“Azərbaycan kinosu 120: Tarixi, bu günü və inkişaf perspektivləri”

Dünya kinosunun tarixi 1895-ci ildən başlayır. Fransız Lümer qardaşlarının dünya mədəniyyətinə bəxş etdiyi bu ecazkar sənət bəşər mədəniyyəti tarixinə çox qiymətli töhfə idi. Azərbaycan isə üç il sonra ilk filmlərin çəkildiyi məkan oldu. 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlər nümayiş etdirilməyə başladı. Amma uzun illər bu tarix milli kino sənətimizin yarandığı gün kimi qeyd olunmadı. Kinomuzun tarixi İbrahim bəy Musabəyovun əsəri əsasında rus rejissoru Boris Svetlovun ekranlaşdırdığı “Neft və milyonlar səltənətində” əsəri ilə başlayırdı. Bəs nədən 1898-ci il? Bu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımovun uğurlu axtarışları nəticəsində meydana çıxdı. Aydın müəllim müsahibələrinin birində deyib ki, sənədli kino tədqiqatçısı Məsumə Rzayevanın kitablarının birində 1898-ci ildə Bakıda sənədli kino süjetlərinin göstərilməsi ilə bağlı məlumatla rastlaşmışam. Arxivdən o vaxtkı “Kaspi” qəzetini tapıb, əsl həqiqəti də oradan üzə çıxardım.

Müəyyən olundu ki, Bakıda göstərilən ilk kinosüjetlər fransız fotoqraf və nasiri A.M.Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını, Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” (sənədli), “İlişdin”(bədii) süjetləri olmuşdur. Aydın müəllim hətta həmin süjetlərin göstərilmə tarixini əks etdirən afişanı da əldə edə bilmişdi (2 avqust, 1898-ci il). Bununla da Azərbaycan kino tarixinin yaranması vaxtı dəqiq müəyyənləşdi və həmin gün ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunmağa başladı.

Azərbaycan kinosu tarixi inkişaf yolu keçmişdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə həmin cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyon səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə isə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.

1918-ci ildə Azərbaycanda yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Xalq Cümhuriyyəti hökuməti incəsənət və xüsusən kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi. Məhz həmin marağın nəticəsi idi ki, kino işçiləri dövlətin himayəsinə götürülməyə başlandı.

 Xalq Cümhuriyyəti illərində kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını və sərhədlərimizin necə qorunub saxlanmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, hökumətin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər göstərilirdi.

 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq “Təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra isə “Forum” kinoteatrlarında nümayiş etdirildi.

 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu. Beləliklə, Azərbaycanda sovet dövrü başladı. Bu hadisədən sonra kino istehsalı sovet ideologiyasının təbliğinə yönəldildi.

 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s. kinoteatrlar var idi. 1924-cü ildə AFKİ-nin ikiseriyalı “Qız qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxarıldı.

Azərbaycanda milli rejissor və aktyor kadrlarının hazırlanması üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada təhsil almışdılar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Şevçenko, N.M.Şengelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorlar, eləcə də, Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder kimi məşhur kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır. 1961-ci ildən isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır. Ümumiyyətlə, Azərbaycan kinosunun yaranmasında və təşkilatlanmasında C. Cabbarlının müstəsna rolu olmuşdur.

Azərbaycan SSR-də kinematoqrafın inkişafına təsir edən bir neçə amil mövcud idi. Kadr problemi yaşanan dövrlərdə Rusiyanın məşhur kinematoqrafçıları Azərbaycan filmlərinin çəkilişinə cəlb olundular. Bu proses milli kadrların yaranmasına təsirsiz ötüşmədi. Həmin dövrdə dünyada məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna azərbaycanlı gənclər də təhsil almağa göndərilirdilər. Səməd Mərdanov, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Mikayıl Mikayılov, Tofiq Tağızadə, Niyazi Bədəlov, Əjdər İbrahimov bu təhsil ocağının azərbaycanlı məzunları olmuşlar.

Kino çəkilişləri isə davam etməkdə idi. Ötən əsrin 20-30-cu illərində “Bismillah”, “Vulkan üzərində ev”, “Hacı Qara” kimi kino əsərləri, eləcə də, öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. Biz, əlbəttə, kino tariximizdən danışarkən sənədli filmlərin istehsalını da unutmamalıyıq. Bu filmlərdə bu gün də bizim canlı tariximiz yaşayır.

30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də, tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s. 1935-ci ildə Azərbaycanda ilk səsli film çəkildi. “Mavi dənizin sahilində” adlanan filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillovdur. Onu da xatırladaq ki, 1930-cu ildə çəkilən “Qızıl kol” (rejissor Beybolat Askarov) filmində ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi kimi işləmişdi. İlk cizgi filmimizin yaranması da bu dövrə təsadüf edir.

 1939-cu ildə ekranlara “Kəndlilər” filmi çıxarıldı. Bu ilk ali kino təhsili almış kinorejissor Səməd Mərdanovun filmi idi. “Kəndlilər” həmin dövrdə Moskvanın peşəkar rejissorlarının filmləri ilə bir sırada dayanırdı.

Artıq kinomuzda peşəkar rejissor, operator, səs rejissoru, rəssam və bəstəkarlar işləməyə başlamışdılar. Azərbaycan kinosuna şöhrət qazandıran, “bütün xalqların və bütün dövrlərin filmləri” adını qazanmış “Arşın mal alan” (rejissorlar Nikolay Leşşenko, Rza Təhmasib, 1945) və “O olmasın, bu olsun” (rejissor Hüseyn Seyidzadə, 1956) filmləri milli kinomuzun dünyada tanınmasında mühüm rol oynadılar. Qeyd edək ki, sonralar “Arşın mal alan” SSRİ Dövlət mükafatına layiq görüldü.

1950-80-ci illər kino sənətimizin tarixinə intibah dövrü kimi düşdü. “Bəxtiyar”, “Görüş” , “Uzaq sahillərdə” kimi filmlərimizdə kinomuza yeni aktyor nəslinin gəldiyi təsdiqləndi. “Bir cənub şəhərində” filmində kinorejissor Eldar Quliyev öz debütünü yaratdı.

 Həsən Seyidbəyli (“Bizim Cəbiş müəllim”, “Nəsimi”), Arif Babayev (“Gün keçdi”, “Uşaqlığın son gecəsi”), Şamil Mahmudbəyov (“Şərikli çörək”), Hüseyn Seyidzadə (“O olmasın, bu olsun”, “Dəli Kür”), Tofiq Tağızadə (“Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”), Eldar Quliyev (“Babək”), Kamil Rüstəmbəyov (“Axırıncı aşırım”), Rasim İsmayılov “Sizi dünyalar qədər sevirdim”), Teymur Bəkirzadə (“Yol əhvalatı”) kimi rejissorlar milli kinomuzun inkişafında mühüm rol oynamışlar. Azərbaycan kinosunda uşaq filmlərinin ən yaxşı nümunələrini kinorejissor Əlisəttar Atakişiyev yaratdı. “Bir qalanın sirri”, “Sehrli xalat” kinolentləri bu gün də uşaqlarımızın sevə-sevə baxdıqları kino əsərlərindəndir.

Kinorejissor Rasim Ocaqov professional kinooperator kimi bir neçə filmdə işləmişdi. Kino tariximizdə rejissor kimi də onun xidmətləri böyükdür. “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “İstintaq”, “Ölsəm, bağışla”, “Qətldən yeddi gün sonra” , “Təhminə”, “Həm ticarət, həm ziyarət” filmləri müasir kinonun yeni nümunələri idi. Bu filmlərdə sadə insanların obrazları ilə imperiyanın eybəcərliyi kinematoqrafik dildə nümayiş olunub.

 Bizim kino tarixində qiymətli cizgi filmləri, müxtəlif kinojurnallar da çəkilirdi. “Mozalan” satirik kinojurnalının bədii və sənədli süjetləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı.

80-ci illərin sonlarından başlayaraq milli kinomuzda çox ciddi problemlər yarandı. Xüsusilə SSRİ-nin dağılmasından sonra, digər respublikalarda olduğu kimi, Azərbaycan kinosu da ciddi böhranla üzləşdi. Vahid mərkəzdən maliyyələşmənin dayandırılması nəticəsində respublikalar kinostudiyalarını iflic vəziyyətə düşmüşdü.

Milli kinematoqrafiyanın inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu xüsusi olaraq vurğulamaq lazımdır. Ulu öndər incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirirdi. Heydər Əliyev çıxışlarında Azərbaycan kino xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını diqqətə çatdırırdı.

Bu illər ərzində ulu öndərin genişmiqyaslı titanik fəaliyyətinin kinoya gətirilməsi ilə, təkcə Azərbaycan rejissorları deyil, mərkəzi studiyaların kinorejissorları da filmlər çəkmişlər. Kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri onlar arasında daha diapozonlu, daha əhatəlidir. Xüsusilə, “Həqiqət anı” filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və 12 seriyada nəzərdə tutulmuş “Heydər Əliyev” (onlardan 9-u çəkilmişdir - “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında” , “Bir həsədin tarixi”, “Professional”, “Patriot”) filmi ümumxalq marağına səbəb oldu. Bu filmlərda dahi siyasət xadimi, ulu öndər Heydər Əliyevin canlı obrazı dayanır. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin “Əsrin sazişi” filmində öz əksini tapmışdır.

Müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunələri müasir kinonun yeni nümunələridir.

Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu: Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosu sınmadı, dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bildi.

Son dövrlərdə dövlət sifarişi ilə ildə 5-6 tammetrajlı bədii film çəkilir. Bu filmlərin rejissorları arasında təcrübəli kinematoqrafçılarla yanaşı, gənclər, yeni imzalar da var.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdır. Rejissor Gülbəniz Əzimzadənin çəkdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.

Son illər yaradılan filmlərimiz beynəlxaq festivallarda uğurla nümayiş etdirilir, yüksək mükafatlara layiq görülür. “Nar bağı” (rejissor İlqar Nəcəf), “Qırmızı bağ” (Mirbala Səlimli), “İçərişəhər” (İlqar Safat), “Çölçü” (Şamil Əliyev), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül), “Üçüncü günün adamı” (Babək Şirinsifət), “Qara bağ” (Amil Məmiyev) və başqa filmlər dünyanın nüfuzlu festivallarında nümayiş olunmuş və mükafatlar qazanmışdır. Bunlar, əsasən dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən lentlərdir.

 Bu gün milli kinomuz yeni inkişaf mərhələsini yaşayır. Yeni filmlər çəkilir, kadr problemi qismən həll olunur, filmlərimiz beynəlxalq festivallara göndərilir. Amma problemlər hələ də qalmaqdadır. İlk növbədə ssenari problemi həll olunmalıdır. İdeyaca zəif, məzmunca aktual olmayan ssenarilərin qəbuluna yol vermək olmaz. Nazirlik bu istiqamətdə bir neçə layihə reallaşdırır. Belə ki, vaxtilə Bakıda və regiolarda fəaliyyət göstərən kinoteatrların əksəriyyəti fəaliyyətini dayandırıb. Regional kinoprokat idarələri məhv edilib. Ümumiyyətlə, bu gün kinonun ən ciddi problemlərindən biri prokat məsələsidir. Dövlət Film Fondunda filmlərimiz mühafizə olunub saxlanılır. Lakin bu da məsələnin tam həlli demək deyil. Yeni prokat sistemi yaradılması, regionlararası kinoprokat idarələrinin bərpa olunması vacib məsələdir. Uşaqlar üçün məxsusi ssenarilər yazılmalıdır.

Regionlarda yeni Azərbaycan filmlərinin yüksək səviyyədə premyerasını təşkil etmək vacib məsələdir. Ümumiyyətlə, repertuar siyasəti hələ də düzgün qurulmur. Mətbuatda həftə ərzində göstəriləcək filmlərin repertuarının dərc olunması çox vacibdir.

Bir sözlə, kino sənəti incəsənətin ən əhəmiyyətlisidir. O da xüsusi qayğı və diqqət tələb edir. Dövlətimiz isə bu qayğını əsirgəmir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında