Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı.
Heydər ƏLİYEV
Ümummilli lider
“Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” – deyən böyük filosof-şair Hüseyn Cavid (1882-1941) nə yazmışdısa vicdanının səsi ilə qələmə almışdır. Həyatın ən ağır sınaqlarına məruz qalan ədib ömrünün sonuna qədər uca məsləkinə sadiq qalmışdır: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir”.
Hüseyn Cavid mənalı yaradıcılıq yolu keçmiş, həqiqət, ədalət, mərdlik, gözəllik, vətənpərvərlik və insanpərvərlik kimi bəşəri keyfiyyətləri tərənnüm edən bədii nümunələr yaratmış və ədəbiyyat tarixində öz səsi, dəst-xətti ilə məşhurlaşmışdı. Təəssüf ki, Yaradanın xalqımıza bəxş etdiyi bu nadir istedad və uca məslək sahibinin yaradıcılığı uzun illər mübahisə və müzakirələrə səbəb olmuş, əsərləri barədə bir-birinə zidd fikirlər söylənmişdir. Onun yazıb-yaratdığı dövrün siyasiləşmiş ədəbi tənqidi müxtəlif səbəblər üzündən Cavid sənətinin sirlərini yetərincə şərh edə bilməmişdir.
Hər bir əsəri müstəqil bir hadisə olan Cavidin mövzu dairəsi çox geniş olmuşdur. Əslində, Cavid yaradıcılığı Şərqin fəlsəfi və bədii fikir dünyasını dərk etməyin növbəti mənbələrindən biri idi. Bu zəngin və nadir ədəbi xəzinəni dərindən anlamaq üçün Şərqin ictimai-fəlsəfi, ədəbi-bədii fikrini dərindən öyrənmək lazımdır. Çünki Hüseyn Cavid yaradıcılığında yalnız milli deyil, Şərqin və Qərbin sintezini əks etdirən bəşəri fakt və hadisələr də geniş əksini tapmışdır.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında güclənən romantik ədəbi cərəyanın tanınmış təmsilçilərindən biri kimi Hüseyn Cavid poetik kimliyini belə bəyan etmişdi:
Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm.
Zəmanəsinin qüdrətli romantik qələm ustası olan Hüseyn Cavid poetik yaradıcılığına lirik-romantik əsərlərlə başlamış, aşiqanə şeirlərində dünyaya və insanlara ülvi gözəllik meyarı ilə baxmışdı:
Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da.
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Hüseyn Cavid ədəbi yaradıcılığa belə lirik şeirlərlə başlasa da, 1910-cu ildən dramaturgiya janrına müraciət edərək birpərdəli “Ana” pyesini yazmışdır. Şair-dramaturq həm lirik, həm də dram əsərlərində insan həyatının tənzimini, ağlın və əxlaqın rolunu romantik-fəlsəfi baxımdan həll etməyə çalışmışdır. Şairin romantizmini izah etmək baxımından “Şeyx Sənan” qiymətli bir örnəkdir. Azərbaycan ədəbiyyatında ilk tarixi mənzum dram olan bu pyes mövzu etibarilə ədəbiyyatda yeni bir hadisə, həm də H.Cavidin folklordan yararlanaraq ərsəyə gətirdiyi bir əsər idi. Sənətkar bu pyeslərin ardınca “Maral”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı”, “Telli saz”, “Şəhla” kimi 20-dən artıq dram əsəri yazmışdır.
Cavidşünasların yazdığına görə, ədibin əsərlərinin ilk tamaşaları 1920-1923-cü illərdə olmuşdu. 1924-1926-cı illərdə isə onun dramları yeni quruluşda səhnəyə qoyulmuşdu. Bu illərdə Azərbaycan teatrının pərdələri çox vaxt “Şeyx Sənan”la, “İblis”lə açılmışdı. Lakin o dövrün ədəbi tənqidi Cavidin əsərlərində hakim ideologiya baxımından müəyyən ideya qüsurları görmüşdülər. “İblis” və “Uçurum” əsərləri isə daha çox mübahisə və müzakirələrə səbəb olmuşdu. “İblis”in məfkurə cəhətdən sağlam olmadığı iddia edilmişdi.
1930-cu illərdə isə Cavidin haqsız tənqidinin miqyası durmadan genişlənmişdi. Əzəli, əbədi həqiqətlərə sadiq qalan azad ruhlu şair sosialist inqilabından, sovet rejimindən, inqilab tarixindən deyil, öz romantik təfəkkürünün ifadə etdiyi mövzulardan, türk və islam dəyərlərindən, klassik məsələlər üzərində köklənən Azərbaycan məfkurəsindən yazdığı üçün bolşevik tənqidçilərin hücumları ilə qarşılaşmalı olmuşdu. Onun əsərlərinin qəhrəmanları o zaman dəbdə olan ədəbi məhkəmələrdə mühakimə edilmişdi. Sovet hakimiyyətinin diktə etdiyi tənqid get-gedə Hüseyn Cavidə qarşı daha sərt mövqedə dayanmış, bu hücumlar getdikcə daha mürtəce xarakter almışdı.
Bu dövr ədəbi tənqidi H.Cavidi yeni cəmiyyəti, proletar inqilabını anlamamaqda, əsərlərinin üslubunda Azərbaycan varlığını ifadə edə biləcək ünsürün olmamasında təqsirləndirirdi. 1930-cu illərdə M.Ələkbərli və S.Şamilov kimi tənqidçilər Hüseyn Cavidi Azərbaycan həyatı ilə az maraqlanan və əməkçilərin mübarizəsinə yad olan əsərlər yazmaqda tənqid edirdilər. Dövrün proletar-marksist tənqidçiləri ədəbiyyata zorla sırınan saxta sosializm realizmi yaradıcılıq metodunu Hüseyn Cavid yaradıcılığında görə bilmədikləri üçün ittihamlarını gündən-günə sərtləşdirirdilər.
H.Cavid yaradıcılığını düzgün qiymətləndirən Mustafa Quliyev, Hənəfi Zeynallı, Abdulla Şaiq kimi tənqidçilər də tapılırdı. Abdulla Şaiqin “Cavidin “İblis” nam hailəsi haqqında duyğularım” (1925), Hənəfi Zeynallının “Peyğəmbər” haqqında mülahizələrim” (1926), “Şeyx Sənan haqqında mülahizələrim” (1926) adlı məqalələrində Cavidin yaradıcılığı, əsərlərinin məziyyətləri, sənətkarlıq xüsusiyyətləri haqqında müsbət fikirlər söylənirdi.
Abdulla Şaiq “Xatirələrim” kitabına daxil etdiyi “Hüseyn Cavid” adlı məqaləsində yazırdı: “Cavidin şah əsərləri, şübhəsiz, “Şeyx Sənan” ilə “İblis” faciələridir. Cavidin bütün əsərləri içərisində “İblis” qədər həyati və realist bir əsər yoxdur, zənn edirəm”. Abdulla Şaiq “fənalıqların simvolu” olan “İblis” əsərinin 1918-ci ilin Mart qırğınlarının acı təsirləri altında yazıldığını açıqlayırdı. Həmin yazıdan məlum olur ki, şairi erməni quldurlarının atəşlərindən təsadüf xilas edibmiş.
1937-ci ilin repressiya qurbanlarından olan tənqidçi-ədəbiyyatşünas Hənəfi Zeynallının “Peyğəmbər” haqqında mülahizələrim” adlı məqaləsində bir sıra tənqidi mülahizələrlə bərabər, Cavidin bir osmanlı ədəbiyyatı dəstpərvərdəsi, bir azərbaycanlı balası olduğu göstərilir, onun möhtəşəm və böyük mövzular üzərində düşündüyü, “Peyğəmbər” pyesini yaratması ilə hazırkı əsrin həqiqi bir oğlu olduğu vurğulanırdı. Hənəfi Zeynallı “İblis”, “Şeyx Sənan” kimi xalis romantik, “canlı və məharətli” bir əsər yazan şairin “Peyğəmbər”inin “zəif” tərəflərini tənqid etsə də, “Cavidin yaratdığı dil və üslubun Azərbaycandakı şair və ədiblərimiz üçün də ən müstəsna, ən zərif və narın dil” olduğunu, bu dilin təsirilə yaranacaq Azərbaycan türk ədəbiyyatının əmsalsız əsərlər meydana gətirə biləcəyini, bunun da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidməti olacağını söyləyirdi.
Məmməd Kazım Ələkbərli Azərbaycan ədəbiyyatının inkişaf yollarından bəhs edərkən Hüseyn Cavidin də yaradıcılığına toxunur, onun “Şeyx Sənan” əsərinin qiymətli bir dram olduğunu qeyd edirdi. Mustafa Quliyev isə Cavidin fəlsəfi görüşlərinə tənqidi yanaşsa da, şairin sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirir, bu böyük söz ustasının şeirlərinin musiqiliyi və gözəlliyi etibarilə Puşkin şeirini xatırlatdığını yazırdı.
H.Cavidin yaradıcılığı 1930-cu illərdə Mehdi Hüseynin, Mirzə İbrahimovun məqalələrində də təhlil edilmiş və qiymətləndirilmişdir. Sonrakı illərdə görkəmli ədəbiyyatşünaslar Məmməd Arif Dadaşzadə, Məmmədcəfər Cəfərov, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Əli Sultanlı dahi şair-dramaturqun əsərləri haqqında qiymətli fikirlər söyləmişlər.
Hüseyn Cavidin vaxtilə dərs dediyi tələbəsi həkim Dilşad Mehdiyeva müəlliminə vaxtilə edilən qərəzli münasibəti belə xatırlamışdır: “Şairə hücumda fəallıq göstərənlərin əksəriyyəti əslində əsl milli mədəniyyətdən, milli ədəbiyyatdan tamamilə uzaq, deyərdim ki, əqidəsi də şübhəli adamlar idi”. Belələri böyük şairin adını rəsmi dairələrdə də hallandırırdılar. Odur ki, Hüseyn Cavid də Azərbaycanın bir çox ziyalısı kimi Stalin repressiyasına tuş gəldi. 1937-ci ildə o, əvvəlcə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarıldı. Sonra isə Sibirə sürgün edildi, orada vaxtsız əbədiyyətə qovuşdu.
Stalinin ölümündən və şəxsiyyətə pərəstişin pislənməsindən sonra Cavid haqqında yenidən yazılmağa başlandı, qiymətli ədəbi irsi barədə elmi incələmələr aparıldı. Ölməz ədibin bir çox əsərləri nəşr edildi, haqqında obyektiv qiymət formalaşdı. Yazılan monoqrafiya və məqalələrdə onun Azərbaycan ədəbiyyatında tutduğu mövqe şərh olundu, bu böyük sənətkarın taleyi, sənəti, əsərlərinin mahiyyəti geniş təhlil olundu. Görkəmli sənətşünas Cəfər Cəfərov, akademik Məmmədcəfər Cəfərov, xalq yazıçısı Mirzə İbrahimov, professorlar Əli Sultanlı, Abbas Zamanov, Əkbər Ağayev, Orucəli Həsənov, Məsud Əlioğlu və başqalarının yazdığı əsərlər Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dolğun elmi mənbəyə çevrildi.
Hüseyn Cavid yaradıcılığını diqqətlə araşdıran professor Məsud Əlioğlu onun qüdrətli sənətkar, istedadlı dramaturq olduğunu vurğulayaraq, belə qənaətə gəlirdi: “Hüseyn Cavidin nəzərində həmişə iki növ insan dayanmışdır. Biri varlandıqca miskinləşən, xırdalanan və nəcib insani hisslərini itirən “yoxsul zənginlər”dir. Digəri isə imtiyazdan, var-dövlət əsirliyindən və altun hərisliyindən azad olmuş, qəlbən zəngin yoxsullardır”.
Professor Əli Sultanlı “H.Cavidin faciələri” adlı məqaləsində yazırdı ki, “Hüseyn Cavid orijinal təbiətə malik bir şair idi. Onun bir misrasını silmək, başqa bir misra ilə əvəz etmək mümkün deyildi, hətta dilinin imlasını dəyişdirmək belə böyük cəsarət tələb edirdi. Bütün bunlar Hüseyn Cavidin yaradıcılıq haqqında olan görüşlərindən irəli gəlirdi”. Akademik Məmmədcəfər Cəfərov da H.Cavidin yaradıcılığını geniş təhlil edərək, onun özünəməxsus şeir dili, üslub xüsusiyyətlərindən söhbət açırdı: “Cavid şeirində çox zaman xəyal, sevinc, kədər, ümid kimi psixoloji hallar, haqq, ədalət, həqiqət, zaman, məkan kimi mücərrəd anlayışlar da canlandırılıb şəxsləndirilir”.
Göründüyü kimi, Cavid düşünən və düşündürən bir şair idi. O, həm real həyatda gördüklərini, həm də ideal sayıb görmək istədiklərini qələmə alanda humanizm, üsyankar bir ruh, millət, hürriyyət məsələsinə münasibət, tarixi şəxsiyyətlərin taleyi kimi mövzulara özünəxas münasibət bildirirdi.
Nəhayət, 1982-ci ildə hələ sovet rejiminin hökm sürdüyü bir vaxtda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və köməyi ilə xalqımızın dahi şairi, nadir sənətkarı Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana gətirildi və dünyaya göz açdığı Naxçıvanda torpağa tapşırıldı. Müstəqilliyimizin ilk illərində isə ulu öndər böyük şairin əbədi uyuduğu məkanda onun məqbərəsini ucaltdırdı. O zaman müstəqil dövlətimizin qurucusu yeni epoxanın Cavidə münasibətini belə ifadə etdi: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub. Onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.
“Cahanı xilas edəcək iki böyük qüvvət var: gözəllik və məhəbbət” amalını bütün yaradıcılığı boyu təbliğ edən Hüseyn Cavidin milli və bəşəri dəyərlərlə süslənmiş qiymətli irsi onun adını dünya ədəbiyyatı xəzinəsini yaradanların sırasına əbədi həkk etmişdir.
Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.