Miskin Abdal ocağının söz xiridarları: Tofiq və Rafiq Hüseynzadələr

Yeni kitablar

Səfəvilər dövrünün böyük dövlət xadimi, Qeyb Ərəni (“Ricalül-qeyb”), Allahdan əta edilmiş möcüzə və kəramət sahibi, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, sərkərdəsi, təsəvvüf mütəfəkkiri, sufi şair, aşıqlıq sənətinin əsasını qoyanlardan biri, 1430-1535-ci illərdə yaşamış, tarixi Oğuz yurdu – Göyçə mahalından olan Miskin Abdalın (əsl adı Hüseyn Məhəmməd oğludur) “ocağ”ında – onun yeganə oğlu Şadmanın nəslində 500 il sonra – XX əsrdə boy atmış Tofiq və Rafiq Hüseynzadə qardaşlarının zəngin ədəbi irsi toplanılaraq, ayrıca kitablar şəklində nəşr olunmuşdur.

Miskin Abdal ocağının tanınmış nümayəndəsi – şair, folklorşünas, pedaqoq, publisist və jurnalist Tofiq Məhəmməd oğlu Hüseynzadə 1946-cı il sentyabrın 20-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. Gənc yaşlarından şeirlər yazmağa başlamış, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almış (1965-1971), tələbəlik illərində, “Ədəbiyyat və incəsənət”, “Gənc müəllim”, “Qalibiyyət bayrağı”, “Sosialist Sumqayıtı” və s. mətbu orqanlarında çoxsaylı şeir və məqalələrlə çıxış etmişdir.

T.Hüseynzadə 1970-ci ildən müəllimlik fəaliyyətinə başlamış, 1979-cu ilin noyabr ayından Basarkeçər rayon qəzetində (“Vardenis”) ədəbi işçi, 1986-cı ilin noyabr ayından isə kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmış, 1987-ci ildən keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir. Onun şeirləri, həmçinin, 1985-ci ildə Ermənistanda Azərbaycan dilində nəşr olunmuş “Ədəbi Ermənistan–83” kitabında, mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı”nda və “Vardenis” qəzetində, Azərbaycanda nəşr olunan nüfuzlu qəzet və jurnallarda dərc olunmuşdur. 1988-ci ilin məlum hadisələri ilə əlaqədar Bakı şəhərinə köçmüş, pedaqoji və jurnalist fəaliyyətini, həmçinin Azərbaycan folklorşünaslığı ilə əlaqədar elmi araşdırmalarını davam etdirmişdir. “Yeni Azərbaycan”, “Millət”, “Haqq yolu” qəzetlərində jurnalist kimi fəaliyyət göstərmiş, Göyçə folkloru və sair tarixi mövzularda araşdırmaları ilə bağlı dərc olunan müxtəlif səpkili məqalələri və şeirləri ilə Azərbaycan mətbuatında yaxşı tanınmış, mərkəzi televiziya və radioda həmin mövzularda çıxışlar etmişdir.

Tofiq müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi tədqiqatlar aparmış, o cümlədən, Səfəvilər dövrünün böyük mütəfəkkiri, öz ulu babası Miskin Abdalın zəngin ədəbi irsini toplamış, 2005-ci ildə “Səfəvilərin böyük övliyası – Miskin Abdal” kitabını nəşr etdirmişdir. 2003-cü ildən Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dissertantı olaraq “Aşıq deyişmələrinin poetikası” mövzusunda dissertasiya işini 2005-ci ildə başa çatdırmışdır. T.Hüseynzadənin 2006-cı ildə vaxtsız vəfatından sonra, 2017-ci ilin sentyabr ayında “Aşıq deyişmələrinin poetikası” kitabı çapdan çıxmışdır.

Onun hazırkı, 2018-ci ilin mart ayında nəşr olunmuş “Xəyal cığırı” adlı 3 cildlik kitabına 750-dən çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə ulu babası Hüseyn Məhəmməd oğlunun (Miskin Abdalın) daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf (sufi) məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsəri daxil edilmişdir.

Miskin Abdal nəslinin digər nümayəndəsi – Tofiq Hüseynzadənin kiçik qardaşı Rafiq Məhəmməd oğlu Hüseynzadə 1948-ci ilin fevral ayında Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almış və 1971-ci ildə ali məktəbi əla qiymətlərlə başa vuraraq onkoloq-cərrah ixtisasına yiyələnmişdir. 1971-ci ilin avqust ayının 2-dən Qazax Rayon Mərkəzi Xəstəxanasında onkoloq vəzifəsində fəaliyyətə başlamış və 4 ay sonra – dekabrın 2-də 23 yaşında onkoloji xəstəlikdən vəfat etmişdir.

Rafiq Hüseynzadə ulu babası Miskin Abdaldan ötürülən genetik və mənəvi informasiya yükünün layiqli daşıyıcısı kimi 1967-ci ildən– 19 yaşından şeirlər yazmağa başlamışdır. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı illərdə “Çeşmə” ədəbi dərnəyinin fəal üzvü olmuş, çoxsaylı şeirləri həmin dövrdə “Tibb kadrları uğrunda” qəzetində dərc edilmiş, şeir müsabiqələrində iştirak edərək qalib gəlmişdir. Rafiq Hüseynzadənin zəngin şeiriyyət xəzinəsinə daxil olan, vaxtilə dərc olunmuş və əlyazma şəklində qorunub saxlanılan şeirləri “Bu günümdən sabahıma xatirə” adlı kitab şəklində 2018-ci ilin mart ayında nəşr olunmuşdur.

Miskin Abdalın genetik və mənəvi varisləri, zəngin ruhaniyyət, mənəviyyat dünyası təşkil edən müqəddəs ruhunun daşıyıcıları, daim çağlayan ocağının layiqli davamçılarının ədəbi irsinin topluları – Tofiq Hüseynzadənin 3 cildlik “Xəyal cığırı”, Rafiq Hüseynzadənin isə “Bu günümdən sabahıma xatirə” adlı kitabları geniş oxucu kütləsinin istifadəsinə verilmişdir.

Qüdrət PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında