“İrsimizə atəş açmayın” sənədli filmi nümayiş olunub

Bakı Slavyan Universitetində (BSU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq martın 30-da BSU-nun jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın” adlı sənədli filminin nümayişi olub.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filmin nümayişi olub və müzakirələr aparılıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva 100 il əvvəl, 1918-ci ilin 31 martında soyqırımına məruz qalmış azərbaycanlıların acı xatirəsini dərin hüznlə yad edərək bildirib ki, 1998-ci ildən etibarən bu tarix respublikamızda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Mart soyqırımının Azərbaycan xalqının tarixində baş vermiş faciəvi hadisələrdən biri olduğunu deyən N.Əliyeva qeyd edib ki, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla törədilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Şəlalə Həsənovanın hazırladığı film barədə danışarkən Nurlana Əliyeva bildirib ki, filmin əsas gücü və təsiri burada öz əksini tapan təkzibolunmaz faktlardadır. O, filmdə dağıdılmış İrəvan məscidlərinin Qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırıldığını, İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktını təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri özününküləşdirmə iddialarının ifşa olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, filmin müəllifi İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə, onların adını dəqiqləşdirmiş və ilk dəfə İrəvanın xəritəsində yerlərini aydın şəkildə göstərmişdir.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında erməni soyqırımı iddialarının yalan olması barədə erməni terror və silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlardan söz açıb. “Yaddaşı güclü olan xalqın gələcəyi daha güclü olar” – şüarını səsləndirən Q.Paşayeva “İrsimizə atəş açmayın” filminin illər keçdikdən sonra tarixin yaddaşında əbədi qalacağını qeyd edib. Q.Paşayeva bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq, millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar öz keçmişinə sahib çıxa bilsinlər. Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir!” fikrini xatırladan deputat Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında virtual cəbhədə Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb. Nitqinin sonunda Qənirə Paşayeva deyib: “Erməni yalanlarının qarşısının alınmasının tək bir yolu var. Bu da birlikdə mübarizəmizi gücləndirmək və həqiqətləri dünyaya daha da geniş yaymaqdır”.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva üzünü gənclərə tutaraq onların informasiya cəbhəsində Azərbaycanın milli haqlarının qorunması, erməni yalanlarının ifşası istiqamətində daha fəal çalışmalarının vacibliyini bildirib.

“İrsimizə atəş açmayın” filmi ilə bağlı çıxış edən Şəlalə Həsənova deyib ki, bu film Azərbaycan, rus və alman dillərində sosial şəbəkələrdə yayımlanıb. Filmdə “sülh platforması”nın prinsipləri əsas götürülüb. O vurğulayıb ki, bunlar Azərbaycan və Ermənistan arasında qarşıdurmanın aradan qaldırılması, düşmən obrazının məhv edilməsi, daxili sülh ehtiyatlarının axtarılmasıdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında