Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

AZƏRTAC-ın binası qarşısında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb

AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Agentliyin İdarə Heyətinin təşəbbüsü, fotoinformasiya baş redaksiyasının və Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə hazırlanmış sərgidə AZƏRTAC-ın arxivində qorunub saxlanılan nadir fotoşəkillər nümayiş olunur. Bu fotolarda ulu öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrləri əksini tapıb. 

Ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə gül dəstələri düzülməsi ilə başlanıb.

Açıq səma altında qurulmuş stendlərin qarşısında davam edən mərasimdə əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sərginin açılışında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, dünya miqyaslı siyasətçi və dövlət xadimidir. Bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Onun xatirəsi daim ürəklərdə yaşayır, onu hər gün dərin minnətdarlıq hissi ilə yad edirik”.

Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hələ respublikaya rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə gördüyü nəhəng işlərlə, çox böyük uzaqgörənliklə bugünkü müstəqil Azərbaycan üçün iqtisadi və intellektual zəmin hazırlayıb, milli dirçəlişin, azərbaycançılıq ideologiyasının təməlini qoyub.

“1993-cü ilin böhranlı günlərində, Azərbaycanın “olum ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı müasir tariximizdə yeni səhifə açdı. Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ölkə həyatının bütün sahələrində - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu”, - deyə İdarə Heyətinin sədri diqqəti ulu öndərin xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə yönəldib.

Qeyd olunub ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edirdi. Ulu öndərin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından müstəsna rol oynayırdı. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana və respublikamızın Ermənistan tərəfindən zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Heydər Əliyev KİV-in inkişafına xüsusi diqqət yetirirdi. İstəyirdi ki, Azərbaycan mətbuatı dünya arenasına çıxsın, beynəlxalq informasiya məkanında layiqli yer tutsun. Ulu öndər hesab edirdi ki, bu, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün son dərəcə vacibdir.

Mərasimdə ulu öndərin mətbuata diqqət və qayğısı, həmçinin AZƏRTAC haqqında dediyi bu fikirlər xatırlanıb: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

Fəxrlə qeyd olunub ki, agentliyin kollektivi ötən müddətdə öz qüvvəsini bu vəzifələrin reallaşdırılmasına səfərbər edərək, bir çox uğurlara imza atıb. AZƏRTAC hazırda iki mötəbər beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edir. Bu təşkilatlar öz sıralarında ümumilikdə 170-dək ölkənin aparıcı informasiya agentliklərini birləşdirir. Əlbəttə, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycanın dinamik və hərtərəfli inkişafı, dünyada getdikcə artan nüfuzu sayəsində mümkün olub.

Tədbirdə çıxış edənlər – baş redaktor Cavid Bədəlov, redaksiya müdiri Suvar İbadov, bölmə müdiri Gözəl Ağayeva, aparıcı müxbir Samirə Allahverdiyeva ulu öndərin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar. Onun xilaskarlıq missiyasından, Azərbaycan mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açılıb. Bununla bağlı heç vaxt unudulmayacaq təəssüratlar dilə gətirilib. 

Sonra fotosərgiyə baxış keçirilib. Ayrı-ayrı stendlərdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini – Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtları, müstəqil Azərbaycanın Prezidentliyi dövrünü əhatə edən fotolar yerləşdirilib. Tədbir iştirakçıları bu tarixi fotoşəkillərə böyük maraqla baxıblar. Azərbaycan tarixinin ulu öndərlə bağlı parlaq anlarını özündə yaşadan sərgi hamıda dərin təəssürat doğurub.

Tədbirdə ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş stolüstü oyunlar üzrə yarışların qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.

* * *

Fotosərgi paytaxt sakinlərinin də diqqətini cəlb edib. AZƏRTAC-ın binasının qarşısından keçən insanlar stendlərin önündə ayaq saxlayır, bu nadir fotolara diqqətlə baxırlar. Yaşlı nəslin nümayəndələri ötən günləri xatırlayır, gənclər isə bəlkə də ilk dəfə gördükləri bu fotolarla yaxın keçmişə ekskurs edirlər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında