Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Heydər Əliyev
Ümummilli lider
Ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlətimiz tərəfindən daim xüsusi qayğı göstərilir və bu da öz növbəsində ali məktəb kitabxanalarının işini müasir tələblərə uyğun qurmasına şərait yaradır. Söz yox ki, Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası da öz işini yeni tələblər səviyyəsində qurmağa çalışır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 5 iyul 2016-cı il tarixli “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” bizim kitabxananın fəaliyyətində də yeni istiqamətlər və vəzifələr müəyyənləşdirmişdir.
Kitabxanamız şərəfli inkişaf yolu keçmişdir. Belə ki, 1930-cu ildə Bakı Dövlət Universiteti kitabxanasının tibb ədəbiyyatı bazasında Azərbaycan Tibb İnstitutunun kitabxanası yaradılmışdır. Kitabxananın yaradılmasında, tibbi ədəbiyyatla təmin olunmasında, oxucuların informasiyaya olan ehtiyaclarının ödənilməsinin təşkilində görkəmli dövlət xadimi, professor Əziz Əliyevin zəhməti danılmazdır. O, yeni tibbi kitablar əldə etmək üçün Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Xarkovun bir sıra ali məktəbləri, tibb nəşriyyatları ilə müqavilələr bağlayırdı. Onun çoxsahəli fəaliyyəti, müstəsna xidmətləri bu gün də yad edilir.
Son illər ərzində elm və texnikanın bütün sahələrində olduğu kimi tibb sahəsində də Azərbaycan dilində və bir çox xarici dillərdə kitabların, dərsliklərin və jurnalların nəşri böyük vüsət almışdır. Universitetimizin alimlərinin əksəriyyəti dərs dediyi ixtisas fənlərinə dair dərslik, dərs vəsaitləri, metodik vəsaitlər nəşr etdirmişdir.
Kitabxanamızın fondunun zənginləşdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Heydər Əliyev Fondu tərəfindən kitabxanamıza xeyli sayda kitab bağışlanmışdır.
Kitabxana fondunun yeni ədəbiyyatla təchiz olunması məsələsi universitet rəhbərliyinin də daim diqqət mərkəzindədir və bu istiqamətdə əməli işlər görülür. Belə ki, Azərbaycan dilində olan tibbi ədəbiyyatla yanaşı, rus bölməsində oxuyan tələbələrin ehtiyacını ödəmək üçün ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə Əsaslı Kitabxanaya tədris proqramını əhatə edən, Moskvada son illərdə nəşr olunan tibbə dair yeni kitablar, dərsliklər alınmışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş elektron kitabxanaların yaradılması, kitabxana fondlarının yeni ədəbiyyatla zənginləşdirilməsi kimi tədbirlər elmi-informasiya təminatının daha da yaxşılaşdırılmasına xidmət edir. 2010-cu ildə kitabxana proseslərini avtomatlaşdırmaq məqsədilə universitet rəhbərliyi tərəfindən Rusiyadan “İRBİS-64” adlı elektron kitabxana layihəsi alınmışdır. Həmin layihə kitabxananın müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. 2012-ci ildən Azərbaycan Tibb Universitetinin internet saytında (www.amu.edu.az) “kitabxana” bölməsi – online kitabxana virtual oxucuların istifadəsindədir. Oxucular buradan kitabxana haqqında geniş məlumat ala, elektron kitabxana və kataloqdan istifadə edə bilərlər. 2012-ci ilin yanvar ayından AzKiK çərçivəsində ödənişi universitet rəhbərliyi tərəfindən aparılan http://search.ebscohost.com saytı internet istifadəçilərinin ixtiyarına verilmişdir. Əlavə olaraq oxucular http://webofknowledge.com, www.journals.cambrige.orq, www.eifl.net, www.boone.orq,www.iop.org/EJ kimi bəzi elektron bazalarından qısamüddətli açıq (free trial) şəkildə universitet daxilində internetə qoşulmuş bütün kompüterlərində istifadə edə bilirlər. Oxucular, həmçinin bu bazalardan http://amu.edu.az saytının kitabxana linkində elektron bazalar bölməsinə daxil olaraq geniş şəkildə istifadə edirlər. Kitabxanamız özünün “e-mail” poçtu ([email protected]) vasitəsilə də maraqlandığı təşkilatlar, cəmiyyətlər və şəxslərlə əlaqə saxlayır və bəzi xarici ölkə kitabxanaları ilə (Rusiya Dövlət Kitabxanası, Rusiya Dövlət Tibb Kitabxanası, Ukrayna Dövlət Kitabxanası, Ukrayna Dövlət Elmi Tibb Kitabxanası, Belarus Milli Kitabxanası, Belarus Respublikası Elmi Tibb Kitabxanası ) virtual mübadilə həyata keçirir.
Hazırda kitabxananın kitab fondu 630 min nüsxədən çoxdur. Hər il kitabxanamızdan 10 mindən çox oxucu istifadə edir və oxuculara 900 mindən çox kitab verilir.
Tədris proqramının geniş və çoxsahəli olduğunu nəzərə alaraq, tələbələrin xahişi ilə rektor G. Gəraybəyli 2016-cı ildən kitabxananın oxu zallarının saat 22.00-dək oxuculara xidmət etməsi üçün göstəriş vermişdir. Tələbələrin burada rahat oxumaları üçün hər cür şərait yaradılmışdır. Kitabxanamız, sözün əsl mənasında, tələbələrin doğma və sevimli məkanına çevrilmişdir.
Ziyafət Eminova,
ATU-nun Əsaslı Kitabxanasının direktoru, tarix elmləri üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.