Gəncədə Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub

Aprelin 28-də Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalının ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb.

Qeyd edilib ki, qədim Şərqin elm və mədəniyyət mərkəzlərindən olan Gəncə bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz inkişafının yeni mərhələsini yaşayır. Son illər Gəncədə bir sıra beynəlxalq layihələrin uğurla icra edildiyini deyən Elmar Vəliyev diqqətə çatdırıb ki, 2013-cü ildə Madrid Klubunun, Beynəlxalq Nizami Mərkəzinin tədbirləri bu şəhərdə keçirilib. Həmçinin Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilib.

Belə tədbirlərin davamlı olacağını deyən icra hakimiyyətinin başçısı bildirib ki, Gəncə 2018-ci ildə Avropanın İdman Şəhəri tituluna sahib olmaq üçün öz namizədliyini irəli sürüb.

Gəncədə son vaxtlar bir çox mədəniyyət mərkəzlərinin istifadəyə verildiyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli onların arasında ötən il dövlətimizin başçısının iştirakı ilə açılan Gəncə Dövlət Filarmoniyasını xüsusi vurğulayıb. Bildirib ki, möhtəşəm memarlıq üslubu ilə istər yerli, istərsə də əcnəbi qonaqlara xoş təsir bağışlayan bu əzəmətli mədəniyyət mərkəzində istənilən beynəlxalq tədbiri keçirmək mümkündür.

Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələrindən də danışan Fərhad Bədəlbəyli deyib: "Bu festival Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunduğu üçün tədbirə "Zəriflik" adı vermişik. Zərifə xanım doğrudan böyük bir alim idi, eyni zamanda, musiqini çox sevirdi. Özü pianoda ifa edərdi. Onların evindən hər zaman musiqi səsi gələrdi. Zərifə xanımın xatirəsinə həsr olunmuş bu festival ənənəvi xarakter daşıyacaq."

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib. Konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Samir Cəfərov (tenor), Əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Olqa Naqornaya (soprano, Ukrayna), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı, digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

Aprelin 30-dək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna, Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya Federasiyası Dövlət Akademik Böyük Teatrının kollektivi ilə təmsil olunacaq. Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəylidir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında