“Cümhuriyyət” zalının açılışı olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsinə əsasən, Azərbaycan İstiqlal Muzeyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə mayın 24-də tədbir – sərgi keçirilməsi nəzərdə tutulur.

2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin yeni qurulmuş “Cümhuriyyət” zalının açılışı və Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə hazırladığı “Azərbaycan Xalq Cümhuriyyətinin”, “Qafqaz – İslam Ordusunun” 100 illiyi ilə əlaqədar sərginin açılışı, 40 ədəd fotoşəkilin nümayiş etdirilməsi planlaşdırılır.

Tədbirdə azərbaycanlı rəssam E lşən Hacıyevin muzeyə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixi təqdim olunacaq.

Yeni qurulmuş zalda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən 70 ədəd fotoşəkil , sənədli materiallar və üçrəngli bayrağın ideya müəllifi Əli bəy Hüseynzadənin muzeyə hədiyyə olunmuş şəxsi əşyaları nümayiş etdiriləcək.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin nümayəndələri və Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçıları iştirak edəcəklər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında