Azərbaycan xalçası bizim milli dəyərimizdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. “Azərxalça”nın yaradıldığı gün – 5 may Xalçaçıların Peşə Bayramı Günü kimi qeyd olunur.

 

Azərbaycan xalçası Azərbaycan xalqı qədər qədimdir

 

Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Bizim üçün xalça həmişə müqəddəs olmuşdur. İlk vaxtlar xalça evdə sadəcə bir məişət  əşyası kimi istifadə edilmişdir. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilmişdir. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürmüşdür.

Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlamışdır. Azərbaycan xalçaları nəsillərin duyğu, düşüncə və ehtiyaclarının bizə çatdırılmasında bir vasitə rolunu oynayır.

Xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Bu sahə ərişin ipləri kimi gərilmiş zamanın məngənəsindən çıxaraq öz varlığını qoruyacaq qədər milli sənət nümunəsidir.

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olmuşdur. Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, köçəri həyat tərzi yaşayan insanların çadırlarında döşənək kimi istifadə olunan xalça getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların həyatının ayrılmaz hissəsinə, istehsal fəaliyyətinin aparıcı növünə çevrilmişdir. E.ə V əsrə aid antik dövr tarixçilərindən Ksenofont, Herodot, VII əsr alban tarixçisi Moisey Kalankatuklu, Çin səyyahı Xuan Tesk-Ank, orta əsr ərəb səyyahlarından Əl-Məsudi, Əl-Müqəddəsi, Əl-İstəhri və başqaları əsərlərində Azərbaycan ərazisində istehsal olunan yüksək keyfiyyətli xalçalar, ölkədən ixrac edilən boyaq maddələri haqqında geniş məlumatlar vermişlər.

Xalçalar haqqında atalar sözləri, hikmətli kəlamlar söylənmişdir. “Xalını xovuna sığallarlar”, “Xalça salan özü oturar”, “Xalçalı gəl, xalçalı get” kimi atalar sözləri bu sənət növünün dəyərindən soraq verir. Bu, bir daha sübut edir ki, xalçalar insan həyatında, sadəcə, bir aksesuar deyildir. Necə ki şairlər, yazıçılar kitab yazırlar, orada öz fikirlərini şərh edib gələcək nəsillərə ərməğan edirlər, toxucular da belədir. Yəni toxucular da estetik zövqlərini xalçalarda əks etdirməklə bərabər, öz dövrlərinin ümumi mənzərəsini toxuduqları xalçalara köçürürlər. Diqqətlə baxdıqda görürük ki, naxışlar sanki bizimlə danışır.

Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə süni maneələr yaradılırdı. Çünki xalça bizim xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalçaçılığın da yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindən biridir.

Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilmiş, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılmışdır. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli nümunəsidir.

 

“Azərxalça” – xalçaçılığın inkişafının Azərbaycan modeli

 

Tarixi faktlar sübut edir ki, Azərbaycan xalçası həmişə ixrac məhsulu olmuşdur. Təsadüfi deyildir ki, intibah dövrünün İtaliya, Holland, Flamand rəssamlarından Hans Memlinqin “Məryəm körpəsi ilə”, Karlo Krivellonun “Müjdə”, Hans Holbeynin “Elçilər” tablolarında Qarabağ, Gəncə və Qazax xalçalarının təsviri verilmişdir.  Bu gün dünyanın “Viktoriya və Albert”, “Metropoliten”, “Luvr”, “Ermitaj”, “Filadelfiya”, “San-Fransisko”, “Boston” kimi nüfuzlu muzeylərində, Gürcüstanın Milli Muzeyində, Rusiyanın Etnoqrafiya Muzeyində, şəxsi kolleksiyalarda qorunan Azərbaycan xalçaları ümumbəşəri sərvətə çevrilmişdir. Bu xalçalar ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirərək, Azərbaycan xalqının nə qədər istedadlı, bəşəri dəyərlərə töhfə verən, sülhsevər olduğunu dünyaya göstərir. Bütün bunları – xalçaçılığın tariximizin öyrənilməsində, milli mədəniyyətimizin təbliğindəki rolunu, iqtisadiyyatımızın inkişafına verəcəyi töhfələri dərindən təhlil edən Azərbaycan Prezidenti cənab İlham Əliyev həm də tarixi ənənəni yaşatmaq üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaratmış, xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.

Xalçaçılıq Azərbaycanın tarixi qədər qədim və zəngin bir sənət sahəsi olsa da, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, ümumilikdə ölkəmizdə yeni bir hadisədir. “Azərxalça” dünya xalçaçılığında müasirAzərbaycan modelidir.

Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda, onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. “Azərxalça” ASC dövlət başçısının qayğısı ilə respublikada xalçaçılıq sənayesini məhz bu kompleks yanaşma əsasında inkişaf etdirir, onu kütləvi istehsal sahəsinə çevirməklə, respublikamızda dayanıqlı və sağlam təməllər üzərində xalçaçılıq şəbəkəsini yaradır. Respublika ərazisində ənənəvi xalq üsulu ilə xalça toxunmasının kütləvi şəkildə təşkili ASC ilk və əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə respublikanın rayonlarında filialların yaradılması işinə başlanılmışdır. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilir.

İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılmış, filiallar fəaliyyətə başlamış, “Azərxalça”nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilmiş, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 oktyabr 2016-cı il tarixdə ASC-nin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də isə Quba filiallarının açılışı olmuşdur.

Cəmiyyətin fəaliyyət göstərən filiallarında hazırda ümumilikdə 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır. İndiyədək “Azərxalça”nın filiallarında 2894 kvadratmetr 669 xalça toxunmuşdur.

Bu sahəyə xüsusi önəm verən, xalçaçılığın geniş şəbəkəsinin yaradılmasını qarşımıza mühüm vəzifə kimi qoyan Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur”.

Dövlət başçısının sərəncamları ilə yeni xalça istehsalı emalatxanalarının tikintisi üçün vəsait ayrılmış və tikinti işlərinə başlanılmışdır. 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Tərtər, Goranboy və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaqdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, cənab Prezident xalçaçılığın inkişafına kompleks şəkildə yanaşır. Yəni emalatxanaların yaradılması ilə yanaşı, xalça toxunması üçün lazım olan xammalın da ölkəmizdə istehsalına nail olmalıyıq. Çünki xammal olmasa, kütləvi xalça istehsalının həyata keçirilməsində çətinliklərlə qarşılaşacağıq.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikada 2017-ci ildə 16 min ton yun istehsal edilsə də, yun iplik istehsal edən müəssisələrin məhdudluğu və xarici ölkələrdən ucuz qiymətə əllə toxunan xalçaların idxal edilməsi xalça istehsalının azalmasına gətirib çıxarmışdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın yun-əyirici boyaq fabriki inşa olunur. Ötən il dekabrın 15-də Azərbaycan Prezidenti həmin fabrikin təməlqoyma mərasimində iştirak etmişdir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcəkdir. Fabrikin xammalla təmin olunması üçün regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılmasına başlanılmışdır. 2018-ci ilin sonuna qədər Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarük  məntəqələri üçün binaların tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur.

 

Dövlət proqramı sahənin kompleks inkişafını təmin edəcək

 

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət proqramında öz əksini tapan bu fikirlər ölkə rəhbərinin xalçaçılığa nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir: “Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir. Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Bu dövlət proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Proqramda müvafiq dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuşdur. Qeyd edək ki, dövlət proqramında qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq “Azərxalça” tərəfindən həyata keçirilmişdir. Belə ki, əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələr, bədii və texniki iş üsulları, xalça çeşniləri bərpa və inkişaf etdirilmiş, ənənəvi çeşnilər əsasında, bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsulları öyrənilmişdir. Kütləvi istehsal olunan və fərdi toxunan Azərbaycan xalçalarının üzərində (ləvərində) tanınma nişanının (“Azərbaycan” sözü və xalça qrupunun adı, yaxud loqo və s.) ilmələrlə toxunmasının təmin edilməsi mexanizmi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəmizə mənsubluğunun göstərilməsi  istiqamətində tədbirlər görülmüş, Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması təmin olunmuşdur.

Bundan başqa, xarici xalça bazarlarının araşdırılması və yerli xalça istehsalçılarının məlumatlandırılması işi həyata keçirilmiş,  “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi  yaradılmış, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində tədbirlər görülmüşdür. Dövlət proqramına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin, ölkə ərazisində xalça istehsalı sahələrinin yaradılması davam etdirilir.

Proqramın icrası nəticəsində  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin institusional potensialının gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək, əllə toxunmuş xalçaların reyestri sistemi qurulacaq, Bakıda və regionlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanaları turizm nümayiş obyekti kimi Azərbaycanın mədəni turizm marşrutlarına daxil ediləcək, turizm informasiya mərkəzləri vasitəsilə xalçaçılıq irsi təbliğ olunacaqdır.

Bu proqaramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni mərhələnin başlandığını deyə bilərik. Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə qəbul etdiyi dövlət proqramı həm xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş şəkildə təbliğinə, həm də xalçaçılığın ölkəmizin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən birinə, qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsinə öz töhfəsini verəcəkdir.

 

Beynəlxalq əlaqələr genişlənir

 

Azərbaycan xalçasının yerli xammal əsasında toxunaraq dünyaya “Azərbaycan brendi” olaraq təqdim edilməsi üçün ASC xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrini  genişləndirir. Bununla Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışırıq. “Azərxalça”nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən il 10-13 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilmişdir. Londonda nəşr olunan “HALI” jurnalı 190-cı sayından etibarən öz səhifələrində “Azərxalça”nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır.

 

Müasir texnologiyaların tətbiqi istehsalın artırılmasına imkan verir

 

Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və onların əsasında “Azərxalça”nın filiallarında xalçalar toxunmuşdur.

Elektron xalça çeşniləri özəl bədii-texniki xüsusiyyətlərə də malikdir. Məsələn, bir bölgəyə aid bir neçə klassik xalça əsasında yeni çeşnilərin hazırlanması daha mükəmməl və bədii-estetik keyfiyyətləri ilə seçilən sənət əsərləri yaradılmasına səbəb olur. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir.

 

Xalçaçılar dövlət qayğısından razılıq edirlər

 

“Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir”, – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev xalçaçılığa ikinci həyat vermiş, bu sənət sahəsinin yaşadılmasını təmin etmiş, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaratmışdır. Dövlət başçısının qayğısı ilə yaradılmış və yaradılması davam etdirilən emalatxanalar minlərlə xalçaçını sevindirmiş, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytarmışdır. İndi Azərbaycan xalçaçıları nəinki onlar üçün yaradılmış emalatxanalarda işləyərək gözəl xalçalar toxuyurlar, həm də ikinci ildir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsis edilmiş peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyevin 2016-cı il noyabrın 25-də imzaladığı sərəncama əsasən hər il mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd olunur. Bu sərəncam xalçaçı əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmamışdır. Bu sərəncamla dünyaya “qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır” mesajı verilmişdir. “Xalçaçı Günü” peşə bayramının ilk dəfə respublikamızda təsis olunması Azərbaycan xalçaçılarının tarixi haqqıdır. Bütün bunlara görə Azərbaycan xalçaçıları Prezident İlham Əliyevə hər zaman minnətdar olacaqlar.

Bu, bir reallıqdır ki, dünyanın  heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Xalçaçılığa bu qədər vəsait ayırmaq böyük cəsarət tələb edir. Çünki xalçaçılığa qoyulan vəsait on illər sonra geri qayıdır. Xalçaçılığımızın inkişafı böyük bir tarixi dövrə hesablanmışdır. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcəklər. Xalçalarımız akademik səviyyədə tədqiq olunacaq, tariximiz öyrəniləcək, xalçaçılıq yaşadılacaqdır. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşayaraq gələcək nəsillərə ötürüləcəkdir.

Vidadi Muradov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında