Sənətkar ömrünün əbədiyaşar cizgiləri

Mehdi Məmmədov – 100

Bu günlərdə Prezident İlham Əliyev milli teatr sənətimizin inkişafında xüsusi xidmətləri olan Mehdi Əsədulla oğlu Məmmədovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.

...Onunla ilk dəfə ­1973-cü ildə, Azərbaycan Teatr Cəmiyyətinin gənclərə həsr olunmuş tədbirində görüşmüşdüm. O vaxt həmin cəmiyyətin sədri işləyirdi. Tədbirdəki maraqlı çıxışında gəncləri teatr sənəti, onun yaradıcıları ilə tanış etdi. O qədər yaxşı danışırdı ki, adam valeh olurdu, səlist, rəvan nitqi gənclərdə xüsusi ovqat yaratmışdı. Tədbir haqqında “Azərbaycan gəncləri” qəzetində geniş bir məqaləm dərc olundu. Bu tədbirdən sonra onun rejissorluğu ilə səhnəyə qoyulmuş bir neçə tamaşaya baxdım. Səməd Vurğunun “İnsan” pyesində baş rolu da Mehdi müəllim özü oynayırdı.

Görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi Mehdi Məmmədov mənalı həyat yolu keçmişdi. 1918-ci il mayın 22-də Şuşada anadan olmuş, 1922-ci ildə ailəsi Şuşadan Bakıya köçmüşdü. 1931-ci ildə Mehdi Məmmədov Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etməmişdilər.

Elə həmin il gənc Mehdi İşçi Teatrının yardımçı heyətinə qəbul edilmiş, bundan sonra Teatr Texnikumuna daxil ola bilmişdi. 1935-ci ildə isə Mehdi Məmmədov təhsilini davam etdirmək üçün Moskvaya getmiş, Teatr Sənəti İnstitutuna daxil olmuşdu. Təhsilini başa vurduqdan sonra Bakıya dönən M.Məmmədov Gəncə Dövlət Dram Teatrında rejissor, Akademik Milli Dram Teatrında (AMET) rejissor və bədii rəhbər, Opera və Balet Teatrında baş rejissor işləmişdi. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifəsində çalışmışdı.

AMDT-nin baş rejissoru olduğu illərdə “On ikinci gecə, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” “Yaşar”, “Gənc qvardiya”, “Aydınlıq”, “Əliqulu evlənir” , “Rəqs müəllimi”, “Dağılan tifaq” , “Yağışdan çıxdıq, yağmura düşdük”, "Uzaq sahillərdə" , “İnsan” və digər tamaşalara quruluş vermişdir.

Opera və Balet Teatrında çalışdığı illərdə teatrın repertuarı xeyli zənginləşmişdir. Onun quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” tamaşaları maraqla qarşılanmışdır.

Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Mənim ümidlərim” tamaşaları rejissorun yaradıcı təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast ifadə etmək istedadından xəbər verirdi.

Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.

Onun haqqında yazılan məqalələrdən birində deyilir: “Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.”

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universititetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib. “Estetika” adlı kitabın müəllifi idi.

O, həm də elmi yaradıcılıqla məşğul olurdu. Bir sıra monoqrafiyalarında sənət barədə fəlsəfi düşüncələrini oxucularla bölüşmüşdü. Xalq artisti Hökumə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Zəngin elmi təfəkkürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı İttifaqı) sədri işləmişdi. Görkəmli alimin yazdığı və dərslik kimi istifadə olunan "Rejissor sənəti", "Həyat və sənət yollarında" kitabları elmi dəyərini bu gün də saxlamaqdadır.

Kino sahəsində fəaliyyəti o qədər geniş olmasa da, M.Məmmədov aktyor kimi 1959-cu ildə lentə alınmış “Onu bağışlamaq olarmı?” kino əsərində polkovnik Qaya rolunda çəkilmişdir. O, qəhrəmanını bacarıqlı, peşəkar milis işçisi kimi təqdim edir.

“Azəri teatrının ustaları”, “Cavidi xatırlarkən”, “Qayıdış”, “Dahilərin dostluğu” kimi sənədli filmlərimizdə də rejissorun sənəti, canlı söhbətləri öz əksini tapıb. Radio teatrında V.Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.

Sənətdə qazandığı uğurlara və milli teatrımızın inkişafındakı xidmətlərinə görə ­1949-cu ildə “Əməkdar incəsənət xadimi”, 1958-ci ildə “Xalq artisti”, 1974-cü ildə isə “SSRİ Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Akademik teatrda hazırladığı Hüseyn Cavidin “İblis” faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib. Onun əziz xatirəsi sənətsevərlərin xatirəsindən heç zaman silinməyəcək.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında