Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı demişdir: “Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir. Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir.”
Söz yox ki, bu uğurlar sırasında Azərbaycanın beynəlxalq mədəni əlaqələri də əhəmiyyətli yer tutur. Son 15 ildə bu sahədə qazanılan uğurların miqyası çox genişdir. Cənab Prezidentin uğurlu mədəniyyət siyasəti beynəlxalq mədəni əlaqələrimizin də davamlı inkişafını təmin etmiş, milli-mənəvi dəyərlərimizin xariçi ölkələrdə təbliği, ölkələr arasında mədəniyyətlərin qarşılıqlı tanıdılması istiqamətində məqsədyönlü iş aparılmasına imkan yaratmışdır. Amerikanın, Avropanın, Asiyanın, demək olar ki, əksər dövlətlərində milli mədəniyyətimiz təbliğ olunur, bu ölkələrdə Azərbaycan mədəniyyəti günləri, festivallar, rəsm sərgiləri keçirilir. Bir-birinin ardınca ABŞ-da, Fransada, İtaliyada, Yaponiyada, Küveytdə və Çində keçirilən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər böyük rezonans doğurmuşdur. Bu gün uzaq Amerikada Azərbaycan muğamı səslənir, Fransada bizim milli mədəniyyətimizə maraq ildən-ilə artır. Xarici ölkələrin incəsənət həvəskarları bu mədəniyyətin sahibi olan Azərbaycanla tanışlıq üçün turist kimi ölkəmizə üz tuturlar. Beynəlxalq təşkilatlar da Azərbaycanın mədəni irsinə xüsusi maraq göstərir.
Müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri, mədəniyyətlərarası dialoqun ən uğurlu vasitə kimi qəbul olunduğu müasir qloballaşma şəraitində ümumdünya mədəni proseslərdə ölkəmizin nüfuzunun artması ilə yanaşı, Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun məkanı kimi tanınıb.
On illiyini qeyd etməyə hazırlaşdığımız “Bakı prosesi” Azərbaycanın mədəni nailiyyətlərinin dünyada tanıdılmasında çox əhəmiyyətli rol oynayıb. Azərbaycanda dörd dəfə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında dünyanın müxtəlif qitələrindən olan dövlət və hökumət rəhbərləri, mədəniyyət nazirləri, görkəmli ictimai-siyasi xadimlər Bakıda toplaşaraq dünyanın qlobal problemlərinin həlli yollarını axtarır, mədəniyyətlərarası dialoqun bu prosesdə əhəmiyyətli rol oynaya biləcəyini beynəlxalq aləmə bəyan edirlər. Ümumiyyətlə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına böyük təkan verir, xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırır.
"Eurovision-2011" beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gənclərin – Eldar və Nigar duetinin qələbə qazanması Azərbaycanın ifaçılıq sənəti tarixində çox əlamətdar bir hadisəyə çevrildi. 2012-ci ildə bu möhtəşəm beynəlxalq müsabiqənin Bakıda keçirilməsi isə ölkəmizin beynəlxalq aləmdə nüfuzuna çox güclü təsir göstərdi. Azərbaycan həm İslam dünyası dövlətləri ilə, həm də digər ölkələrlə sıx mədəni əməkdaşlıq həyata keçirir.
Muğam sənətimizin dünyada təbliği sahəsində görülən işlər də diqqətəlayiqdir. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın Almaniyanın paytaxtı Berlin şəhərində, Böyük Britaniyanın Qlazqo şəhərində (Şotlandiya) verdikləri konsertlər Azərbaycan musiqisinə bu ölkələrdə böyük maraq olduğunu bir daha təsdiq etdi.
Son illər ərzində uşaq musiqi məktəbi, incəsənət və rəssamlıq məktəblərinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri bir sıra xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə – festival, müsabiqə və sərgilərdə uğurla iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə” 20 aprel 2007-ci il
tarixli, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 6 oktyabr 2008-ci il tarixli sərəncamlar imzalayıb. Azərbaycan Milli Kitabxanası bir sıra xarici ölkələrdə milli mədəniyyətimizin, kitabxana işi sahəsində qazanılmış uğurların təbliğatçısına çevrilmişdir.
2007-ci ilin noyabrında Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasəti: keçmişə əsaslanaraq, gələcəyin formalaşdırılması” mövzusunda təşkil olunmuş İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin V konfransında “Müsəlmanların İnkişaf və Sivilizasiya Missiyası üçün Mədəni həmrəylik strategiyası”, “Üzv dövlətlərdə aparılan mədəniyyət siyasətinin yeniləşməsi və beynəlxalq dəyişikliklə uyğunlaşdırılmasına dair Fəaliyyət Planı” və digər mühüm sənədlər imzalanmışdır.
Azərbaycanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2008-ci ildə Bakıda İSESCO və UNESCO ilə birlikdə «Mədəniyətlərarası dialoqda qadınların roluna dair I Beynəlxalq konfrans”ın keçirilməsi təşəbbüsü böyük rəğbətlə qarşlanmışdır. Konfransın mühüm qərarları arasında İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransının 2009-cu ildə Bakı şəhərində keçirilməsi və Bakının 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi də oldu. “Bakı–İslam Mədəniyyətinin Paytaxtı – 2009” mədəniyyət ilinin 2009-cu il fevralın 18-də açılışı olmuş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İSESCO-nun baş direktoru Ə.Q.Əl-Tuveyeri və başqaları çıxış etmişlər. İl boyu davam etmiş proqram çərçivəsində 100-dən çox milli və beynəlxalq tədbir keçirilmişdir.
Mədəniyyət ili ərzində Bakıda “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. Konfransda 40 ölkə və 17 beynəlxalq təşkilatdan nümayəndələr iştirak etmişdi. Konfransın qəbul etdiyi qətnamədə işğal edilmiş Azərbaycan ərazilərində İslam irsinin məhv edilməsinə səbəb olan vandalizm hərəkətləri pislənilmiş, BMT-nin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən dərhal və qeyri-şərtsiz yerinə yetirilməsi tələb olunmuşdu. Tədbirdə İslam ölkələri mədəniyyət nazirləri konfransına sədrliyin iki il müddətinə Azərbaycan Respublikasına keçməsi, İslam Mədəniyyəti Paytaxtları proqramının davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu.
Azərbaycan prezidenti İlham Əliyev UNESCO ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlət başçısı bu mötəbər təşkilatla qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq hələ 2005-ci ilin sentyabrında xüsusi sərəncam imzalamışdır. Bu addım iki tərəf arasında əməklaşlığın daha da genişlənməsinə, ölkəmizin, təşkilatın xətti ilə keçirilən proqram və layihələrində daha fəal iştirak etməsinə təkan vermişdir.
Dövlətimizin mədəniyyət siyasətində əsas prioritet sahə maddi və qeyri- maddi irsin qorunmasıdır. Bu, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Dövlətimiz xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması, onların dünyada öz adı və ünvanı ilə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparır. Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycanın bir sıra maddi və mənəvi sərvətləri artıq UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.
Milli- mənəvi dəyərlərimizin dünyada təbliği sahəsində görülən işlərin miqyası getdikcə genişlənir. Bu, deməyə əsas verir ki, son 15 ildə həyata keçirilən mədəniyyət siyasəti öz bəhrəsini verməkdədir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.