Görkəmli Azərbaycan ədibi, alimi və pedaqoqu Mir Cəlal Paşayev Qırğız Respublikasında böyük ehtiramla yad edilmişdir

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Bişkekdə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan ədibi Mir Cəlalın 110 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Yubiley gecəsini giriş sözü ilə açan teatrın direktoru, Qır­ğızstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov Azərbaycan səfirliyi ilə birgə keçirilən mədəni tədbirlərin iki qardaş xalqın daha da yaxınlaş­masına, həmrəyliyinə xidmət etdiyini qeyd etmişdir.

Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Tu­rizm nazirinin müavini Aynura Temirbekova Mir Cəlalın böyük yazıçı, pedaqoq, ədəbiyyatşünas olaraq XX əsr Azərbaycan ədəbi-elmi mühitində xüsusi yeri olduğunu, bütün türk dün­yasında, eləcə də Qırğızıstanda da məşhur yazar kimi tanın­dığını və dəyərləndirildiyini vurğulamışdır.

Azərbaycan Respublika­sı Milli Məclisinin deputatı Cavanşir Feyziyev görkəmli yazıçı, ədəbiyyatşünas və pe­daqoq Mir Cəlalın Azərbaycan bədii nəsrinin və ədəbi-ictimai fikrinin inkişafında misilsiz xidmətlərindən söhbət açmış­dır. O, realist yazarın ədəbi yaradıcılığın bir çox janrın­dan məharətlə istifadə edərək dövrünün aktual məsələlərini gündəmə gətirdiyini söyləmişdir. Deputat vurğu­lamışdır ki, Çingiz Aytmatov qırğız xalqının mənəvi aləmini necə hiss etmişdirsə, Mir Cəlal da Azərbaycan ictimai-siya­si mühitinin ziddiyyətlərini, xalqının arzu və düşüncələrini yüksək sənətkarlıqla ədəbiyyata gətirmiş, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi amalı ilə yazıb-yaratmış, bu məfkurəyə əməli sadiqliyi ilə yüksək nüfuz qazanmış, ustad sənətkar səviyyəsinə yüksəlmişdir.

Qırğızıstanın Xalq şairi Mar Bayciyev Mir Cəlalın tələbələrindən biri olduğu ilə öyündüyünü qeyd etmiş, unudulmaz müəlliminin öz ya­radıcılığında tarixi həqiqətlərin geniş bədii salnaməsini yaratdığını bildirmişdir. Şair Mir Cəlal kimi yetkin yazarı türk dünyasına bəxş etmiş Azərbaycan xalqının Dağlıq Qa­rabağ kimi beynəlxalq düyünə düşmüş probleminin ədalətlə çözülməsinə qırğız xalqının da yetərli dəstəyinin gərək olduğu­nu söyləmişdir.

Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov özünün də təmsil olunduğu yazarlar nəslinin ədəbi-estetik müəllimi olmuş Mir Cəlalla bağlı xatirələrindən söz açmış, ustad sənətkarla şəxsi ünsiyyətin həyatında önəmli rol oynadığı­nı demişdir. Səfir Mir Cəlalın ədəbi-elmi yaradıcılığı barədə mülahizələrini də söyləmiş, onun realist Azərbaycan nəsrinin yeni səviyyəyə yüksəldilməsində müstəsna xidmətlərini vurğulamışdır. Dip­lomat sonda Mir Cəlal irsinin və xatirəsinin işığına toplaşanlara minnətdarlığını bildirmişdir.

Yubiley mərasimi Qır­ğızıstan Akademik Simfonik Orkestrinin müşayiəti ilə möhtəşəm konsertlə davam et­mişdir. Azərbaycanın Əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızıs­tanın Əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstam­bayevin ifasında hər iki ölkənin xalq musiqisi və bəstəkar əsərləri, “Manas” Universite­ti Türk Dünyası Orkestrinin çıxışı iştirakçılara türk ruhunun ucalığını və ölməzliyini bir daha duydurmuşdur.

Yubiley mərasimində Qırğız Respublikasının hökumət üzvləri, deputatlar, digər rəsmilər və tanınmış ziyalılar, beynəlxalq və xarici ölkə nümayəndəliklərinin təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında