Qəbələnin Nic qəsəbəsində Pasxa bayramı qeyd edilib

Qəbələnin Nic qəsəbəsində yaşayan udilər Pasxa bayramını qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nic qəsəbəsindəki “Cotari” kilsəsində təşkil olunan bayram mərasimində iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və təşkilatların rəhbərləri Alban-Udi Xristian Dini İcmasının üzvlərini və qəsəbə sakinlərini Pasxa bayramı münasibətilə təbrik ediblər.

Alban-Udi Xristian Dini İcmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Natiqlər rayonda udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər.

Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udi xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udi xalqının qədim ənənəsi canlandırılıb, udi dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr hamıda xoş əhval-ruhiyyə yaradıb.

Məlumat verilib ki, sovet dövründə udilərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra udilər dini bayramlarını qeyd etməyə başlayıblar. 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari” məbədi udilərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Həmçinin Oğuz və Bakıda 300 udi qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında