “Tələbələrimiz haqqında” sərlövhəli məqaləsində bu məsələ ilə bağlı yazırdı: “Üç sənə irəli Avropaya əsir bir ölkənin məhkum bir oğlu gedirdi. İmdi isə müstəqil bir hökumət halında bulunuruz. Həyatımız dəyişmiş, cərəyan və tələbatı da başqa hal almışdır. Bu gün istiqlalımızı təmin etmək və onun içərisində yeni bir həyat, mədəni bir dünya yaratmaq projesi cızılmışdır.

...Avropaya getmədən, mükəmməl ana dilini bilmək, milli tarix, milli ədəbiyyat, milli mədəniyyət və həyat haqqında məlumata malik olmaq lazımdır.

İstiqlaliyyətə kimi qayıdan tələbələrimizdə çox şeylər--nöqsanlar və bəlkə, həyatımız üçün “zəhərli” gördük.

İlyaslar “Alyoşa” oldular, Məhəmmədlər “Mişa” qayıtdılar. Vəlilərə “Vladimir” deyirdilər. Tələbələr evlənib gəldilər.

Milli həyat ilə yaşamadılar. Bununla da xəlqimizi “avropalılıqdan” ürkütdülər. Cəmaətimiz maarifi yanlış anladı, tərəqqidən qaldı”.

Mirzə Bala Avropaya, Amerikaya təhsil almaq üçün gedən tələbələrə yüksək tələbkarlıqla yanaşmaqda, onların milli ruhlu mütəxəssislər kimi yetişməsini arzulamaqda haqlı idi. Çünki, ölkənin müstəqilliyi elan edilsə də, dövlət quruculuğu sahəsində ilk addımlar atılsa da, ayrı-ayrı insanlar, hətta parlament üzvlərindən bəziləri milli ruhdan uzaq, müstəmləkə psixologiyasının daşıyıcıları idi. Cəmiyyətin elitar təbəqəsinin müəyyən hissəsinə rus düşüncə tərzi hakim idi. Xalq tarixi-siyasi aspektdə təəbəlik, köləlik zəncirindən xilas olsa da, müəyyən insanlar nökərçilik psixologiyasından tam azad olmaqda çətinliklər çəkirdi.

Mirzə Balanın milli düşüncəni təbliğ etməkdə məqsədi müstəqil Azərbaycan Cümhuriyyətini vətəndaşlara daha yaxından tanıtdırmaq və sevdirmək idi. O xalqının və dövlətinin azad, işıqlı gələcəyini görürdü, çalışmalarını, fəaliyyətini bu istiqamətə həsr edirdi. Müəllif milli ruhun cəmiyyətin bütün sferalarında yüksəlişinə nail olmağın vacibliyini, zəruriliyini vurğulayaraq yazırdı ki, milli ordumuzun gənc zabitləri əsgərlərə təlim verərkən onlara türkçülük və azərbaycançılıq hissi aşılamalıdır. Əsgərlərimiz bilməlidir ki, məqsədimiz hürriyyətimizin qorunmasını təmin etmək və bu azadlıq sayəsində mədəniyyətimizin inkişafına nail olmaqdır. Eləcə də ziyalılarımız, gənclərimiz, tələbələrimiz bilməlidir ki, onların yardımına daha möhtac olan bir cəmiyyət, bir xalq vardır. Mədəniyyəti inkişaf etdirməklə yeni həyata doğru, demokratiyaya doğru irəliləmək hər bir xalqın arzusudur.

Mirzə Balanın yetərincə mükəmməl səslənən, “Azərbaycan istiqlaliyyəti arzu edən türk gəncləri, türk xalqı”na ünvanladığı bu düşüncələri AXC dövrünün nazirlərindən eşidilməyən, amma qədərincə düşünülmüş mədəniyyət konsepsiyasıdır. O, mədəniyyət ideyasını “Azərbaycan” qəzetində çap etdirdiyi “Hökumət və teatro məsələsi” adlı məqaləsində də xüsusi vurğulamış, bu sahədə müşahidə edilən ətalətə, ləngliyə, bürokratizmə, qeyri-peşəkarlığa sərt, kəskin münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mirzə Bala Məhəmmədzadənin siyasi motivdə narahat duyğularının nikbin notlar üzərində gəzişmələrini andıran sonuncu məqaləsi milli istiqlalımızın bolşevik istilasına məruz qalmasından dörd gün əvvəl “Zaman və xətti-hərəkət” adı ilə “İstiqlal” qəzetinin 1920-ci il 23 aprel tarixli sayında nəşr edilmişdir. Cümhuriyyət bayramına bir aydan çox vaxt qalsa da, yazı Azərbaycan istiqlalının ikinci ildönümü münasibətilə qələmə alınmışdır. Fikirdə düşüncədə bayram əhval-ruhiyyəsi hiss olunmasa da müəllif keçilən bir il on bir aylıq ağrılı, əzablı yolları xatırlayaraq yazırdı: “Bir aydan sonra Azərbaycan istiqlalının ikinci sənaye-dövriyyəsi tamam olacaqdır. Bir il on bir ay bundan iləri mayisin 28-ində 1918-inci il bir xalq cümhuriyyəti elan etmişdir.

Bu böyük tarixi həqiqətdən sonra təşkil edilən hökumətlər, Bakı uğrunda aparılan mübarizələr və axıdılan qanlar həpsi Şurayi-Millinin elan və qəbul etdirdiyi bu əsaslı prinsiplər üzərinə qurulmuşdur…

Xalqın bu arzusuna, Şurayi-Millinin əsaslarına sadiq qalaraq Azərbaycan kabinələri parlaman qarşısında təntənəli surətdə “İstiqlalı göz bəbəyi kimi qorumağı” vəd edirkən yalnız parlamanın deyil, bəlkə, ümum Azərbaycan türk xalqının alqışına nail olmuşlardı.

...Millətin göstərdiyi əzm və səbat hökumətin ibraz etdiyi sağlam və möhkəm siyasət sayəsində idi ki, biz cahan etirafına belə nail olduq və istiqlalımızın fəal təsdiqini təntənəli surətdə bayram saxladıq. İstiqlalımız ilə əlaqədar olan o böyük günləri millət qətiyyən unutmayacaqdır”.

Mirzə Bala vətən, istiqlal, demokratiya üçün təhlükənin yaxınlaşdığını hər kəsdən öncə duyur, uzaqgörənliklə düşüncələrini, qənaətlərini oxucular ilə bölüşmək niyyətinə düşür. O istiqlalçılar üçün Cümhuriyyət bayramının ildönümünü bir ay önə çəkirdi. Bəlkə də hissləri ona bu bayramın baş tutmayacağını xəbər verirdi.

Mirzə Bala “Zaman və xətti-hərəkət” məqaləsini çap etdirəndə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna cəmi dörd gün qalmışdı. Hələ hərbi təcavüzə, istilaya, məğlubiyyətə dörd gün var idi. Hələ ümumi düşmənlərə, istiqlal əleyhdarlarına qarşı vətən oğullarının birləşmək fürsəti vardı. Lakin, “milli” solların solaxay addımları gənc cümhuriyyətin uçuruma yuvarlanma tempini sürətləndirirdi. Həyatını, taleyini Azərbaycanın müstəqilliyi ilə əbədi bağlayan insanlar üçün azadlıq itkisi ömrə bərabər idi. Millətin mühüm, taleyüklü məqamlarında, ekstremal vəziyyətdə zəruri qərarlar qəbul etməli olan millət vəkillərinin məzar sükutu heyrət doğururdu.

1920-ci il aprelin 27-də Azərbaycan Məclisi-Məbusanının sonuncu fövqəladə gecə iclası başlanır. Hökumətin bolşeviklərə təslim edilməsi təklifindən narazı qalan müsavatçılara cavab olaraq sosialistlərin sırasından “qocaman bayquşun zəhərli səsi” (C.Cabbarlı) eşidilir. Azərbaycan Cümhuriyyətinin Parlament üzvü Səmədağa Ağamalıoğlu heç nə baş verməyibmiş kimi özünəməxsus ironiya ilə deyir: “Bu təklifdən qorxmaq lazım deyil. Demək olar ki, burada təhlükəli bir şey də yoxdur. Deyək ki, təklif edən türk qardaşımız deyil, Poqos və ya başqa bir adamdır. Nə deyə bilərsiz? Onlar indi deyir: “Sür dərəyə”, biz də gərək sürək”.

Hər bir istiqlalçı, vətənpərvər, millətsevər üçün bu izahatın, cavabın gülünclüyündən əlavə, adında və soyadında “ağa” sözü gəzdirən, lakin, ağayanalıqdan uzaq məclisi-məbusan müməssilinin, parlament üzvünün, firqə rəhbərinin yaltaqlıqla yoğrulmuş sayıqlamalarında bolşevik bosslar və poqoslar qarşısında qul, nökər psixologiyasının açıq etirafı təəccüb doğurmaya bilmir. Özlərini millətinin “ağa”sı hesab edənlər, özgələrə nökərçilik xidmətlərini sədaqətlə yerinə yetirdilər, poqosların “Sür dərəyə” işarəsi ilə beynəlxalq aləmdə tanınan Azərbaycan Xalq Cümhuriyyətini uçuruma apardılar, dərəyə sürüklədilər.

İstiqlalçı düşərgə qardaş qanının tökülməsinə yol verməmək naminə zorun, şər qüvvələrin, qırmızı terrorun qarşısından geri çəkildi, demokratiyaya sədaqətin qurbanlarına çevrildi. Yurdsevər Azərbaycan türkləri üçün 1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə qatı zülmətin çuğladığı “vərəmli bir gecə” (C.Cabbarlı) idi. Qədim və zəngin mədəniyyətə malik bir xalqın taleyi, Şərqin ilk Xalq Cümhuriyyəti bir gecənin içində qaranlığa, yalana, riyaya bürünən bir boşluğa yuvarlandı.

Mirzə Bala Məhəmmədzadə və Cəfər Cabbarlı Cümhuriyyət Parlamentinin həyəcanlı son iclasını kağıza köçürməkdə, bəlkə də, ilk dəfə çətinlik çəkirdilər. Çünki bir azdan “Qırmızı qaranlıqlar” (Ə.Hü-seynzadə) dövrü başlanırdı.

Asif RÜSTƏMLİ,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu mətbuat tarixi
və publisistika şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında