Dahi bəstəkar Qara Qarayevin 100 illiyinə

Respublikanın Xalq artisti, professor, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin (bu çap məhsulu hazırlanarkən nazirlik  hələ ayrılmamışdı) dəstəyi ilə ərsəyə gələn “Qara Qarayev – 100” plakatında Üzeyir Hacıbəyov adına ( Qara Qarayevin  yaşadığı dövrdə Konservatoriyanın adı belə idi) Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Qara Qarayevin sinfini bitirmiş görkəmli sənət adamlarının fotosu və konservatoriyanı hansı ildə bitirməsi barədə məlumatlar toplanılıb.

Tofiq Bakıxanov bu dəyərli təşəbbüsü barədə danışarkən dedi:  “Mən  həmin təklifi irəli sürəndə qarşıdan görkəmli müəllimim Qara Qarayevin 100, mənim isə onun sinifini bitirməyimin 50 illiyi gəlirdi. Düşündüm ki, bu plakat ustadımın xatirəsinə məndən bir hədiyyə olsun.

Hələ ötən əsrin 70-80-ci illərində Moskvada görkəmli bəstəkarlar deyirdilər ki, SSRİ-də ən güclü bəstəkarlıq məktəbləri Moskvada və Bakıda formalaşıb. Əlavə edirdilər ki, Azərbaycan bəstəkarlıq məktəbinin yüksək səviyyədə olması dahi sənətkarlar Üzeyir bəy Hacıbəyov və Qara Qarayevin adı ilə bağlıdır. Mən xoşbəxtəm ki, Üzeyir Hacıbəyovun qarşısında yoxlama xarakterli çıxış etmişəm, Qara Qarayevin isə bəstəkarlıq sinfini bitirmişəm.

Qara Qarayev, sözün həqiqi mənasında, görkəmli bəstəkar və böyük müəllim idi. Onun tələbələrindən ikisi – Rauf Hacıyevlə Arif Məlikov SSRİ Xalq artisti, biri-
akademik  Arif Məlikov, 11-i isə – Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Vasif Adıgözəlov, Musa Mirzəyev, Oqtay Zülfüqarov, Sevda İbrahimova, Elza İbrahimova, Vladimir Şainski (Moskva), Polad Bülbüloğlu və Firəngiz Əlizadə  (siyahı xronoloji ardıcıllıqla tərtib edilib) Xalq artisti, professordur.

Qara müəllimin 60-dan çox tələbəsi bu gün dünyanın çox böyük coğrafiyasında fəaliyyət göstərir və onun adına layiq uğurlara imza atırlar. Bu gün Adil Bəbirov Kanadada, Afaq Cəfərova Türkiyədə, Fərəc Qarayev Moskvada, İsmayıl Hacıyev ABŞ-da, Arif Mirzəyev Almaniyada, Rüstəm Rüstəmzadə Moskvada, Yaşar Xəlilov Naxçıvanda, İbrahim İsmayılov Türkiyədə fəxrlə dilə gətirirlər ki, mən Qara Qarayevin bəstəkarlıq sinfinin məzunuyam. Bolqar türkü olan Nihat Osmanov və tacikistanlı Rəcəb Allahyarov da məxsusi olaraq Qara Qarayevin sinifində oxumaq üçün Bakıya gəlmişdilər. İndi hər ikisi tanınmış bəstəkardır”.

Tofiq müəllim qeyd etdi ki, “Rezonans” nəşriyyatında 800 tirajla işıq üzü görən bu plakat ölkənin bütün musiqi tədris ocaqlarına –  Milli Konservatoriya və Bakı Musiqi Akademiyasına, Naxçıvan Dövlət Universitetinin  musiqi məktəbinə, orta musiqi məktəblərinin hamısına, eləcə də, Türkiyə, İran İslam Respublikası və Şimali Kipr Türk Cümhuriyyətindəki dostlarımıza göndəriləcək. Bəstəkar əlavə etdi ki, Qara Qarayevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi qayğı və diqqətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilməsinin göstəricisidir.

Əfsanə ƏHƏDLİ,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında