Anarın 80 illiyi İstanbulda qeyd edildi

İstanbuldakı Yeni Yüzyıl Universitetinin Alev Ofluoğlu adına salonunda Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 80 illiyi münasibəti ilə toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Ədəbiyyatı Vəqfi və Yeni Yüzyıl Universitetinin birlikdə təşkil etdiyi toplantının açılışında çıxış edən Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı türk dilli ədəbiyyatların önəmli  təmsilçiləri üçün Dədə Qorqud mükafatı  təsis etdiklərini, ilk mükafatın Anara verilməsinin qərarlaşdırıldığını açıqlayıb.

Anarın yaradıcılığı ətrafında aparılan diskussiyada Yeni Yüzyıl Universiteti Sosial araşdırmalar institutunun  direktoru, professor Erol Ülgen  “Bu  gün dəbdə olan terminlə desək, Anar yerli və milli yazardır, onun yaradıcılığını təhlil edəndə sanki 350 milyonluq türk dünyasını birləşdirməyi qarşısına məqsəd qoyduğunu görürük”, - deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid diskussiyadakı çıxışında Anarın 1960-cı ildə başlayan ədəbi, publisistik, ssenariçilik və rejissorluq fəaliyyətinin məhsulu olan əsərlər barədə ətraflı məlumat verərək, yazıçının yaradıcılığı üzərində tipoloji təhlillər aparıb. “525-ci qəzet”in əməkdaşı Seyfəddin Hüseynli isə Anarın sovet dönəmində “Türk” və “Türklük” məfhumu ətrafındakı mövqeyini yazıçının əsərləri əsasında təhlil edib. Türkiyəli şair Adnan Özər  toplantıdakı çıxışında “Türk Nobeli”nin təsis edilməsi məsələsini gündəmə gətirərək, türkdilli ədəbiyyatlarda roman janrının inkişafında Anarın rolu barədə geniş danışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Pərvin Nurəliyeva yazıçı Anarın əsərləri barədə fikirlərini toplantı iştirakçıları ilə bölüşüb. Toplantının axırında çıxış edən Anar “80 illik uzun həyatı boyunca həm tənqid edildiyini, həm də tərifləndiyini” xatırladaraq, bunların heç birinə çox da fikir verməmək lazım olduğunu və yazıb-yaratmağa davam etməyin ən mühüm amil olduğunu vurğulayıb. 80 illik  yubileyinin Türkiyənin müxtəlif qurumları tərəfindən qeyd edilməsindən çox məmnun qaldığını bildirən Anar, müxtəlif məzmunlu bir neçə şeirini oxuyub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında