“Bakı prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 noyabr 2017-ci il tarixində “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xaricdə və ölkəmizdə, xüsusilə ali təhsil müəssisələrində “Bakı prosesi”nin beynəlxalq siyasi əhəmiyyəti və gələcək perspektivləri mövzusunda təqdimatlar keçirir.

Bakı Dövlət Universitetində “Bakı prosesi”nin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Aydın Kazımzadə “Bakı prosesi”nin əhəmiyyəti barədə müəllim və tələbələrə məlumat verdi.

Daha sonra çıxış edən nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun katibi Vasif Eyvazzadə “Bakı prosesi”nin tarixi, siyasi əhəmiyyəti və bu beynəlxalq təşəbbüs çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verdi. V.Eyvazzadə qeyd etdi ki, 2008-2009-cu illərdə Avropa və İslam dünyası arasında mədəniyyətlərarası dialoq sahəsində müstəsna yer tutan bu regional təşəbbüs 2010-cu ildə ölkə başçısının BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təklif etməsi ilə qlobal hərəkata çevrilib.

Təqdimatda qeyd olundu ki, “Bakı prosesi” inklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır. Bu platformanı fərqləndirən əsas xüsusiyyət onun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi tərəfdaşlarının olmasıdır. Məhz bu səbəbdən BMT Baş Assambleyası özünün 11 dekabr 2017-ci il tarixli “Dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh naminə əməkdaşlığın təşviqi” adlı qərarında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edərək onu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma adlandırmış və BMT-nin Baş katibi Antonio Quterreşin hesabat xarakterli məruzəsini təqdir etmişdir. Həmin hesabatda 2008-ci ildən bəri həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlər arasında dialoqu dəstəkləmək üçün göstərilən səylərin ana xəttini təşkil etdiyi xüsusi ilə qeyd olunur.

Ölkə başçısının sərəncamı ilə Bakı Beynəlxalq Humanitar Forumunun “Bakı prosesi” çərçivəsində iki ildən bir keçirilməsi qərara alınmışdır. Cari ilin oktyabr ayında keçiriləcək növbəti forumun əsas istiqaməti xüsusilə insan inkişafına yönələcəkdir. Bu, o deməkdir ki, “Bakı prosesi”nin növbəti mərhələdə əsas hədəfi mədəniyyətlərarası dialoqla yanaşı, müxtəlif ölkə və xalqların əldə etdiyi uğur və nailiyyətlərin mübadiləsi və dialoqu olacaqdır.

Daha sonra “Bakı prosesi”nə həsr olunmuş film nümayiş etdirildi, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparıldı.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında