“Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filmi təqdim olunub

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başladı.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür etdi. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, – deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirdi.

Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verdi. Qeyd etdi ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park – Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan video-çarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə
5 milyondan çox baxış olduğunu söylədi. Vurğuladı ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirdi və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu dedi.

Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirildi. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında