Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Malayziyanın Xarici İşlər, Turizm və Mədəniyyət nazirliklərinin, digər dövlət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti və soydaşlarımız iştirak ediblər.
Mərasimi açan Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev tədbirin təşkilinə göstərilən dəstəyə görə Malayziya Milli Kitabxanasına minnətdarlığını bildirib. O, 2017-ci ilin dekabrında burada Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimat və “Azərbaycanı kəşf et” adlı sərginin açılış mərasiminin keçirildiyini xatırladıb. Qeyd edib ki, budəfəki tədbir səfirliklə Milli Kitabxana arasında mövcud səmərəli əməkdaşlığın davamıdır.
Cari il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri barədə məlumat verən diplomat Azərbaycan vətəndaşlarının öz iradələrini azad, demokratik, ədalətli və şəffaf şəkildə ifadə etdiklərini qeyd edib. Bildirib ki, səslərin 86,02 faizinin İlham Əliyevə verilməsi son illərdə ölkəmizdə həyata keçirilən siyasi və sosial-iqtisadi islahatlara xalqın böyük dəstəyinin təzahürüdür.
Səfir Azərbaycanda demokratik ənənələrin əsasının 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulduğunu diqqətə çatdırıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və möhkəmləndirilməsində, müasir Azərbaycanın qurulması və tərəqqisində göstərdiyi əvəzsiz xidmətlər barədə danışıb. Diplomat ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun aparıcı dövlətinə və dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb. Hazırda Azərbaycanın sabit, müasir və demokratik ölkə olduğunu diqqətə çatdıran Q.Allahverdiyev Azərbaycanda mövcud demokratik təsisatlar, ölkənin uğurlu sosial-iqtisadi inkişafı, xarici siyasətinin nailiyyətləri, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrində iştirakı, mədəniyyətlərarası və dinlərarası dialoqun, eləcə də İslam dəyərlərinin təşviqində rolu, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən bəhs edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün əsas maneə olduğunu bildirən səfir Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulayıb.
2018-ci ildə Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladan diplomat bu münasibətlə Azərbaycan Prezidenti və Malayziyanın Baş naziri, eləcə də xarici işlər nazirləri arasında həyata keçirilən məktub mübadiləsinin hər iki tərəfin qarşılıqlı əlaqələrə verdiyi önəmin təzahürü olduğunu bildirib. O, Azərbaycanla Malayziya arasında ümumi dəyərlər və maraqlara söykənən səmimi dostluq münasibətlərinin, qarşılıqlı anlaşma və etimada əsaslanan sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Səfir Malayziyanın Baş naziri Nəcib Tun Razakın 2014-cü ildə Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdırıb. Azərbaycan və Malayziya parlamentləri arasında əlaqələrin hazırkı səviyyəsinin böyük məmnunluq doğurduğunu bildirən diplomat Azərbaycan hökumətinin Malayziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini vurğulayıb. O, enerji sektorunda, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasında ikitərəfli səmərəli əməkdaşlıq barədə danışıb.
Çıxış edən Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah Ahmad Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşr edilməsindən və kitabın təqdimatının Milli Kitabxanada keçirilməsindən böyük məmnunluq duyduqlarını ifadə edib.
Tədbirin Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə təsadüf etdiyini bildirən baş direktor hazırkı tədbirin bu əlamətdar günün təbliğinə dəstəyin nümunəsi olduğunu bildirib, Azərbaycan səfirliyinin Malayziyada kitab sənayesinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
N.Ahmad “İlham Əliyev” kitabının ümummilli lider Heydər Əliyevin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkə rəhbərliyinə aparan həyat yoluna həsr edildiyini, bu zəngin həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd edib. O, “Heydər Əliyev” kitabı kimi bu kitabın da Malayziyada böyük uğur əldə edəcəyinə inandığını bildirib.
Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir mühüm tədbirin təşkilinə görə Malayziya Milli Kitabxanasına və Azərbaycanın Malayziyadakı səfirliyinə minnətdarlığını bildirib. O, “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın uğurları və nailiyyətləri ilə tanış olmaq üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin dost Malayziya ilə əməkdaşlığın daha da genişləndirilməsinə daim xüsusi diqqət göstərdiyini qeyd edən deputat Milli Məclisin Malayziya parlamenti ilə əməkdaşlığı genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Azərbaycanla Malayziya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirən Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə işin davam etdiriləcəyinə inamını ifadə edib. O, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti, uğurları və nailiyyətləri ilə tanış olmaq üçün qonaqları ölkəmizə səfərə dəvət edib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi olduğunu, Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini qazandığını qeyd edib. O, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifah halının yüksəldiyini, daxili və xarici siyasətdə böyük uğurlar əldə edildiyini bildirib.
“Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın son dövr tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğu, kitabın malay dilində nəşr edilməsinin Azərbaycanla Malayziyanın yaxınlaşmasında mühüm rol oynayacağı vurğulanıb.
Sonra səfirlik tərəfindən Malayziya Milli Kitabxanasına “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşri, “İlham Əliyev. Prezidentin portreti” kitabı, xalqımızın mədəni irsinin nümunəsi olaraq kəlağayı və çay dəsti hədiyyə edilib.
Tədbir müasir Azərbaycanın inkişafından və nailiyyətlərindən bəhs edən filmin nümayişi ilə davam edib.
Tədbir iştirakçılarına “İlham Əliyev” kitabının malay dilində nəşri və milli suvenirlər paylanıb, milli mətbəximizin təamları təqdim edilib.
Vüqar Ağayev,
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.