Muzeylər zamanın çağırışında

18 may Beynəlxalq Muzeylər Günüdür

Cəmiyyətin üzləşdiyi proseslər mədəniyyətə, mədəni irsə davamlı diqqət göstərmək zərurətini yaradıb . Gündən-günə güclənən inteqrasiya prosesləri etnomədəni, milli kimlik kimi dəyərlərin “laxlaması”, “silinməsi” ilə müşayiət olunur ki, bu da mədəni müxtəlifliyin tədricən itirilməsinə gətirib çıxara bilər.

Bu gün cəmiyyətdə və mədəniyyətdə baş verən transformasiya ilə əlaqədar “mədəni irs” məhfumu daha geniş məna kəsb edir. Mədəni irs çərçivəsinə yalnız maddi obyektlərlə yanaşı, adət və ayinlər, bayramlar, şifahi ənənələr və nəsildən-nəslə ötürülən sənətkarlıq da daxil edilir. Mədəni irs haqqında yeni təsəvvürlər UNESCO-nun 2003-cü ildə qəbul etdiyi “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında” Konvensiyada öz dürüst həllini tapmışdır.

Keçmiş mədəniyyətlərin özünəməxsus modeli, eyni zamanda, varlığın mədəni forması olan muzeylər keçmişə “baş vurmağa”, öz tarixini müəyyənləşdirməyə imkan verir.

Bu mənada mədəni irsin muzeydə saxlanılması, interpretasiyası və təqdimatı məsələləri xüsusi aktuallıq kəsb edir. Onun keçmişin abidəsi kimi muzeydə saxlanılması ənənəvi haldır. Bu gün yalnız maddi deyil, mənəvi mədəniyyət abidələrinin saxlanılmasına, izahına və nümayişinə imkan verən mədəni irs saxlancı olan ənənəvi muzey fəaliyyətinin yönümünü dəyişməsi vacib məsələdir.

Hazırda muzeylərin müasirləşməsinin əsas tərkib hissəsi kimi mədəni irsin ­interpretasiyasına yeni yanaşmalar mövcuddur. Belə ki, muzeylər tədricən stasionar ekspozisiyalar və onlara əlavə edilən müvəqqəti sərgilər sistemi vasitəsilə təqdim olunan kollektiv təcrübəni yayımlayan muzey kolleksiyaları ilə məhdudlaşan modellərdən uzaqlaşır, milli ənənələri, yerli adətləri, inanc və digər dəyərləri aşkar edərək tanıdırlar. Bu isə, öz növbəsində, mədəni müxtəlifliyin dəstəklənməsinə kömək edir. Avropada muzey işi səhnəsində bu prinsiplərin həyata keçirilməsi üzrə liderlər Britaniyanın Viktoriya və Albert Muzeyi, Treyt Muzeyi, “Great Britain” Gəmi Muzeyi, Dizayn Muzeyi və digərləridir. 2001-ci ildə Viktoriya və Albert Muzeyinin qalereyaları XVI-XX əsrlərə aid zəngin əşya kolleksiyalarını interpretasiya etməklə, öz işlərini müxtəlif əşyaların yaranma tarixi, onların texnologiyaları, sifarişçi və istehlakçıları, xüsusi biliklərin müəllimdən şagirdə necə ötürülməsi, bu və ya digər üslubun necə təşəkkül tapması, nəhayət, bütün bunların həyat tərzinə və yaşayış səviyyəsinə necə təsir göstərməsinin üzərində qururlar.

Peşəkar ustalıq mərkəzləri kimi, ənənələri saxlayan muzeylərin əsas vəzifələrinə mədəni irsin dəstəklənməsi və inkişafı da daxil edilməlidir.

Fəaliyyət göstərən sənətkarlar, rəssamlar haqqında məlumat bazasının sistematik yenilənməsi muzeyə onlarla daimi əlaqə saxlamağa, açıq yerlərdə saxlanılan muzey əşyalarını bərpaya təqdim etməyə, muzeydə onların işlərinin geniş nümayişinə imkan verəcək.

Orhusda (Danimarka) AROS Bədii Muzeyinin ekspozisiyasında dəvət olunmuş rəssam tamaşaçıların gözü qarşısında işləyir. Belə layihələr bir neçə həftə davam edə bilər.

Peşəkar icma ilə əlaqə saxlayan muzeylərin əksəriyyəti “şifahi tarixə” müraciət edirlər. Onlar yalnız tanınmış xadimlərin deyil, sadə adamların da xatirə və müsahibələrini toplayırlar. Bu müsahibələr muzey toplusunun bir hissəsi olur. Məsələn, Treyt Missenden şəhərciyində (Böyük Britaniya) yerləşən Roald Dalın Ədəbi Yaradıcılıq Muzeyində tamaşaçılar monitorlarda tanınmış yazıçılarla müsahibələrə baxa və onların öz əsərlərini necə yaratmaları haqqında söhbətlərini dinləyə bilərlər.

Muzeyin ümumi mahiyyətini təqdim etmək üçün multimedia texnologiyalarından son vaxtlar daha fəal istifadə olunur. Bu məsələdə diqqət mərkəzində muzey kolleksiyaları deyil, onların interpretasiya olunması, ictimaiyyətə necə təqdim edilməsi, muzeyin tamaşaçılarla necə işləməsi durur.

Muzeyə müasir baxışların formalaşdırılması vacibdir, burada tamaşaçıların münasibətinə mühüm yer verilir. Britaniyalılar öz tamaşaçı auditoriyasını çox yaxşı tanıyır, əhalinin hər qrupu ilə düşünülmüş və məqsədyönlü iş aparırlar.

Tarixi əşyalarla yanaşı, ekspozisiyalarda muzeyin mövzusu ilə əlaqəli çoxsaylı tarixi personajlar meydana gəlir.Tarixi qəhrəmanlar tamaşaçının “həmsöhbəti”nə çevrilirlər. Burada tamaşaçı ilə muzeydə nümayiş olunan əşyaları yaradan və bu əşyalardan istifadə edən keçmişin adamları arasında özünəməxsus ünsiyyət yaranır, beləliklə də sanki onlar yenidən həyata qayıdırlar.

Məsələn, “Great Britain” Gəmi Muzeyinin göyərtəsində, onun yaradıcısı tamaşaçıları gəmi haqqında cəlbedici əhvalatlarla qarşılayır, sərnişinlərin qorunub saxlanılmış məktubları əsasında hazırlanmış söhbətlərini eşidirlər.

Bir məsələni də qeyd etmək istərdim. Belə ki, muzey ekspozisiyasının əsasını, onun kolleksiyasından olan əşyaları əhatə edən əfsanələr, əhvalatlar, əsatirlər təşkil edə bilər. Əşyalar, tamaşaçının onu necə qəbul etməsinə çox bağlıdır. Böyük Britaniyanın Mançester Bədii Qalereyasının yenidən qurulması dövründə muzey dörd il şəhərin yaş, sosial, mədəni və peşakarlıq səviyyəsinə görə icmalarını tədqiq etmiş, adamların muzeydən gözləntilərini, incəsənəti qavrayışlarını, kimlərin muzeyə gəlmədiklərini öyrənmişdir. Muzey açılanda isə o, artıq hər tamaşaçı ilə onun dilində danışmağa hazır idi.

Son vaxtlar muzeyin tamaşaçıya muraciət intonasiyaları da əhəmiyyətli dərəcədə dəyişmişdir. Bələdçi əvəzinə suallara cavab verən “mediator” (Lüksemburq Müasir İncəsənət Muzeyi) tamaşaçılarla ünsiyyətə girir. Hətta mətnlər də sual şəklində tərtib olunur. Muzeylər nüfuza deyil, təbii insan marağına istinad edirlər.

Britaniyanın “Teyt” Qalereyasında rəsmlərə tamaşa edərkən, onların yanında aktyorların, musiqiçilərin, futbolçuların bu əsəri nə üçün bəyəndikləri haqqında fikirlərini görmək olar. Bu isə ünsiyyətdə dostluq ab-havası yaradır.

Viktoriya və Albert Muzeyində bütün izahedici mətnlər “üçqatlıdır”: birincisi asan oxunur, ikincisi, diqqət tələb edir, üçüncü, düşünənlər üçündür. İzahedici mətnlərin bu sistemi Böyük Britaniyanın bir sıra digər muzeylərində də tətbiq edilir.

Beləliklə, muzeylər məna və təyinatının sərhədlərini genişləndirməklə ənənəvi saxlanc və mədəni irsin yayımçısı rolu ilə yanaşı, müasir sosial-iqtisadi proseslərin üzvi hissəsinə çevrilirlər.

Röya Tağıyeva,
sənətşünaslıq elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında