Türkiyədə “Azərbaycan Bakı parkı” və “Xocalı soyqırımı” abidəsi açıldı

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Türkiyənin bir sıra şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adları ilə bağlı abidələr və parkların açılması ənənəsi davam edir. Mayın 8-də Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə “Azərbaycan Bakı parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən park və abidə Milli Məclisin deputatı Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb. Bunu parkın və abidənin açılışında Efeler bələdiyyəsinin sədri Mesut Özakcan deyib.

Parkın mərkəzində ucaldılan – Ana abidəsi Xocalı soyqırımı qurbanlarının faciəsini əks etdirir. Açılışda Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, media nümayəndələri və yüzlərlə yerli sakin iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himninin səslənməsi ilə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında “biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu sözdə qalmadı”, – deyən Efeler bələdiyyəsinin rəhbəri Mesut Özakcan əlavə edib ki, “bu gün, Azərbaycan adını Efelerdə yaşatmağın qürurunu yaşayırıq”, – deyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü göstərir,” – deyib: “Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızcasına qətl edilən insanlar bizim qardaş, bacılarımızdır. Bu gün qədim Şuşamızın Ermənistan tərəfindən işğal olunduğu və bizim hamımız üçün çox ağır bir gündür. Biz birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib: “belə abidələr və parklar Türk dünyasının dörd bir yanında açılmalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi mesajlara xüsusi toxunan Q.Paşayeva “cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərib və bu, dosta da, düşmənə də çox önəmli mesaj olub”, – deyib. O bildirib ki, bu gün Türkiyədə belə parkların, abidələrin açılması çox önəmlidir: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından qurtaracağımız Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edəcəyik”.

 Efeler bələdiyyəsinin sədri, Efeler Türk Ocaqlarının rəhbəri çıxışlarında hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildiriblər. Efelerin mərkəzində “Azərbaycan Bakı parkı”nın və “Xocalı soyqırımı” abidəsinin bundan sonra yerli sakinlərin ziyarət yerinə çevriləcəyi deyilib. Q.Paşayeva abidə önündə tədbir iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırımı və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında