Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Mayın 18-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova qonaqlara Beynəlxalq Muzeylər Günü haqqında məlumat verib. Bildirib ki, bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə ­
1977-ci ildə təsis edilib.

Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdən ibarətdir. Ş.Məlikova bütün dünyada bu günün geniş şəkildə qeyd edildiyini söyləyərək deyib ki,  bu il Beynəlxalq Muzeylər Günü “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilir. Bu istiqamətdə Azərbaycan Xalça Muzeyinin “Öz ilməni toxu” adlı interaktiv instalyasiya hazırladığını deyən natiq bildirib ki, muzeyin foyesində “zili” xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb: “Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. “Zili” onlardan biridir və ən qədim xalça növünə aiddir. Ziyarətçilərə xalçaçılığı bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində tədris etmək Azərbaycanın muzey sahəsində atılmış bu cür ilk interaktiv təcrübədir”.

Qeyd edilib ki, keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə ölkəmizdə ICOM-un Azərbaycan Milli Komitəsi təsis edilib.

Şirin Məlikova onu da diqqətə çatdırdı ki, 18 may Azərbaycan üçün acı bir tarixdir. Ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ilin bu günündə Ermənistan tərəfindən işğal edilib. Ümumilikdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğalı nəticəsində 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi, o cümlədən 22 muzeyi, 4 rəsm qalereyası erməni faşistləri tərəfindən dağıdılıb.

Direktor əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində işğal altındakı bütün torpaqlarımız azad ediləcək.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muzey işinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Nazir vurğulayıb  ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Qeyd olunub ki, son illər bu sahənin inkişafı ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb, muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Bu layihələrin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bizə böyük dəstək olur: “Muzeylər mənəvi dəyərləri toplayır, qoruyur və təbliğ edir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımından çox vacibdir”.

Nazir əlavə edib ki, indi muzeylərimiz günün tələblərinə uyğun, beynəlxalq təcrübədən yararlanaraq öz işlərini daha da gücləndirməli, ölkəmizin zəngin mədəni irsinin təbliğ edib tanıdılmasına öz töhfələrini verməlidir.

 Ə. Qarayev sonda bir daha Beynəlxalq Muzeylər Günü münasibətilə muzey işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıblar. Bu əlamətdar günün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilməsinin önəmi vurğulanıb.

Sonda Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya ICOM-un diplomları təqdim olunub.

Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizin bütün muzeylərində “Açıq qapı” aksiyası keçirilir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında