Ümmandan damlalar

Mir Cəlal – 110

Mir Cəlal – böyük yazıçı, mürəkkəb mövzuları, toxunulmamış dövrləri tədqiq edən görkəmli alim, mütəfəkkir, nəsillərə örnək olan əvəzsiz pedaqoq idi. Axtarışları, tədqiqatları, bədii və elmi əsərləri ilə Azərbaycan ədəbiyyatında şərəfli bir yer tutur. Bu yazıda yalnız yazıçı Mir Cəlalla bağlı bəzi qənaətlərimi qısaca da olsa, təqdim etmək istəyirəm.

Azərbaycan peşəkar yazılı nəsrinin əsasını XVI əsrin dünya miqyasında şəriksiz ən böyük şairi Məhəmməd Füzuli “Şikayətnamə” əsəri ilə qoyub. XIX əsrdə müsəlman şərqində professional dramaturgiyanın, publisistikanın, ədəbi tənqidin banisi Mirzə Fətəli Axundovun ölməz pyeslərində, nəsrində yeni mərhələyə ucalıb. Nəsrimiz XX əsrin əvvəllərində Azərbaycandan kənarda da sevilə-sevilə oxunan ədəbi hadisəyə çevrilən “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin yaradıcılığında yeni çalarlar qazanıb.

Mir Cəlal dörd əsri əhatə edən bu üç böyük ədəbi məktəbin yetirməsi, ardıcıl davamçısı olmaqla yanaşı, bədii dilimizi (bundan sonra istedadından asılı olmayaraq hər kəsin hadisəyə çevirə bilməyəcəyi!) yeni səviyyəyə qaldırdı. Nasir, alim, sənətkar-vətəndaş kimi ötən əsrin iyirminci-otuzuncu illərinin repressiyaları nəticəsində yaradıcı ziyalılar aləmində meydana çıxmış boşluğu doldurdu.

Ədib tarixi və çağdaş mövzularda sabah da aktuallıq kəsb edən, beyinlərə hakim kəsilən sanballı romanlar, povestlər yazdı, bir dəfə oxuduqdan sonra həmişə xatırlanacaq hekayələr yaratdı.

İstər Böyük Oktyabr çevrilişindən öncəki dövrlərdən bəhs edən romanlarında (“Bir gəncin manifesti”, “Dirilən adam”), istər sovetlər dönəminə həsr olunmuş əsərlərində (“Yaşıdlarım”, “Yolumuz hayanadır”...) zaman anlayışı şərtidir, yazıçının ədəbi predmeti insanın həyatı, cəmiyyətin daxili əkslikləridir. Realist düşüncələrlə yanaşı, incə yumor, cəmiyyətdəki nöqsanlara satirik münasibət Mir Cəlal yaradıcılığının səciyyəvi üstünlüyüdür. İncə tənqidi notların sovet senzurası filtirizasiyasını necə yarıb keçdiyi məni bu gün də düşündürür. Buna görə də Mir Cəlal son əsərini yazdığı vaxtdan uzun illər ötəndən sonra ABŞ-da nəşr olunmuş tədqiqatçı-alim M.Terrillin “Azərbaycan ədəbiyyatında Ezop dili” monoqrafiyasında ən çox onun əsərlərindən misallar gətirilmiş, haqqında bəhs edilmişdir.

El sözündən köklənən Mir Cəlal dili Ezop dili zirvəsinə çatmışdır və bu zirvədə də öz kökünü-soyunu qoruyub saxlamışdır.

Ədibin dilinin zənginlikləri istedadının və keşməkeşli ömür yolunun – gəncliyində qərb bölgəmizdə yaşayıb işləməsi, müxtəlif dialektləri dərindən öyrənməsinin, mənimsəməsinin bəhrəsidir, bütövlükdə onun yaradıcılığı, mənim fikrimcə, Mirzə Cəlil ədəbi məktəbinin yeni mərhələsidir.

Mir Cəlalın nəsrindəki yumor, sarkazm həyatidir, düşündürücüdür, ancaq o illərdə elə yumorlu – sarkazmlı həqiqətlər vardı ki, hətta Mir Cəlal kimi fədakar, cəsarətli ədiblər də yaza bilməzdi, yazsaydılar da çap edilməzdi. Ona görə də Mir Cəlal belə yumorlu – sarkazmlı həqiqətləri auditoriyada, kafedrada, dostlar arasında deyirdi və bu deyimlər dərhal aforizm kimi yayılırdı. Bir deyim indiyə kimi yadımdadır: “İndikilər xoş gəlibsəni də üzündən oxuyurlar”. Xruşşov – Brejnev dönəminin həqiqətiydi, xaricdən ölkə başçıları, başqa rəsmi qonaqlar gələndə protokola uyğun olaraq kim qarşılayırdısa əvvəlcədən hazırlanmış mətni elə təyyarənin trapının yanındaca oxuyurdu: “Hörmətli yoldaş ... “Xoş gəlibsiniz...” Rəsmi qəbullarda tostları da üzündən oxuyurdular. Mir Cəlal müəllim bircə cümlə deyirdi, auditoriyada, ya kafedrada hamı uğunub gedirdi.

Yaxud başqa bir deyimi : “Gedək, iclasa qonaq ol!...” Xruşşov dönəmi həm də “səhər başlar - axşam bitməz, axşam başlar - səhər bitməz” iclaslar dövrü idi. Qəzetçilər gecə səhərəcən mətbəədə qalırdılar, Xruşşovun mənasız çıxışlarının sonu gəlib çatmazdı. Sovet İttifaqı Kommunist Partiyasının qurultayı azı on gün davam edərdi. On gün Kremlin Qurultaylar Sarayı ağzınacan dolardı, boşalardı, adama elə gəlirdi ki, bütün ölkə axışıb o iclasa gedib. Çıxışçı çıxışçıya aman verməzdi, on gün nəhəng imperiyanın diqqəti orda olardı, sonra illər boyu yeni qurultaya qədər yerlərdə “müzakirələr” keçirilər, zəhmətkeşlərin “bəyannamələri” oxunardı.

Mir Cəlal müəllim isə bir sadə cümlə işlədərdi: “Gedək, iclasa qonaq ol...” Və bu “dəvəti” kim eşidirdisə, uğunub gedirdi, yalnız bu sadə, cəmisi üç sözlü cümlənin siqlətinə görə yox, həm də universitetdə, ziyalılar aləmində. Mir Cəlal müəllimin ətrafında, onunla ünsiyyətdə olanların içində bircə adam belə tapılmazdı ki, “İclas qurusu” nu oxumamış olsun. 1954-cü ildə, İosif Stalin diktaturasının nəfəsi hələ kəsilməmiş bir dövrdə Nikita Xruşşov volyuntarizminin (oxu: gop – kələyinin) iclaslarının meydan suladığı günlərdə bu hekayənin “Qlavlit”dən necə keçməsi ilə yanaşı, müəllifin nə əcəb cəzalandırılmaması (Sibirə, Qazaxıstana sürgün olunmasa da, “heç olmasa” kommunist partiyasından xaric edilməməsi, kafedra müdirliyindən kənarlaşdırılmaması) məni bu gün də düşündürür. (O illərdə kim Kommunist Partiyasından xaric edilirdisə, ən azı mövcud və gələcək bütün kariyerasına son qoyulurdu. Fikrimcə, “cəzasızlığın” “günahkarı” müəllifin istedadı ilə yanaşı onun cəmiyyətdə yüksək nüfuzu, ağsaqqallığı, el içində hədsiz hörmətidir.

Universitetdə Mir Cəlal müəllimə böyük hörmət və məhəbbətlə yanaşırdılar, ən başlıcası, bütün gənclər-tələbələr, aspirantlar, professor – müəllimlər, laborantlar onu hədsiz sevirdilər: alim kimi, pedaqoq kimi, ziyalı kimi, ağsaqqal ata kimi! Belə hörmət və ehtiramın nəticəsi idi ki, qismətimə onun bilavasitə tələbəsi olmaq düşməyəndə icazə alaraq gedib başqa kurslarda mühazirəsini dinləyirdim. Bu günün özündə də birinci-ikinci kurslarda oxuyanda gedib müdrik Mir Cəlal müəllimin ədəbiyyatşünaslıqdan, o illərdə gənc Ağamusa Axundovun ümumi dilçilikdən mühazirələrini dinləməyimi xoş təssüratlarla xatırlayıram. Bu fənləri bizə də savadlı, səviyyəli müəllimlər tədris edirdilər, ancaq Mir Cəlal müəllimin böyük yazıçı, alim və ziyalı şəxsiyyəti, Ağamusa Axundovun istedadlı alim təfəkkürü və diksiyası məni özünə çəkirdi. Elə bu səbəbdən də vəfatından sonra “İntellektimizin Ağamusa Axundov abidəsi” essesini yazmaya bilməzdim.

Sonuncu kursda oxuyanda Mir Cəlal müəllimin altmış yaşı tamam oldu. Yubiley ərəfəsində mənim də Mir Cəlal müəllimlə kafedra müdiri – tələbə kimi bir neçə dəfə görüşüm, təmasım oldu və o görüşlər yaddaşıma qəlbimə köçdü. Bu görüşlərin səbəbkarı Bəxtiyar Vahabzadə idi, bədii yaradıcılığından ayrıla bilməyən şair-professor, dərs yükünü doldurmaq üçün yaxşı tələbələrdən ona bir neçə diplomçu verilməsini Mir Cəlal müəllimdən xahiş etmişdi. Bəxtiyar Vahabzadə sovetlər dövrü ədəbiyyatdan dərs deyir, xüsusilə Səməd Vurğundan ixtisas kursu aparırdı. Buna görə də mənim klassik ədəbiyyatdan (özü də çox sevdiyim klassikdən!) təsdiq olunmuş mövzumu dəyişdirərək müasir mövzu ilə əvəz etmək qərarına gəldilər. Ancaq hansı mövzu ilə? Bunu kafedra müdiri müəyyənləşdirməliydi.

Mir Cəlal müəllimin kafedrası ikinci mərtəbədə enli pilləkənlərin başında (indiki İqtisad Universitetinin binasında) böyük bir otaqda yerləşirdi. Kafedraya daxil olanda Mir Cəlal müəllim ayaq üstə idi, məni görən kimi gəlişimin səbəbini dərhal duydu, fikrə getdi, mən susurdum, hiss edirdim ki, mövzu fikirləşir. Bunlar hamısı iki-üç dəqiqə çəkdi, sonra mənə baxdı:

- Keçən ildən “Ulduz” jurnalı çıxır, oxuyursanmı?

- Əlbəttə, oxuyuram.

- Hə, sən şairsən, bəlkə elə “Ulduz” un poeziyasından yazasan, 1967-ci il nömrələrindən.

- Yazaram, Mir Cəlal müəllim.

Sevimli klassikdən ayrılandan sonra “Ulduz” jurnalının poeziyası mövzusu mənim üçün maraqlı idi. Hələ tədqiq edilməmişdi, haqqında sanballı söz deyilməmişdi. Mir Cəlal müəllimin bu mövzunu mənə təklif etməsi onun həm yeni yaranan ədəbiyyata, həm də gənclərə isti münasibətinin ifadəsi idi. “Ulduz”da çap olunan müəlliflərin böyük əksəriyyəti gənclər idi, özü də “altmışıncılar!” Mənə ədəbi gəncliklə bağlı diplom işi mövzusu verilməsi həm Mir Cəlal müəllimin yeni yaranan ədəbiyyata diqqəti, həm də öz risqli addımları ilə bağlıydı. O dövrü yaşayanlar yaxşı bilirlər, Moskva yeni ədəbi nəsillər içində dissidentlər axtarışında, “ovundaydı”.

Diplom işim hazır oldu. Diplom işinin titul vərəqində elmi rəhbərdən öncə kafedra müdirinin adı və titulları yazılırdı. Elmi rəhbərim yüksək rəy yazdı və bircə sözü “redaktə” etdi: diplom işinin titul vərəqində öz adının qabağında “filologiya elmləri doktoru, professor” sözlərini pozdu. Mən təəcübləndim. O, “mən şairəm” dedi, Mir Cəlal müəllim kimi böyük alimin adından sonra mənim “elmləri doktoru, professor” kimi təqdim olunmağım yaxşı düşməz. O, həm gözəl nasir, həm də böyük alimdir.

Diplom müdafiəsi vaxtı az hallarda danışan Mir Cəlal müəllim mənim işim haqqında yüksək fikir söylədi. Dövlət imtahan komissiyası qərara aldı ki, diplom işi Universitetin “Elmi əsərləri” ndə çap olunsun və mənim aspiranturaya qəbul olunmağım universitetin rəhbərliyinə tövsiyə olunsun. Mən isə nə işimi “Elmi əsərlər”ə təqdim elədim, nə də aspiranturaya müraciətim oldu. (Tale məni başqa yola yönəltdi).

Əlli il bundan öncə Mir Cəlal müəllim “Sizin şah əsəriniz hansıdır” sualına “həyatımda yaratdığım ən böyük əsər ailəmdir” demişdir.

Bu gün Mir Cəlal müəllimin övladları, nəvələri, nəticələri ölkəmizin ictimai həyatında, elmin, təhsilin, mədəniyyətin inkişafında, dövlət idarəçiliyində, digər sahələrdə fəal iştirak edirlər. Onların səmərəli fəaliyyətini izləyərək düşünürsən: Onun haqqı vardı görkəmli yazıçı, mütəfəkkir, pedaqoq ola-ola söyləyə: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

Bu böyük insanla görüşlərimi, onun mənim təsəvvürümdə yaratdığı pozulmaz izləri “Mir Cəlal dünyasından sətirlər” adlı esse-xatirəmdə əks etdirməyə çalışdım. Böyük yaradıcı şəxsiyyət barədə işıqlı və isti düşüncələrimi, onun bənzərsiz əsərlərinə münasibətimi, bu həssas insanın ətrafında baş verən hadisələrə yanaşma tərzini oxucularla bölüşməyə, ədəbi, elmi, pedaqoji fəaliyyətinin oxuculara tanış olmayan, özəl xüsusiyyətlərini, dəqiqliyi, incəliyi ilə qələmə almağa, böyük klassikimizi oxuculara necə varsa, olduğu kimi təqdim etməyə səy göstərdim.

Əsər on iki il bundan öncə yazılmış, çap edilmiş, indiyəcən ana dilimizdən başqa rus, ingilis, fransız dillərində nəşr olunmuşdur. Esse-xatirə bu günlərdə qırğız dilində və yenidən rus dilində çapa hazırlananda on iki il əvvəl yazdığım sətirləri sınayıcı nəzərlə, əlavələr, ixtisarlar, redaktə etmək məramı, həvəsi ilə yenidən oxudum, lakin heç nə dəyişə bilmədim, bir nöqtə - vergülünə də əl vurmadım. Düşündüm ki, bu əsər belə yaranmışdır, həm də nə qədər əlavələr etsəm də, geniş yazsam da Mir Cəlal dünyasını bütövlükdə təqdim edə bilməyəcəkdim. Mənim essem Mir Cəlal ümmanında yalnız damladır, deyərək, kitabın Bişkek nəşrinə yazdığım ön sözümə nöqtə qoydum.

2018-ci il aprelin 4-də Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet teatrında keçirilən yubiley axşamında Qırğızıstan Joqorku Keneşinin (Parlamentin) deputatları, dövlət xadimləri, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, digər ranqlı diplomatlar, ali təhsil müəssisələrinin rektorları, görkəmli yaradıcı ziyalılar, ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, gənclər iştirak edirdilər.

Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının direktoru, Qırğızstanın Əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov gecəni açaraq, səfirliyimizlə sıx əməkdaşlıqla rəhbərlik etdiyi teatrda keçirilən yubileylərin iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət etdiyini bildirdi.

Qırğız Respublikası mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafına xidmət edən fəaliyyətinə görə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinə təşəkkürünü bildirdi. O, Mir Cəlalın böyük yazıçı, mütəfəkkir və pedaqoq olaraq Azərbaycanda xüsusi yeri olduğu kimi, bütün türk dünyasında, eləcə də Qırğızıstanda da ehtiramla dəyərləndirildiyini qeyd etdi.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyev görkəmli alim Mir Cəlalın Azərbaycanda ədəbiyyatşünaslığın yaradıcılarından olduğunu vurğuladı. Onun ədəbi janrın bütün növlərindən məharətlə istifadə edərək dövrünün aktual məsələlərini gündəmə gətirmək bacarığından söhbət açdı. Bildirdi ki, Çingiz Aytmatov qırğız xalqını necə hiss edirdisə, Mir Cəlal da öz əsərlərində Azərbaycan xalqının arzu və duyğularını o dərəcə də əks etdirmiş, milli dəyərləri qorumuşdur.

Qırğızıstanın xalq yazıçısı Mar Bayciyev çıxışında özünün Mir Cəlalın tələbələrindən biri olması ilə fəxr etdiyini qeyd etdi. O, ədibin dövrünün aktual məsələlərinə biganə qalmadığını, cəmiyyətdə baş verənlərin onu daim düşündürdüyünü söylədi. Ədəbiyyatın insanları yaxınlaşdırdığı, hazırkı dövrün çağırışlarına adekvat cavab vermək üçün qardaş xalqların mədəni əlaqələrinin möhkəmləndirilməsinin və bir-birinin problemlərinin həllində yaxından iştirak etməsinin vacibliyi qeyd olundu. Mar Bayciyev Dağlıq Qarabağ probleminin Azərbaycan xalqı ilə yanaşı qırğız xalqının da ürəyini ağrıtdığını bildirdi.

Mən bu sətirlərdə deyilənləri tezislər formatında təqdim edərək Mir Cəlal işığına toplaşanlara minnətdarlığımı bildirdim.

Möhtəşəm qala-konserti Qırğızstanın Əməkdar artisti R.Osmonaliyevin rəhbərlik etdiyi A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət edirdi. Azərbaycanın əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızıstanın əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstambayevin ifasında Azərbaycan və qırğız bəstəkarlarının, eləcə də klassik Qərb musiqisi əsərlərindən nümunələr səsləndirildi. Qırğız-Türkiyə “Manas” Universitetinin Türk Dünyası Orkestri və solistləri Azərbaycanın bəstəkar və xalq musiqilərini təqdim etdi.

Yubiley gecəsi Qırğızıstan mediasında geniş işıqlandırıldı, qardaş ölkədə mühüm mədəniyyət hadisəsinə çevrildi.

...Mir Cəlalın anadan olmasının 100 illiyi UNESKO səviyyəsində geniş qeyd olundu. Dünya bu istedadlı nasiri, alimi, mütəfəkkiri ehtiramla yad etdi.

Əminəm ki, bu böyük yazıçının, mütəfəkkirin, pedaqoqun 125 illiyi UNESKO səviyyəsində daha geniş miqyasda qeyd olunacaq, dünya xalqları onun yaradıcılığı ilə daha yaxından tanış olacaq. Bu sətirlər isə, yuxarıda qeyd etdiyim kimi, Mir Cəlal
ümmanından damlalardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında