Mayın 3-də Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Yenidən tərtib edilmiş bu fundamental biblioqrafiyaya Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son 10 ildə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşr edilmiş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri haqqında biblioqrafik məlumatlar daxil edilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş kitabın böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu, təkcə bir kitab haqqında tədbir deyil, bütövlükdə kitablar haqqında tədbir olduğu üçün ikiqat məna kəsb edir. “Nəşrdə akademik Ramiz Mehdiyevin görkəmli elm və dövlət xadimi kimi bütöv obrazı öz əksini tapıb. Kitab təkcə Ramiz müəllimin əsərlərinin adının çəkildiyi məcmuə deyil, eyni zamanda, analitik bir tədqiqat işidir, akademikin çoxşaxəli və dərin mahiyyətə malik yaradıcılığına baxışdır. Onun Azərbaycan fəlsəfə tarixinə, cəmiyyətşünaslığına zaman-zaman verdiyi töhfələri araşdıran, qruplaşdıran bir tədqiqatdır. Burada akademikin əsərləri ilə yanaşı, həm də onun haqqında və əsərləri barədə yazılanlar da öz əksini tapıb. Bu vəsait faktiki olaraq bir salnamədir, bir dövrün salnaməsidir. Azərbaycanın müstəqilliyə keçid dövrünün həm mənəvi, həm mədəni, həm də ictimai salnaməsidir. Bir şəxsin timsalında biz bu keçidin ən müxtəlif təzahür formalarını görürük. Biz bütün bunlarla tanış olduqdan sonra Ramiz Mehdiyevin gördüyü işlərə təəccüblənməyə bilmirik. Həqiqətən də, titanik bir zəhmət nəticəsində Ramiz müəllim əsl elm fədaisi, dövlət qulluğunda çalışan şəxsiyyət kimi çox böyük və möhtəşəm uğurlara imza atıb. Ulu öndərin Azərbaycan üçün müəyyənləşdirdiyi yolun sadiq və layiqli davamçısı olan Ramiz Mehdiyev bu gün də Prezident İlham Əliyevin silahdaşı kimi quruculuq işləri ilə məşğuldur”, – deyə Kamal Abdulla vurğulayıb.
“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən K.Abdulla deyib ki, bu kitab ali məktəblərdə, akademiyanın institutlarında öyrəniləcək və tədqiq olunacaq.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib ki, Ramiz Mehdiyev haqqında ilk biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdi. Azərbaycan Milli Kitabxanası tərəfindən yenidən nəşr olunan bu fundamental elmi biblioqrafiya daha da təkmilləşdirilib və buraya son on ilin materialları əlavə olunub.
Bildirilib ki, filosof alimin geniş ictimai-siyasi fəaliyyətini işıqlandırmaq məqsədilə biblioqrafik göstəricidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” adlı “Ön söz”ü verilib. “Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsinə akademiklərdən Akif Əlizadə, Mahmud Kərimov, Arif Mehdiyev, Asəf Nadirov, Bəkir Nəbiyev, Ağamusa Axundov və digər görkəmli alim və ictimai-siyasi xadimlərin fikirləri, mülahizələri daxil edilib. “Əsərlərin biblioqrafiyası” bölməsində akademik Ramiz Mehdiyevin kitabları, elmi məqalələri əhatə olunub, bəzi informasiya xarakterli materiallar da yer alır.
Görkəmli alimin əsərləri və haqqında olan materiallar “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər” və “Həyatı, ictimai-siyasi fəaliyyəti, əsərləri haqqında” adlı bölmələrdə verilib. Biblioqrafik vəsaitdə ilk dəfə olaraq dünyanın 30-dək milli kitabxanasından akademikin əsərləri barədə məlumatlar toplanılıb. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji ardıcıllıqla verilib və əlifba sırası ilə qruplaşdırılıb.
Sonra tədbir iştirakçılarına Ramiz Mehdiyev haqqında hazırlanmış elektron məlumat bazası təqdim edilib.
AMEA-nın vitse-prezidenti, akademik, kitabın “Ön söz” müəllifi İsa Həbibbəyli çıxışında Ramiz Mehdiyevi görkəmli alim və dövlət xadimi kimi xarakterizə edib. Ramiz Mehdiyevin dövlətçilik tariximizdə gördüyü işlərdən danışan akademik onun əsərlərinin sanballı, elmimiz və milli-mənəvi dəyərlərimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Milli Kitabxana çoxillik təcrübəsi əsasında akademik Ramiz Mehdiyevə həsr edilmiş ümumiləşmiş ciddi və sanballı bir biblioqrafiya hazırlayıb. Bu kitabda Ramiz müəllimin çoxillik elmi, ictimai-siyasi fəaliyyəti küll halında ümumiləşmiş şəkildə təqdim olunur. İlk dəfədir ki, Ramiz müəllimin fəaliyyəti haqqında bu qədər əhatəli, xronoloji şəkildə hazırlanmış nəşrlə tanış oluruq. Burada akademikin çoxsaylı əsərləri, təhlilləri və monoqrafiyaları göstərilir. Onun elmi fəaliyyəti və əsərlərinin sistematikası bu kitabın fonunda Ramiz Mehdiyev haqqında söz deməyə əsas verir. Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev məktəbinin yetişdirib formalaşdırdığı görkəmli dövlət xadimidir. O, demək olar ki, həyatının böyük hissəsini ümummilli lider Heydər Əliyevin silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsinə sərf edib. Bu gün də akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizə, dövlətçiliyimizə xidmət göstərməkdədir. O, eyni zamanda, mükəmməl bir akademik düşüncəyə malik olan görkəmli elm xadimidir. Belə bir görkəmli alimə verilən ən böyük dəyərlərdən biri də ona həsr edilmiş biblioqrafiyanın nəşri və elektron məlumat bazasının hazırlanmasıdır. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”, - deyə İ.Həbibbəyli söyləyib.
Ramiz Mehdiyevə həsr edilmiş biblioqrafiyanın onun elmi fəaliyyətinə verilmiş ən yüksək dəyər olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov alimin elmi və dövlətçilik fəaliyyətindən danışıb.
Qeyd edilib ki, qlobal miqyasda tanınan Ramiz Mehdiyevin əsərlərinə bu gün dünyanın bir çox ali təhsil ocaqlarında istinad edilir. Bütün bunlar göstərir ki, o, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olmaqla yanaşı, həm də dünya miqyasında tanınan şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbini keçmiş akademik idarəçilik, dövlət quruculuğu, vətəndaş cəmiyyəti və milli ideyanın formalaşması sahəsində unikal əsərlər müəllifi kimi tanınır: “Təqdimatına toplaşdığımız bu biblioqrafiyada alimin əsərləri, yaradıcılığı haqqında məlumat verilir. Onun əsərləri, eyni zamanda, dövlət idarəçiliyi üçün kadrların yetişməsi istiqamətində böyük elmi mənbədir. Ramiz Mehdiyev həm filosof alim, həm də ictimai-siyasi xadim kimi böyük nüfuza malikdir. Onun əsərləri bu gün də, sabah da araşdırmaçılar üçün tədqiqat obyektidir. Milli Kitabxana tərəfindən belə bir layihənin gerçəkləşməsi olduqca təqdirəlayiqdir”.
Milli Məclisin deputatları– AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri Bəxtiyar Əliyev və yazıçı-publisist Elmira Axundova, habelə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov çıxış edərək akademikin dövlətçilik tariximizdəki xidmətlərindən, elmi fəaliyyətindən söz açıblar. Natiqlər Ramiz Mehdiyev haqqında belə bir biblioqrafiyanın hazırlanması və elektron məlumat bazasının təqdim edilməsini yüksək qiymətləndiriblər.
Sonda kitabla bağlı müzakirələrə yekun vuran Kamal Abdulla təhsil müəssisələrində və elm ocaqlarında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilən “dəyirmi masa”ların keçirilməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.