Hacıkənddəki tarixi abidədə kitabxana açıldı

Gəncənin Hacıkənd qəsəbəsi hər gün gözəlləşir, öz görkəmini dəyişir. Qəsəbənin əvvəlki şöhrətini özünə qaytarmaq üçün xeyli vaxtdır ki, burada geniş abadlıq-quruculuq işlərinə başlanılıb.

Hacıkənddə XIX əsrə aid yerli əhəmiyyətli 4 tarixi abidə var. Bunlar Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və Rus Pravoslav kilsəsidir. İstifadəsiz qalan bu binalarda təmir işləri həyata keçirilir.

Rus Pravoslav kilsəsinin bərpası isə artıq yekunlaşıb. 1893-cü ildə inşa edilmiş və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət edən kilsə binası, bundan sonra kitabxana kimi fəaliyyət göstərəcək.

Gəncə Şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bildirib ki, 1956-cı ildən fəaliyyət göstərən 17 saylı filialın 14 368 kitab fondu var. Oxucular burada Azərbaycan dilində olan nəşrlərlə yanaşı, xarici yazarların əsərlərini də tapa bilərlər. Kitabxananın fondundan qəsəbə sakinləri ilə yanaşı, bura gələn yerli və xarici turistlər də faydalanır ki, bu da yay aylarında oxucu sayının artmasına səbəb olur.

Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialının binasının açılışında iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq işləri bundan sonra davam etdiriləcək. Burada olan Qubernator dəftərxanası, Qubernatorun və Forer qardaşlarının evlərinin də təmiri yaxın vaxtlarda yekunlaşacaq. Ərazidə “Nizami Gəncəvinin sələfləri və xələfləri” parkı salınıb, otel kompleksinin tikintisində son tamamlama işləri gedir.

Hacıkənd qəsəbə sakinlərinin müraciətlərini dinləyən şəhər icra hakimiyyətinin başçısı bildirib ki, otelin istifadəyə verilməsi qəsəbənin turizm imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da xidmət edəcək.

Hacıkənddə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısına və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirən sakinlər bir sıra təkliflər də irəli sürüblər. Gəncə-Hacıkənd marşrut xəttinin açılması, qəsəbədə olan tibb məntəqəsinin təmiri, ərazidə yeni ATM-lərin quraşdırılması və sair təkliflərlə bağlı qurum və təşkilatlara müvafiq təşkilatların rəhbərlərinə göstərişlər verilib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında