Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir

Festivallar şəhəri kimi tanınan Azərbaycanın  dilbər  guşəsi  qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir.

Bu günlərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Sərhədsiz teatr”  III Şəki Beynəlxalq Teatr Festivalına start verilib.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 19-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edirlər.

Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı bir-birindən maraqlı səhnə əsərlərini izləmək imkanı qazanacaqlar.

Beynəlxalq proqram çərçivəsində tamaşalar mayın 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə mayın 18-19-da Bakıda oynanılacaq.

Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak edib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, belə bir mötəbər teatr bayramının Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Hər il bu şəhərdə 3-4 beynəlxalq festival keçirilir.

Elxan Usubov bildirib ki, milli-mənəvi dəyərlər insanları birləşdirən əsas amildir. XIX əsrin 70-ci illərində təşəkkül tapan Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayır.

Mərasimdə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, 145 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandığı uğurlardan danışıb.

Açılış mərasimindən sonra tamaşaçılar İranın “Titovak” teatrının kollektivinin Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsərinə tamaşa ediblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında