Aprel döyüşlərinin bədii salnaməsi

Tanınmış yazıçı-publisist, bir sıra tarixi romanların və ümumtürk tarixinə aid sanballı tədqiqatların müəllifi Yunus Oğuz Qarabağ müharibəsində xalqımızın Qələbə əzmini və hərbi qüdrətini qəti olaraq təsdiq etmiş Aprel döyüşlərinin ikinci ildönümü günlərində hərb tariximizə qızıl hərflərlə yazılan bu hünərin ilkin bədii salnaməsini yaradan “Ovçu” romanını oxuculara təqdim etmişdir.

Təqdimatı giriş sözü ilə açan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirdi ki, dövlətçilik tariximizin ayrı-ayrı dövrlərinin və görkəmli şəxsiyyətlərinin sənətdə bədiiləşmiş salnaməsi yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyəsində, gəncliyin vətəndaşlıq borcunu dərindən anlamasında önəmli örnəklərə çevrilir. Bu baxımdan milli ədəbiyyatımızda Atillanın, Əmir Teymurun, Təhmasib və Nadir şahların bədii obrazlarını yaratmış yazıçı-tədqiqatçı Yunus Oğuzun bizim günlərin zəfər hadisəsinə müraciət etməsi ədəbi-bədii qanunauyğunluq –  yəni baş verənlərdən müəyyən zaman keçməsi tələbi baxımından nisbətən tez görünsə də, vətəndaşlıq nöqteyi-nəzərindən tamamilə təbii sayılmalıdır.

Akademik kitaba yazdığı ön sözdə də vurğuladığı kimi, qeyd etdi ki, yeni hadisələr, adətən, ədəbiyyata zamanın süzgəcindən  keçib bədiiləşmək səlahiyyəti qazanandan sonra gəlir. Yunus Oğuz isə Aprel hadisələrini tarixi təkrarlanmalar müstəvisində uğurlu paralellər apara bilmək məharəti ilə bədiiləşdirə bilmişdir. Müəllif Aprel döyüşlərinin qəhrəmanı olmuş Murad Mirzəyevin ədəbi obrazını babaların ən ali tarixi missiyasını – Vətəni qorumaq borcunu məsuliyyət və ləyaqətlə  yerinə yetirmək çevrəsində yaratdığına görə zaman həddi aradan qalxmışdır. Necə deyərlər, romanda tarix müasirləşmiş, yaşadığımız günlər isə bədiilik axarında tarixləşmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölmə müdiri Qafar Əliyev Aprel döyüşlərinin 30 illik Qarabağ savaşı marafonunda ən parlaq səhifə olduğunu, xalqımızın yurdsevərliyini, dövlətimizin hərbi qüdrətini düşmənə və onun himayədarlarına qədərincə anlatdığını söylədi. Dövlət rəsmisi bildirdi ki, Qarabağ müharibəsini Qələbə mövqeyinə çıxarmış bu hadisənin artıq əfsanələşən epizodlarını qəhrəmanlıq tariximizin davamı olaraq çağdaş oxucuya çatdıran tarixi romanlar ustası Yunus Oğuz günümüzün zəruri bədii tələbatını dolğun cavablandırmışdır.

Milli Məclisin deputatları– Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yazıçı-publisist Qənirə Paşayeva, kitabın bədii redaktoru, yazıçı Elçin Hüseynbəyli, ədəbiyyatşünas Güllü Yoloğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Ovçu” tarixi romanının mövzu aktuallığı və bədii sənətkarlığı barədə mülahizələrini  açıqladılar. Natiqlər yazıçını yeni yaradıcılıq uğuru münasibətilə təbrik etdilər, əsərin geniş oxucu auditoriyasına çıxarılması, ekranlaşdırılması ilə bağlı təkliflərini də səsləndirdilər.

Xaricdəki diaspor təşkilatlarının rəhbərləri Cavad Dirəxti, Mirkazım Seyidov və Rəşad Quliyev davakar və böhtançı erməni diasporu ilə mübarizədə Azərbaycan həqiqətlərinə mötəbərlik və üstünlük qazandırmış Aprel döyüşləri barədə sənədli mənbələrə yeni bir bədii əsərin də əlavə olunmasını məmnunluqla qeyd etdilər. Onlar romanın ölkəmizdən kənarda yaşayan soydaşlarımız üçün də maraqlı olacağını söylədilər.

Azərbaycan Ordusunun Aprel döyüşlərində misilsiz şücaət göstərərək yüksək dövlət təltiflərinə layiq görülən zabitləri Natiq Mehdiyev və Anar Məmmədov isə qəhrəmanlıqdan bəhs edən bədii əsərlərin Vətən müdafiəçilərinə mənəvi zənginlik və döyüşkənlik  aşıladığını vurğuladılar. Zabitlər döyüş yoldaşları olmuş şəhid qəhrəman Murad Rzayevin ədəbi obrazını və Aprel döyüşlərinin bədii salnaməsini yaratdığına görə yazıçı Yunus Oğuza təşəkkürlərini bildirdilər.

Milli Qəhrəman Murad Rzayevin atası Telman Mirzəyev oğlunun hünərini xalqımızın ali amal və əməllərini əks etdirən və yaşadan bədii ədəbiyyatda əbədiləşdirdiyinə görə müəllifə ailəsi adından razılığını bildirdi. O, Qarabağın işğaldan tam azad edilməsinin övlad, ata, ər itkisi ilə üzləşmiş ailələrin qəlbinə məlhəm olacağını və şəhidlərin ruhunu sevindirəcəyini söylədi.

Sonda Yunus Oğuz yeni əsərinin ictimai qayəsini, estetik dəyərini açıqlayan mülahizələrin və verilən yüksək qiymətin onu bədii axtarışlara, tarixi romanlar silsiləsini davam etdirməyə ruhlandırdığını dedi, xoş sözlərə görə minnətdarlıq etdi.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında