Bu torpağın aşiqi

Ulu Şahdağın ətəyində səfalı bir kənd var – Urva kəndi. Urva kəndinin urvatlı nəsillərindən biri də Bağırovlar nəslidir, sadə, zəhmətkeş və nəcib insanlardan ibarət bir nəsil...Torpağın dilini bilən və torpaqla öz dilində danışan bu nəslin Bağır adında yurdsevər bir ağsaqqalı olub, Bağır kişinin ocağı başında öz yurdunda, ətraf mahallarda belə işgüzar əmək adamı kimi tanınan Tağı kişi yetişib və nəslin şərəfli estafetini haqqında söz açdığımız övladı Mayıla ötürüb... Babası Bağırın və atası Tağının xeyirxah əməllərini, işgüzar və fədakar keyfiyyətlərini həyat amalı kimi əxz edən, çalışdığı vəzifələrdə nümunəvi fəaliyyəti ilə seçilən Mayıl Bağırov təkcə Qusarda deyil, ətraf rayonlarda da vətənpərvər ziyalı və el ağsaqqalı kimi tanınır.

Mayıl müəllim qırx yaşında qəflətən dünyasını dəyişmiş atası Tağı və təkbaşına on övlad böyüdüb boya-başa çatdıran “Qəhrəman ana” Anabacı haqqında danışanda kövrəlir, üzündə qəm qarışıq sevinc, həsrət rəngli ışıq cilvələnir, ata-ana haqqını itirməyən vəfalı övlad obrazı kimi gözümüzdə ucalır...

Anabacı ana balalarını necə əziyyətlə, halallıqla ərsəyə gətirib və onları uşaqlıqdan əməyi, Vətəni, xalqını sevmək ruhunda tərbiyələndirib. Bəzən çətinliklər qarşısında gizlincə gözünün qarasını sıxsa da, böyük bir külfətin – altı oğul, dörd qız uşağının ağır yükünü zəif çiyinlərində daşısa da, sınmayıb və əyilməyib. Hər bir dərdə kişi kimi dözüb, mətanət nümayiş etdirib. Balalarını oxutdurub, ev-eşik, ailə, oğul-uşaq sahibi edib.

Urva kənd orta məktəbini bitirib Azərbaycan Kənd Təsərüffatı İnstitununa daxil olan gənc Mayıl qaynar tələbəlik illərinin ilk günlərindən professor-müəllim heyətinin dərin hörmətini qazanmışdı. O, institunun ictimai həyatında yaxından iştirak edir, həm fakültənin divar qəzetində, həm də institutun çoxtirajlı “Kadr uğrunda” qəzetinin səhifələrində maraqlı məqalələrlə çıxış edirdi.

Mayıl Bağırovun üçüncü kursda ikən tələbə elmi cəmiyyətinə üzv seçilməsi onun qarşısında yeni üfüqlər açdı.

Onun bir tələbə kimi nəinki respublikamızda, eləcə də Sovetlər Birliyinin müxtəlif şəhərlərində keçirilən tələbə elmi cəmiyyətlərinin konfranslarında etdiyi məruzələri yüksək qiymətləndirilir, diplom və başqa qiymətli hədiyyələrlə mükafatlandırılırdı.

İyirmi bir yaşında ikən alim-aqronom diplomu ilə Qusar və Xaçmaz rayonlarında aqronom, baş aqronom, elmi işçi vəzifələrində çalışmağa başladı.

Mayıl müəllim xatirələrində yazır: “İndiyədək həyatda nə qazanmışamsa, nəyə nail olmuşamsa ilk növbədə rəhmətlik atama və anama borcluyam. Təsəvvür edin, uzun illər rayonda sovxoz direktoru, meşə təsərrüfatı müəssisənin müdiri, XDS-də icrakom sədri, icra hakimiyyəti başçısının müavini, respublika Nazirlər Kabinetində baş məsləhətçi və digər məsul vəzifədə işləmişəm və işlədiyim vəzifələrin hər bir məqamında mehriban, gülərüz, qayğıkeş və bacarıqlı təsərrüfatçı kimi şöhrət tapmış atam Tağı kişinin ruhu mənə mayak olub, onun işıqlı həyatı yollarıma nur çiləyib, mən də bu işığa, bu nura bələnib həmişə öyünmüşəm.

Heç yadımdan çıxmaz, 1987-ci ildə 39 yaşında Qusarda XDS İcraiyyə Komitəsinin sədri işlədiyim ilk günlərdə ucqar bir kəndə getmişdim. Ağsaqqalların yığışdığı gur bir yerdə camaatla görüşüb, özümü təqdim edəndən sonra onların gün-güzaranları ilə maraqlandım.

 Məni adicə “rayispolkom” kimi qarşılayan ağsaqqallar Tağı kişinin oğlu olduğumu eşidəndə təzədən görüşüb hal-əhval tutdular, qucaqlayıb, bağrına basdılar. Bax, həyatda belə anları yaşamaq insan üçün necə də şərəflidir. Mən onda qət etdim ki, atamın nəcib əməllərini, gözəl insani keyfiyyətlərini şərəflə davam etdirməliyəm.

Ürəyimi riqqətə gətirən o cür görüşlərdə Bağırovlar nəslinin nüfuzunu qaldırmağın vacibliyi qəlbimə hakim kəsilib.Bu missiyam göstərilmiş ehtimadı ləyaqətlə doğrultmaqla, daim məsuliyyət hissini, cavabdehlik missiyasını artırmaqla həyata keçə bilərdi. Burada düzgün mövqe, mənəvi təmizlik, halallıq, başlıcası isə dövlətçiliyə sadiqlik önəmli rol oynayırdı və müdriklərin “Nəfsə hakim olan dünyaya hakim olar” deyimi həyat devizimə çevrildi...”

Ot kökü üstə bitər, – deyiblər. Təbiətə, başlıcası isə halal zəhmətə bağlılığı və vurğunluğu Mayılı uşaqlıqdan kənd təsərrüfatı mütəxəssisi olmağa sövq edib. Kiçik yaşlarından zəhmətə alışıb. Əkin-biçin, bağçılıq və digər işlərdə ailə üzvlərinə həmişə dəstək olub, kömək göstərib. Torpağa sevgi, məhəbbət, halallıq onun qanında-canında olub...

Yeri gəlmişkən, onu da əlavə edim ki, 1984-cü ildə Qusar Rayon Partiya Komitəsinin birinci katibi Sultan Hacıbalayev sovxoz direktoru Mayıl müəllimi yanına çağırıb yaxşı işinə görə onu “Əməkdə fərqlənməyə görə” medalına təqdim etmək istədiyini bildirir. Mayıl müəllim təklif edir ki, ona verilməsi üçün nəzərdə tutulan medalın təsərrüfatda işləyən əmək qabaqçıllarından birinə verilməsi daha məqsədəuyğundur. Amma katib sözündə qəti idi və bir daha israr edir ki, mükafatla sovxoz rəhbəri təltif olunmalıdır. “Uzun mübahisə”dən sonra mükafatın qabaqçıl təsərrüfatçı-fəhlə Feyzəbani Qaraxanovaya verilməsi qərara alındı ki, bu da “közü həmişə öz qabağına çəkmək istəyənlərə” ibrət dərsi idi...

Mayıl Bağırovun bacarığı, təşkilatçılığı, səriştəli və qurucu rəhbər olması ilk dəfə 1981-ci ildə Qusarın ən iri toxumçuluq təsərrüfatı sayılan “ Partiyanın XXIII qurultayı” adına sovxoza direktor təyin olunandan sonra üzə çıxdı. 33 yaşlı gənc burada çalışdığı 7 il ərzində doğma kəndini, rayonunu respublikada şöhrətləndirə bildi. Direktor kimi o vaxt çoxlarının mümkünsüz hesab etdiyi bir çox sosial problemlərin həllinə nail oldu: Urvaya qaz kəməri çəkdirdi, idarə binası, uşaq bağçası, hamam inşa olundu, kənd abadlaşdırıldı. Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə əzəmətli abidə kompleksi ucaldıldı, Urva Palasa kəndində 10 yaşayış evi tikildi. Kəndə 4 kilometrlik yol çəkildi, əhalinin içməli suya olan tələbatının ödənilməsindən ötrü yeni kəmər istifadəyə verildi. Urva kəndinin, demək olar ki, bütün tikinti-abadlıq işləri Mayıl müəllimin sovxoza rəhbərlik etdiyi vaxtlarda həyata keçirildi, iqtisadi cəhətdən möhkəmlənən sovxoz geniş tikinti meydanına çevrildi.

Qısa müddətdə bir təsərrüfatda bu qədər tikinti-abadlıq işlərin aparılması görünməmiş hadisə idi. Mətbuat, radio və televiziya buradakı quruculuq işlərini geniş işıqlandırdı. Təsərrüfat Ümumittifaq “Cinstərəvəz” toxumçuluq sistemi tərkibinə daxil olduğundan iş təcrübəsi ilə artıq Sovetlər Birliyi səviyyəsində maraq doğurdu. Təsərrüfat qazandığı nailiyyətlərə görə “Yüksək mədəniyyət və nümunəvi ictimai asayiş sovxozu” fəxri adına layıq görüldü. Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin fəxri diplomu ilə mükafatlandırıldı.

1987-ci ildə Mayıl Bağırov Qusar rayon XDS İcraiyyə Komitəsinin sədri kimi məsul vəzifəyə irəli çəkildi. Bu vəzifədə də Mayıl müəllim yeni uğurlara imza atdı. Müsahibələrindən birində oxuyuruq: “Fəxr edirəm ki, icraiyyə komitəsinin sədri işlədiyim dövrdə Qusarda yeni konserv zavodu işə salındı, avtovağzal tikildi, şəhərdə kanalizasiya sistemi quraşdırıldı, 1100 nəfərlik məktəb istifadəyə verildi. Qusardan kəndlərə gedən onlarca kilometr yola asfalt döşəndi.17 kənddə dəyirman tikildi. Hil, Urva kimi iri kəndlərdə isə su təchizatı yaxşılaşdırıldı, ayrı-ayrı kəndlərdə qazlaşma işi sürətləndirildi, fermerlər üçün 30 yaşayış evi inşa edildi. “Hər kəsə fərdi mənzil” proqramının müəlliflərindən biri oldum”.

1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu alim – aqronom diplomu ilə bitirən Mayıl Bağırov 1991-1994-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil almaqla politoloq ixtisasına da yiyələnmişdir. Kənd təsərrüfatının inkişafında Mayıl müəllimin xüsusi xidmətləri olduğu kimi, qazandığı biliklərdən bacarıqla istifadə edərək, Sovetlər dönəminin son dövrlərində, fəsadlarla dolu “yenidənqurma” illərində də siyasi fəallığı ilə seçildi.

Mayıl müəllim deyir ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev məktəbinin yetirməsi olan ziyalı kimi mən də baş verən proseslərdən kənarda qala bilməzdim. “Qayğı və tələbkarlıq” Heydər Əliyev idarəçilik məktəbinin əsas prinsipi idi. O məktəbin kadrı kimi gecə-gündüz ümumi iş üçün mübarizə aparırdıq. O vaxtlarda respublika Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsində çalışırdım. Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə qayıdışı ilə ölkə parçalanmaq, məhv olmaq təhlükəsindən qurtuldu.Milli münasibətlərdə tarazlıq, ahəngdarlıq yaradan qanunlar, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların barabər hüquqlarına təminat verən Konstitusiya qəbul edildi. Möhtərəm Prezidentimizin respublikanın ləzgi ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşləri, Qusar Ləzgi Dövlət Dram Teatrının, Sabir adına Bakı Pedaqoji Texnikumunun Qusar filialının açılması, respublika radiosu ilə ləzgi dilində verilişlərin səsləndirilməsi, orta məktəblərdə doğma dilin tədris edilməsi süni milli problem yaradanları tərksilah etdi”.

Mayıl Bağırov 1972-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin nəzdində kolxoz və sovxozlar üçün istehsalatdan ayrılmadan rəhbər kadrlar hazırlayan birillik kursu, 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda “Müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması” ixtisasartırma kursunu bitirdi.

Azərbaycanın müstəqillik qazanması ilə bağlı olaraq Mayıl Bağırov bir sıra digər vəzifələrdə çalışmalı oldu. Lakin harada işləməsindən asılı olmayaraq, əvvəlki şövqlə, təşəbbüskarlıq və yaradıcılıq əzmi ilə fəaliyyət göstərdi. Bu keyfiyyətlər rayon meşə təsərrüfatının müdiri işləyəndə bir daha qabarıq nəzərə çarpdı. Meşələrin talan edilməsinin qarşısını almaq məqsədi ilə direktor burada yeni nəzarət sistemi yaratdı.Yardımçı və tingçilik təsərrüfat fəaliyyətlərini canlandırdı.Yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar həmin təsərrüfatdan rayonun idarə və təşkilatlarına, təhsil ocaqlarına təmənnasız olaraq minlərlə müxtəlif növ ting verildi. Respublikada ilk dəfə olaraq Şərq çinarı, Sərv, Eldar şamı, Küknar, Kolvarı jasmin yetişdirildi. Qusar şəhəri ətrafında Həzrə, Girig, Uqur və başqa kəndlərdə çay sahillərinin məhsuldar torpaqları yuyub aparan sel sularına qarşı dərin və möhkəm köklərə malik ağaclardan xüsusi qoruyucu zolaqlar yaradıldı...

Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən olan Mayıl Bağırov Qusar rayonunda bu partiyanın yerli təşkilatlarının yaradılmasında çox böyük fəaliyyət göstərib.

Deyirlər ki, insan doğulduğu torpağa bənzəyir. Mayıl Bağırov Qusar torpağının Vətənimizə bəxş etdiyi Azərbaycan ziyalılarından biridir. O, bütün varlığı ilə doğulduğu torpağın oğludur və sözün həqiqi mənasında, torpağa bağlı adamdır. Nədənsə, mən onu başqa sahədə təsəvvür edə bilmirəm. Elə bilirəm o, dünyaya torpaq aşiqi kimi gəlib.

Mayıl müəllimin elmə münasibəti, elmi dəyərləri yüksək qiymətləndirmək bacarığı onun həyat amalına çevrilmişdir, onda torpağa, elmə, insanlara qəribə bir can yanğısı var, torpaqşünaslıq sahəsində rayon və respublika mətbuatında dərc olunmuş onlarca elmi məqalənin müəllifi kimi hamını Vətən torpağını sevməyə səsləyir.

Ömrünün 70 yaşını haqlayan Mayıl müəllimin yeganə dərdi işğal altında inləyən Qarabağdır, bu dərd ixtiyar yaşında olan bu ziyalının yuxusunu ərşə çəkib.Torpaq dərdi, torpaq həsrəti üzür onu.

Hələ Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyərkən onun rəhbər işçi və ehtiyatda olan zabit kimi bir qrup ziyalı və konsert briqadaları ilə cəbhə bölgələrinə etdiyi səfərləri və əsgər və zabitlərlə keçirdiyi görüşləri, bu görüşlərdə iblis donuna girmiş erməni daşnaklarına, onların başabəla ideoloqlarına qarşı barışmaz mövqe tutmağa, işğalda olan rayonlarımızı azad etməyə çağıran çıxışlarını unutmaq olmur.

14 oktyabr 1998-ci il tarixli “Bakinski raboçi” qəzetində respublikamızın bir qrup görkəmli ziyalı və hərbi xadiminin imzası ilə “Odun üstünə yağ tökənlərə aman verməyin!” başlıqlı geniş məktubu dərc olunmuşdu. Rusiya Federasiyasının Prezidenti B.Yeltsinə və doqquz MDB ölkəsi prezidentinə ünvanlanmış həmin məktubu imzalayanların arasında Azərbaycanda yaşayan milli azlıqların nümayəndəsi, Qusar Rayon İcra hakimiyyəti başçısının müavini M.Bağırovun da adı vardı. Müraciətdə deyilirdi ki, Ermənistanla Azərbaycan arasında əsassız torpaq iddiasına söykənən qanlı münaqişə Azərbaycana, burada yaşayan bütün xalqlara hədsiz məhrumiyyətlər gətirib, misilsiz faciələr doğurub. Rusiyanın silahını qeyri-qanuni yolla Ermənistana ötürənlər o silahı həm də bizə qarşı tuşlayırlar. Ancaq bu, o demək deyildir ki, biz özümüzə görə narahat oluruq.Bizi ABŞ, Rusiya, Turkiyə kimi vasitəçilərin, BMT və ATƏT kimi beynəlxalq təşkilatlarının köməyi ilə əldə olunmuş atəşkəsin pozula biləcəyi narahat edir. Qafqaza silah göndərilməsi səngiməkdə olan odun üstünə yağ tökməkdir.Məktub bu sözlərlə bitir: “İnanırıq ki, tək bizim deyil, həm də haqqın, ədalətin səsini eşidəcək və odun üstünə yağ tökənlərə qarşı amansız olacaqsınız”.

Bu mövqe Mayıl Bağırovun Vətənin ehtiyatda olan müsəlləh zabiti kimi torpaq uğrunda hər an döyüşməyə hazır olduğunu təsdiq edən xarakteridir.

Mayıl müəllim Vətəninə, elinə, obasına bağlı vətənpərvər ziyalı, eyni zamanda, son dərəcə alicənab ailə başçısı, qayğıkeş baba, müdrik ağsaqqal, xeyirxah insan, nəcib bir vətəndaşdır.Onun parlaq və mənalı həyatı müstəqillik yolunda inamla addımlayan respublikamızın sabahkı qurucuları olan gənclərimizə ən yaxşı örnəkdir. Mayıl Bağırov bu çətin və ağır vəzifəni çiyinlərində şərəflə daşıyır və bundan zövq alır.    

Mayıl Bağırovun çox sevdiyi bir deyim var,- ömrün də öz zirvələri olur. 70 yaş da ömrün kamilik, müdriklik zirvəsidir. Bu zirvədən hər yer çox aydın görünür və bu zirvəni hamı görür. Axı görünən dağa nə bələdçi, amma güman edirik ki, fəth olunmamış zirvələr hələ qabaqdadır.

Mayıl Bağırovu daha əzəmətli zirvələrdə görəcəyimizə inanıram!

Ramiz Qusarçaylı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında