Yaponiya Azərbaycan xalçaçılığına maraq göstərir

Mayın 14-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində Yaponiyanın “Xalça qalereyası” şirkətinin təsisçisi Katsumi Okuma və onu müşayiət edən heyətlə görüş olub.

Qonaqları səmimiyyətlə salamlayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Azərbaycan xalçaları, ölkəmizin xalçaçılıq ənənələri, qədim naxışlarımız barədə məlumat verib.

Bildirilib ki, xalçaçılığın vətəni Azərbaycandır. Xalça xalqımızın milli dəyəridir. Min illərdir ki, bu regionda toxunan orijinal Azərbaycan xalçaları bütün dünyaya ixrac olunur. İlk vaxtlar xalça evdə sadəcə bir məişət əşyası kimi istifadə edilib. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilib. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürüb. Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Azərbaycan xalçalarının naxışları xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını özündə əks etdirir.

Vidadi Muradov son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 xalçaçılıq emalatxanası tikilərək istifadəyə verilib. Hazırda daha 10 bölgədə xalça emalatxanasının, Sumqayıtda yun-əyirici boyaq fabrikinin, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması davam etdirilir.

Səmimi qəbula görə minnətdarlıq edən Katsumi Okuma təsisçisi olduğu şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət 30 ildir, Şərq ölkələrindən Yaponiyaya xalça idxal edir. Əvvəllər yalnız xalça satışı ilə məşğul olan şirkət sonralar Şərq ölkələrindən alınan xalçaların daha yaxşı təqdimatı üçün araşdırmalar aparmağa, kitablar nəşr etdirməyə başlayıb. Hazırda Böyük İpək Yolu üzərində yerləşən tarixi xalçaçılıq mərkəzlərini araşdırır, yeni nəşrlər hazırlayırlar.

“Azərxalça”nın Quba filialı ilə tanış olduqlarını, Azərbaycan xalçalarına heyran qaldıqlarını deyən qonaq yeni nəşrlərdə Azərbaycan xalçaçılığına geniş yer ayıracaqlarını bildirib.

Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan Katsumi Okuma deyib: “Biz Azərbaycan xalçalarının Yaponiyada satışının təşkil olunmasında maraqlıyıq. Şirkətimiz dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun daha çox alıcısı olacağına inanırıq”.

Görüşdə “Azərxalça” ilə “Xalça qalereyası” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib, onlara hədiyyələr təqdim olunub.

“Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında