Xalqımız böyük müdriklik göstərərək cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Möhtərəm Prezidentimiz andiçmə mərasimindəki çıxışında ötən 15 il ərzində qazanılan uğurlara yenidən nəzər saldı, qarşıda duran vəzifələr barədə danışdı. Ölkə başçısının çıxışındakı bir məqamı diqqətə çatdırmaq istəyirəm: “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək.”
Bu kontekstdə milli-mənəvi dəyərlərimizin inkişafı, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı bəzi nailiyyətləri diqqətə çatdırmaq istərdik. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son 15 ildə daha geniş miqyasda həyata keçirilmişdir. Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar sürətlə genişlənmişdir. Dövlət başçısının dediyi kimi xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik.
Mən rəssamam və mədəniyyət sahəsində son 15 ildə həyata keçirilən davamlı tədbirlərin şahidiyəm. Gözlərimiz qarşısında nəinki, paytaxtımızın, eləcə də regionlarımızın mədəni həyatı əsaslı şəkildə yeniləşdi. Bu yeniləşmənin səbəbi isə, söz yox ki, ölkədə mədəniyyətə dövlət qayğısıdır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. Cənab Prezidentimizin belə bir fikrini diqqətə çatdırmaq istərdim: “Biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına, intellektual kapitala çevrilməsi üçün mühüm dövlət proqramları həyata keçirəcəyik”.
Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır. Fəxrlə deyə bilərəm ki, mənim də bir rəssam kimi bu tədbirlərin həyata keçirilməsində əməyim var. Belə ki, Balakəndə salınan böyük xiyabanın, Qusarda Bayraq meydanının, Gənclər Mərkəzinin, Neft Daşlarındakı Heydər Əliyev Parkının tərtibat işləri məhz mənim layihələrim əsasında rellaşmışdır. Cənab Prezidentimizin iştirakı ilə açılışı olan Şamaxı Diaqnostika Mərkəzinin də ətrafının tərtibat işlərinin müəllifiyəm. Daha bir layihəm isə Füzuli rayonundakı Muğam Mərkəzinin tərtibatı ilə bağlıdır. Burada çox maraqlı bir məqamı qeyd etmək istəyirəm. Mən bütün bu obyektlərin açılış mərasimlərində iştirak etmişəm. Hər dəfə də cənab Prezidentimiz bu tədbirlərdə iştirak edərək onlara öz münasibətini bildirib. Maraqlı burasıdır ki, cənab Prezident hər dəfə müəlliflərlə görüşür və təşəkkürünü bildirir. Bu, sənət adamlarına dövlət başçımızın xüsusi diqqət yetirməsinin bariz nümunəsidir.
Son vaxtlar Türkiyənin İzmir şəhərində Heydər Əliyev adına Məslək Liseyi, Qars şəhərində ulu öndərin adını daşıyan sənaye liseyi Şamaxıda Etnoqrafiya muzeyi və digər obyektlərdə tərtibat işləri aparmışıq.
Bu gün elə bir rayon mərkəzi yoxdur ki, öz simasını dəyişməsin . Yeni yaradılan muzeylər, yeni tikilən yüksəkmərtəbəli binalar, parklar, xiyabanlar ölkədə gedən quruculuq işlərinin aydın təzahürüdür.
Mən ulu öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının da şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunmuş, Prezident təqaüdlərinə layiq görülmüş, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilmişdir.
Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun Bəşəriyyətin Qorunan Maddi və Mənəvi İrs Siyahısına salınmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə görkəmli sənət adamlarının — yazıçı və şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.
Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi neçə illərdir qapılarını muğamsevərlərin üzünə açmışdır. Xalça Muzeyinin binası analoqu olmayan arxitektura nümunəsidir. Bu siyahını uzatmaq olar. Əsas olan budur ki, ölkəmizdə mədəniyyətin tərəqqisi davamlı xarakter almışdır.
Bir məsələni də qeyd etmək istərdim. Ulu öndərin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılmışdır. Bu vaxta kimi rəssam kadrların yetişdirilməsi üçün Azərbaycanda ali təhsil müəssisəsi yox idi. Rəssamlarımız əsasən Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alırdılar. Ona görə də müstəqil Azərbaycanın Rəssamlıq Akademiyasının açılması Azərbaycanın mədəni həyatında yeni hadisəyə çevrildi.
Göründüyü kimi, cənab Prezidentimiz mədəniyyətin bütün sahələrinə olduğu kimi rəssamlığa da böyük önəm verir. Rəssamlar İttifaqının yubileyi münsibətilə möhtərəm Prezident rəssamlarımızdan bir qrupu ilə görüşdü, onlara yaradıcılıqlarında böyük uğurlar arzuladı. Dövlətimizin başçısı sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdlərinin verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Möhtərəm dövlət başçımızın siyasəti nəticəsində Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Andiçmə mərasimində cənab Prezident bir daha bu barədə demişdir: “Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq--iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq.”
Cəlil HÜSEYNOV,
Xalq rəssamı, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.