“Ədibin evi”ndə ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib

Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.

Ulu öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbiri açan Əməkdar artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün ulu öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib.

Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır və adı ilə tarix yazır.

Mərasimdə ulu öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib. Filmdə ümummilli
liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.

Filmin nümayişindən sonra Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə ümummilli liderin körpələrimizin sağlamlığı, təhsili, sosial və mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar və gənclərlə bağlı siyasətindəki bu qayğı və diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir.

Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib.

Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar.

Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında