Etiraf etmək lazımdır ki, sovet dövründəki ədəbiyyat siyasətinin bəzi normaları elmi düşüncəmizdə hələ də qalır və özünü büruzə verir, bizə ədəbiyyatımızın həqiqi mahiyyətini açmaqda mane olur. Bütövlükdə klassik irsimiz, o cümlədən sovet dövrü ədəbiyyatımız keçmiş rejimin metodologiyası ilə dəyərləndirmənin ağrısını hələ də çəkməkdədir. Xüsusən XX əsr Azərbaycan ədəbiyyatının yenidən dəyərləndirilməsinə daha artıq ehtiyac hiss edilir.
XX əsr ədəbiyyatının böyük nümayəndələrindən biri olan Mir Cəlalın yaradıcılığının müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsi ilə elmi araşdırmaya cəlb edilməsi xüsusilə aktualdır.
Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığında 1920-ci ildən sonrakı ədəbiyyatımız əsasən iki mərhələdə öyrənilmişdir: 1920-ci ildən 1950-ci illərin sonlarına qədərki mərhələnin ədəbiyyatı sosrealizmin qəti normativləri çərçivəsində olan ədəbiyyat kimi, 1950-ci illərin sonlarından (bəzi tədqiqatlarda isə 50-ci illərin ortalarından) sonrakı mərhələ isə sosrealist estetikanın çərçivələrinin dağılması və yeni keyfiyyət mərhələsi kimi qəbul edilmişdir.
Məhz bu mərhələnin ədəbiyyatında kommunist rejiminin ədəbiyyat siyasətinə müqavimət ruhunun meydana çıxması, sosrealist estetikanın prinsiplərindən kənaraçıxma proseslərinin baş verməsi, ədəbiyyatın daxili qanunlarına istinad və şəxsiyyət başlanğıcının ön plana çəkilməsi ədəbiyyatşünaslığın elmi-nəzəri və metodoloji dəyərləndirmələrinin əsasında dayanır. Sovet rejiminə tənqidi münasibətin də məhz bu mərhələdən başlanması haqqında formalaşan elmi fikir hələ də ədəbi dövriyyədə qalmaqdadır. Lakin 50-ci illərin ortalarına qədərki ədəbiyyatın bədii mətn həqiqətləri əsasında əhatəli, eyni zamanda, içtimai-siyasi və ədəbi-mədəni proseslərlə sıx əlaqədə öyrənilməsi ədəbiyyatşünaslığımızdakı bu təsnifata tənqidi yanaşmağı qaçılmaz edir.
Sənətkarın yaradıcılığını qiymətləndirmənin ən düzgün metodoloji yolu tarixilik prinsipinə əməl edilməsidir.Məsələlərə məhz tarixilik prinsipi ilə yanaşsaq, 1946–1948-ci illər arasında UİK(b)PMKnın ədəbiyyat və incəsənət haqqında bir-birinin ardınca çıxan qərarlarını xatırlamaq lazım gəlir. Yuxarıda qeyd etdiyimiz kimi, bizim ədəbiyyatşünaslıq milli ədəbi prosesdə sosrealizmin estetik çərçivələrinin dağıdılmasını, ən yaxşı halda Stalinin olümündən sonrakı illərə, prinsip etibarı ilə 50-ci illərin ortalarından sonraya aid edir. Ancaq “Ədəbiyyat və incəsənət haqqında” 1946–1948-ci il qərarlarının məzmunu Ümumittifaq miqyasında bu prosesin 40-cı illərin əvvəllərindən başlaması haqqında düşünməyə imkan verir.
Belə təəssürat yaranır ki, 1946-1948-ci il qərarları milli ədəbi ənənələrdən gələn və ədəbiyyatın daxili qanunlarından güc alıb özünü az-çox mühafizə edib saxlayan estetikliyin və həyat həqiqətinə sədaqətin qarşısına maneə yaratmaq üçün verilmişdi?
1946–1948ci illərin qərarları Ümumittifaq miqyasında 40-cı illərin əvvəllərində antimarksist estetik düşüncə ilə ədəbiyyatın daxili qanunlarından çıxış edərək yazıb-yaradan onlarca, bəlkə də yüzlərcə sənətkarın adını, fəaliyyətinin məzmununu hifz edib saxlayır. Əsasən rusiyalı sənətkarlara qarşı yönəldilmiş ittihamların dəyişikliklə bizim milli ədəbi prosesdə Mir Cəlalın, S.Rəhimovun, S.Rəhmanın və başqalarının ünvanına da işləndiyini, onların da yaradıcılığının “Qərarlar”dakı ittihamlara tuş gəldiyini görmək mümkündür. Bu səsləşmə təsadüfi idimi? Bəlkə, bu, milli ədəbi tənqidin mərkəzdə baş verənlərə, sadəcə, adekvat hallar tapmaq və özünü sığortalamaq cəhdləri idi? Bəlkə, Rusiya yazıçıları Zoşşenko və Axmatovadan fərqli olaraq, Mir Cəlalda antisovet estetik düşüncə axtarmaq tamam əbəs bir işdir?
Tənqid sənətkarlar qarşısında qəti ideoloji tələb və sxem qoyurdu. Milli ədəbi prosesin Anna Axmatova və Mixail Zoşşenko kimi həyat həqiqətinə xəyanət etmək tələbi ilə razılaşmayan sənətkarları “həyatımızın yeni keyfiyyətlərini göstərməklə tənqid etməyi uyuşdurmaq” (M. Arif ) tələbini rədd edir və öz mövqelərini israrla müdafiə edirdilər: “Biz yazıçılar sosializm əmlakını oğurlayanlara, rüşvətxorlara qarşı mübarizə etməyəkmi? Biz yazıçılar utopik bir xəyala qapılıb ulduzlara qalxaqmı?”( S.Rəhimov). Elə isə, “Xalauşağı”, “Şərbətalı” hekayələrini də (S.Rəhimov), “Aşnalar” komediyasını da (S. Rəhman ), “Açıq kitab” romanını da milli estetik düşüncənin kommunist rejiminin ədəbiyyat siyasətinə müqavimət hərəkatının nəticəsi kimi qiymətləndirmək daha obyektiv qənaət olmazmı? 40-cı illərin sonlarında ədəbi prosesdə kəskin ittihamlara tuş gələn əsərlərin bədii mətnlərinə dərindən nüfuz etdikdə tənqidin narahatlığının heç də əsassız olmadığını, Mir Cəlalın da yaradıcılığında – “Açıq kitab”da, hətta dövrün ədəbi tənqidinin ümumən təqdir etdiyi “Bir gəncin manifesti”ndə də müşahidə etməyin mümkünlüyünü düşünmək lazım gəlir.
Mir Cəlal haqqında çox yazılıb və bu, müstəqillik dövründə daha da intensivləşib. Ədəbiyyat tarixlərimizdə, ali və orta məktəb dərsliklərində ona xüsusi oçerklər həsr edilib, ədəbi portreti yaradılıb. Lakin sovet dövrünün bu böyük yazıçısının yaradıcılıq imkanlarının, əsərlərinin həqiqi ideya-estetik mahiyyətinin dərinliklərinə axıra qədər nüfuz edilməyib. Haqqındakı monoqrafik araşdırmalarda da Mir Cəlalın bədii yaradıcılığının, xüsusən romanlarının elmi dəyərləndirilməsində sovet ədəbiyyatşünaslığına xas stereotip yanaşmadan yaxa qurtarmaq mümkün olmayıb.
Bu təhlillər həmin əsərləri ümumən yazıldığı zamanın axarında dəyərləndirib. Mir Cəlalın əsərlərində, xüsusən “Bir gəncin manifesti” və “Açıq kitab” romanlarında da zamanın siyasətinə müxalif mövqeyi, əsaslı şəkildə bədii ifadəsini tapan antirejim əhvaliruhiyyəsi və düşüncəsi elmi analiz predmeti olmayıb. Məhz bu istiqamətdə ədəbiyyatşünaslıq təhlillərinə xüsusi ehtiyac yaranır. Adıçəkilən romanların həqiqi məzmunu bu istiqamətin elmi açılışı zamanı tam şəkildə ortalığa çıxa və bütövləşə bilər.
1939-cu ildə yazılmış “Bir gəncin manifesti” romanında AXC-nin çökdürülməsi və Azərbaycanda sovet hökumətinin qurulması illərinin hadisələri əks etdirilir.
Postmodernist tənqiddə çox maraqlı bir tezis var. Bu cərəyan hesab edir ki, “bədii əsərin öz strukturu etibarilə bitib-tükənməz məna potensialına malik olması böyük əhəmiyyət kəsb edir” (Q. Quliyev). Bəlkə, biz “Bir gəncin manifesti”nə “bitibtükənməz məna potensialı” prizmasından yanaşaq? “Sovet hakimiyyəti uğrunda gedən mübarizə”ni də, uzaqbaşı, bu məna potensialının bir xətti hesab edək? Yəni bizə aydın deyil ki, sovet tənqidi “Bir gəncin manifesti”ndəki “çox zəngin məna potensialından” məhz zamanın, mühitin, siyasi rejimin təbiətinə uyğun gələn ancaq birini “sovet hakimiyyəti uğrunda gedən mübarizə”ni qabardırdı? Eyni zamanda, axı sovet tənqidi özü də (M.Arifin simasında) əsərdə “xalq ruhunun” əks olunduğunu etiraf etmişdir. Bəlkə, bu etirafdan yapışıb postmodernist nəzəriyyənin tələb etdiyi kimi, romanın materialına “mətn” kimi yanaşaraq, onu yenidən oxuyaq? Sovet tənqidinin üstündən sükutla keçdiyi, qabartmadığı milli və bəşəri məzmunu önə çəkək? Fikrimizcə, ən düzgün yanaşma elə budur. Romanda təsvir edilən hadisələr öz tarixi səciyyəsi ilə diqqəti daha artıq cəlb edir və şərti-metaforik təsvir üsulu ilə bunun mükəmməl ifadəsini verir.
Tarixi dövrün mənzərəsini necə əks etdirdiyini düzgün təsəvvür etmək üçün romandakı ingilis obrazlarının üzərində xüsusi dayanmaq lazım gəlir. Çünki məhz bu obrazlar 1918–1919-cu illərdə Azərbaycanda baş verən siyasi hadisələrin romandakı inikasını başa düşmək üçün açar ola bilər.
Romanın altıncı fəsli “Gecənin hökmü”, səkkizinci fəsli isə “Sonanın cavabı” adlanır. Hər iki fəsil pritça üsulu ilə yazılmış və başdan-ayağa metaforik məzmunludur. Bu pritçalar 1918–1919-cu illərdə ingilislərin hərbi qüvvə ilə Azərbaycana gəlişinin və burada, sözün həqiqi mənasında, özlərini müstəmləkəçi ağalar kimi aparmasının bədii ifadəsidir. Hər iki pritçada münaqişə Sona-ingilis qarşıdurmasından yaranır. Birincidə ingilis Sonanın kiçik oğlu Baharın yeganə sevinci olan heyvanı – ceyranı onun əlindən zorla almaq istəyir. İkincidə Sona satmaq istədiyi “Yusif-Züleyxa” xalçasını yadlara satmaqdan imtina edir, ingilisin təklif etdiyi “yüz qızıl”ı belə qətiyyətlə rədd edir. Hər iki pritçadakı ingilis obrazları yadellilərin Azərbaycandakı ağalıq, müstəmləkəçilik siyasətini simvollaşdırır. Sona bir ana obrazı olaraq, Azərbaycan qadınlarının, analarının ən yaxşı sifətlərini özündə cəmləşdirərək, həm də ana Vətənin – Azərbaycanın rəmzidir. Bütün qarşılaşmalarda Sonanın ingilisə qarşı açıq və gizli şəkildə üzə çıxan nifrəti Azərbaycan xalqının ingilis müstəmləkəçiliyinə müqavimətini əks etdirir. “Gecənin hökmü” pritçasındakı ceyran, “Sonanın cavabı”ndakı “Yusif-Züleyxa” xalçası Vətənin maddi sərvətlərinin simvolu kimi metaforalaşır.
Mir Cəlal çox usta şəkildə “Gecənin hökmü”ndəki mövzunu “İtə ataram, yada satmaram” pritçasında davam etdirir. İlk baxışda cərəyan edən hadisələrə münasibətdə bir o qədər mahiyyət fərqi görünmür. Müəllif sanki eyni mövzunu müxtəlif süjet xətlərində, hadisə təqdimində ifadə edir. Lakin bu pritçalar birbirinin davamıdır, ikinci birincini tamamlayır. “İtə ataram, yada satmaram”da işğalçıların iç üzünü açmaq, onları xalqa tanıtmaq, onlara nifrət oyatmaq, insanlara mübarizə əzmi aşılamaq məqsədi daha geniş müstəviyə çıxarılır. “Gecənin hökmü”ndə Sonanın işğalçılara qarşı açdığı mücadilənin meydanı bu pritçada daha dərinlərə işləyir, ümummilli hərəkata çevrilir. Müəllif metaforik üslubun bütün imkanlarını səfərbər edərək buna nail olur. “Gecənin hökmü”ndə öz mücadiləsində Sona təkdir. Səsini eşidən yoxdur. Lakin təkliyi onu qorxutmur. “Körpə bir uşağın sevincini də qarət edən bu “canavar iştahlılar”a qarşı mücadilə meydanına Sona tək çıxır. Öz qərarını verir: “Mən Sona deyiləm, əgər bu ceyrana ingilis əli dəyə!” Ceyran metaforası artıq burada Vətən torpağı, Vətən sərvətləri kimi mənalandırılır. Sonanın düşüncələrinə diqqət yetirək: “Sanki Sona Vətənin, xalqın başına gələn fəlakətləri öz həyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini də qarət edən bu canavar iştahlıları kim, nə zaman bizim ana torpaqlardan qovacaqdır? Nə zaman, nə zaman?...
Sonanın ən böyük arzusu bu günü görmək, bu qarətçi quldurların dalinca ağır bir daş atmaq idi... Ax, balalarım olmayaydı, düşmənimi dişimlə didərdim!...”
Vətənin sərvətlərini soyub talayanlara qarşı Sona dişiylə, dırnağı ilə çıxmaq əzmindədir. Sona sözünü əməli işində də sübut edir. Nəhəng bir işğalçı qüvvənin bütün təhdidlərini, ölümü belə gözə alaraq ceyranı ingilisə təslim etmir, onu meşəyə qaçırır. Ceyranın meşəyə qaçırılması və ingilisin qucağına verilən eşşək qoduğu işğalçılara qarşı başlanan milli mücadilə hərəkatının başlanğıc mərhələsini ifadə edir. Romanda Sonanın simasında gerçəkləşən mübarizəyə “İtə ataram, yada satmaram”da bütün xalq, millət qoşulur. “Yusif-Züleyxa” xalçasını ingilisə satmaqdan qəti imtina edən Sonaya bütün xalq arxa durur. Onun qətiyyətli hərəkəti, “itə ataram, yada satmaram” qənaəti xalqın birliyindən, mübarizə amalından, işğalçılara nifrət hissindən, milli varlığa sonsuz sevgisindən güc alır. Mir Cəlal xalqın nümayiş etdirdiyi bu milli həmrəyliyi, yenilməz iradəni sevəsevə tərənnüm edir. O, öz təsvirlərində işğalcı qüvvənin təmsilçilərinə qarşı xalqın içində qaynayan qəzəbi, püskürən alovu olduqca sənətkarlıqla ifadə edir: “Adamlar ona (ingilisə- T. S. ) sümsük itə baxan kimi ikrah və nifrətlə baxırdılar. Sanki bu baxışlar deyirdi:
–Bunu bizim içimizə buraxan, atana lənət!”
Mir Cəlal Sonanın qeyri-adi ixtiyar sahibi ingilisin qarşısında öz iradəsini yerinə yetirməsində ümumxalq həmrəyliyinin həlledici rolunu önə çəkir:
“Sona daha da acıqlandı. İti və həyacanlı nəzərləri ilə həm taciri, həm də misteri süzüb əli ilə qəti rədd işarəsi verdi:
– İtə ataram, yada satmaram!
Sona arxasını misterə və tacirə çevirib elə cəld gedirdi ki, deyəsən, evdə yağı daşır. Onun dalınca iki həris canavar gözü baxır, yanırdı. Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları bu namuslu qızı və qeyrətli ananı yola salırdı: – Halal olsun! – Halal olsun belə qadına! O nə dayanır, nə dinir, nə geri baxırdı. Qəlbində qaynayan Vətən təəssübü və analıq qüruru ilə başını uca tutub gedirdi”. On qızıl əvəzinə yüz qızıl təklif edən ingilisə Sonanın tərəddüdsüz “yox!” cavabı millət övladının Vətən naminə fədakarlığını göstərir. Lakin övladını həbsdən qurtarmaq üçün arzularının simvoluna çevrilən “Yusif-Züleyxa” xalçasını satmaq qərarına gələn Sonanın Vətəni işğalçı qüvvələrdən mühafizə naminə oğlunun taleyindən belə keçməsi Azərbaycan vətəndaşının qeyri-adi milli şüurunu ifadə edir, gələcəyə nikbin baxışı şərtləndirir.
Bir estetik kateqoriya olaraq biz tarixiliyin gücünü onun müasirliyində axtarırıq. İngilis işğalçı rejiminə milli varlığın müqavimət hərəkatını bütün incəliklərinə qədər bədii təhlilin mərkəzinə çəkəndə vətəndaş yazıçının Vətəni başqa bir işğalçı rejim altında idi. “Boz şeytan”ı “ağ ayı” əvəz etmişdi. Mir Cəlalın qələmində milli şüura yeridilən işğalçılığa barışmaz münasibət ideyası Vətən övladını yeni bir mücadilə meydanı açmağa, “ağ ayı” ilə mübarizəyə səfərbər edirdi. “Bir gəncin manifesti” həm də bitib tükənməyən bu mübarizə pafosu ilə müasirdir.
“Dirilən adam”da da müəllif konsepsiyası inqilab sujetinin fövqündə dayanır. Balzakın “Palkovnik Şaber” povestinin “Dirilən adam” süjetinin mahiyyətində mövcud cəmiyyəti tənqid, ictimai quruluşun ünvanına deyilənlər onu inkara gətirib çıxarmadığı kimi, Mir Cəlalın da əsas hədəfi mövcud ictimai sistem deyildir. Balzak kimi, Mir Cəlal da mövcud siyasi sistemin fövqündə dayanaraq, öz estetik idealına bəşəri məzmun, məna verə bilir. İstər Balzakda, istərsə də Mir Cəlalda “Dirilən adam” süjetinə müraciət bəşəri bir ideyanın milli, tarixi məzmunda ifadəsinə xidmət edir. Bu ideyanın bütün məğzi və mətləbi insana verilən dəyərlə ölçülür. “Dirilən adam”da süjet xəttinin bütün inkişafı boyu bu ideya-konsepsiya yazıçının diqqət mərkəzində qalır.
İnsana humanist münasibət “Dirilən adam” süjetinin bütün mahiyyətinə hopur. İlk növbədə, müəllif ideyası Qədir-Qumru ailəsinin heç bir insanlıq çərçivəsinə sığışmayan əməl və vasitələrlə dağılması prosesində gerçəkləşir. Müəllifin dağılan ailənin üzvlərinin məsumluğunu, saflığını, xarakterlərinin milli, tarixi varlıqdan gələn ən davamlı ənənələrdən güc almasını ön plana çəkməsi baş verən hadisələrin sosial və fəci məzmununu qat-qat qüvvətləndirir. Mir Cəlalın insan konsepsiyası həm də onun vətəndaşlıq konsepsiyası kimi mənalanır. Qədir – Qumru səadətinə qarşı çıxanların öz məqsədlərinə çatmaq üçün heç bir əməldən çəkinməməsi, Bəbir bəy və tərəfdarlarının çırkin niyyətlərini həyata keçirmək üçün ictimai mühitdən çox güclü dəstək almaları, bütövlükdə cəmiyyətin Qədirin tifaqını dağıtmaqda eyni nota köklənməsi ictimai əxlaqın pozulduğunu, milli və vətəndaş şüurunun səviyyəsizliyini nümayiş etdirir. Mir Cəlal bütün məsələləri bir kənara qoyub əsas diqqəti insanın insana münasibəti üzərinə çəkir.
Cəmiyyətin maddiyyat əsirinə çevrilməsinin, bütün mənəvi dəyərlərə arxa çevirməyin son nəticədə həmin cəmiyyətin özünü qurbana çevirəcəyi haqqında xəbərdarlığın mahiyyəti müəllif təhkiyəsində özünə yer alan bir rəvayətdə çox ciddi təfsirini tapır: “Cırcırlara” yaxınlaşdılar. Deyilənə görə, bura ən təhlükəli dərə idi. Suyu çoxdan qurumuşdu. Burada ədavətdən bir körpənin – südəmərin başı kəsildiyi üçün bulaq batmış, yaxın olan kənd dağılmış, quşlar da köçmüş, dərə ilan – əjdaha yuvası olmuşdu. Buradan keçən yolçular qorxudan kiriyir, dörd gözlə fəlakət gözləyirdilər” . Bu rəvayət, əslində, müəllifin insan konsepsiyasının pritça üsulu ilə ən yüksək fəlsəfi ifadəsi idi. Müəllif bu pritçada insana qeyriinsani münasibətin son aqibətini simvollaşdırmışdı. Bu simvolun “Dirilən adam”da cərəyan edən hadisələrlə birbaşa əlaqəsi əsərdə realist planda təsvirini tapan körpə Faxirənin dəhşətli ölüm səhnəsində reallaşır.
Həqiqi bədii ədəbiyyat heç vaxt insana humanist münasibətdən kənarda yaranmamışdır və yaranmayacaq. Buna görə də Mir Cəlalın romanları insanlığın “ manifesti” kimi həmişə yaşayacaq.
Təyyar SALAMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.