Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi

Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa təşkil olunmuşdur.

Ölkəmizdə aqroturizmin inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi həyata keçirir.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışmışdır. Məlumat verdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, həyata keçirilən infrastruktur layihələri Azərbaycanda turizm sənayesinin inkişafını təmin edib. Hazırda ölkəmizdə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən turizm müəssisələri var. Bu da ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına müsbət təsir göstərir.

Qeyd olundu ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə  ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. Hazırda “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  kənd yerlərində turizmin inkişafı üçün bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems qeyd etdi ki, Aİ Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrin maliyyə dəstəkçisi kimi çıxış edib. Aqroturizmin inkişafının da dəstəklənməsi bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır: “Bu gün Azərbaycanda turizm sənayesi inkişaf etməkdədir. Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Bu turizm növü Avropada geniş yayılıb. İnanırıq ki, Azərbaycanda da turizmin bu növü daha geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanlarının maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”.

Bildirilmişdir  ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək.

“Yerli İdarəetməyə Yardım”  İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm Azərbaycanda turizmin inkişafda olan yeni növüdür. Biz bu sahə üzrə həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahənin inkişafının təmin olunmasını düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda bir nümayiş fermer təsərrüfatları yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”. Qeyd olundu ki, turistləri arqoturizmə cəlb etmək üçün bu sahə üzrə ayrıca portalın yaradılması da nəzərdə tutulub.

Sonra layihə tədbir iştirakçılarına təqdim olunmuşdur..

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında