Ta qədim zamanlardan doğma Azərbaycanımızın digər bölgələrində olduğu kimi, Naxçıvanda da gəlinin cehizliyini ana-nənələrimizin toxuduğu milli ornamentli xalçalar bəzəyib. Bu gün də Naxçıvan kəndlərində evlərdə kifayət qədər belə xalçalara rast gəlmək olar. Rəngini, şuxluğunu itirməyən bu xalçalar elə yaşını da gözəl rəng çalarlarında gizlədib. Nənələrimizin barmaqlarının sığalı, gözlərinin nuru, ürəklərinin hərarəti ilə toxunan bu xalçalar, həm də adət-ənənələrimizin keçikçisi rolunu oynayıb. Evdən-evə daşınıb, əzizlənib, qorunub. Azərbaycan qadınının həm də zəhmətkeşliyinin bir nümunəsinə çevrilən xalçalar, adətən təsərrüfat işlərindən sonra, gecələr lampa işığında toxunardı. Elə olardı ki, bəzən səhərə qədər yatmazdılar. Əsasən də uzun qış gecələrində hasilə gələn belə xalçalara azyaşlı qızlar da böyük maraq göstərərdilər. Naxçıvanda qızlar çox erkən yaşlarından xalça toxumağa alışdırılardı. Məhz bu səbəbdəndir ki, bu gün də muxtar respublikanın istənilən bölgəsində xalça toxumağı bilən qadınlar, qızlar az deyil.
"İtə ataram, yada satmaram". Orta məktəbdən yadımda qalan bu fikir yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərində yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın dili ilə deyilir. Bu fikir xalqımızın xalçaçılığa olan sevgisinin möhürü kimi səslənir sanki. Ötən əsrin 90-cı illərinin ağır zamanlarında sənətkarlığın digər sahələrində olduğu kimi, xalçaçılıq sahəsində də durğunluq yaşandı. Evlərdəki cəhrələr, daraqlar, hanalar, kirkit və digər toxuculuq alətləri zirzəmilərə daşındı. Xalçaçılıq sənətini, xalçaçılıq məmulatlarımızı, ümumilikdə Naxçıvanın nəfis xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə müstəqilliyin ilk illərində yaradılan muzeylərdən biri Naxçıvan Dövlət Xalça Muzeyi oldu. Naxçıvan MR Ali Məclisi sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının sayı artan xalça muzeyi 2010-cu ildə yeni binaya köçürüldü. Muzeyin üç dildə internet saytı istifadəyə verildi. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almağa, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Bu gün muzeyi ziyarət edən hər kəs Naxçıvan xalçaçılıq məktəbinə aid nəfis xalçalarla tanış olur. Xalçanın ibtidai forması olan həsirdən başlamış keçə, kilim, palaz, cecim, zili və digər xovlu və xovsuz xalça nümunələri, keçmişdə məişətdə geniş şəkildə istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə kimi xalçaçılıq, kirkit, həvə, cəhrə, daraq, qayçı, hana kimi toxuculuq alətləri Naxçıvanda xalçaçılığın zəngin tarixindən xəbər verir. Muzeydə mövcud 3429 eksponatın 246 ədədini Naxçıvan qrupuna aid xalçalar, 180 ədədini isə xalçaçılıq məmulatları təşkil edir.
Tarixə nəzər
“Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində Neolit və Eneolit dövrlərinə aid iy və cəhrənin, Tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla hələ ibtidai icma quruluşunun son dövrlərindən məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsinə çevrilən xalçaçılıq sonrakı dövrlərdə Azərbaycan qadınlarının əsas məşğuliyyət sahələrindən birinə çevrilmşdir.X-XIII əsrlərə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.
Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdı. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilmişdi. Belə ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir ki, həmin il burada 1050 ədəd xalça, 3000 ədəd at çulu, 2500 ədəd keçə, 5000 ədəd çuval, 460 ədəd məfrəş toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrin əvvəllərində toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi dövrümüzə qədər gəlib çatmışdır. Həmin nümunələrin bəziləri bu gün Naxçıvan Dövlət Xalça Muzeyi ilə yanaşı, Naxçıvan Dövlət Tarix Muzeyinin və bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarını bəzəyir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan çöl tədqiqatları zamanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Sədərək, Ordubad, Şahbuz və Şərur rayonlarında toxunmuş, şəxsi kolleksiyalarda saxlanılan yun xovlu xalçalar, “Namazlıqlar”, yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş üzü, şəddə və kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur. Belə faktları kifayət qədər sadalamaq olar ki, bütün bunlar da Naxçıvanda xalçaçılığın tarixən uzun bir inkişaf yolu keçdiyini göstərir.
Müstəqillik illərində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması naminə görülən işlər xalça muzeyinin istifadəyə verilməsi ilə məhdudlaşmamış, Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüşdür. Belə ki, peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan qızlar liseyində tikiş, toxuculuq və xalçaçılıq dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin xalq yaradıcılığı emalatxanasında xalçaların toxunması təşkil olunmuşdur. Xalq yaradıcılığı emalatxanasında, dərnəklərdə toxunan xalçalar neçə illərdir ki, keçirilən festivalları, milli bayramlarımızla əlaqədar təşkil olunan şənlikləri bəzəyir. Həm də bu illər ərzində öz sənətini sevən xalçaçılar yetişib. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bu, qadınların məşğulluğunu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan ən mühüm addımlardan biri olub.
Ötən dövr ərzində Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları - Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçalarının toxunması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci il yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb.
“Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respublika, ümumilikdə, Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir. Kitabda diqqəti çəkən 254 xalçaçının fotosu və onlar haqqında məlumatların verilməsidir. Naxçıvan xalçaçılığına dair bu dəyərli mənbədən oxuyuruq: “Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış İsmayılova Fərəc Darçın qızının, Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmmədova Qönçə Heydər qızının. Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları dövrümüzədək gəlib çatmışdır.” Kitabda adları qeyd olunan 254 xalçaçı qadın öz zəhmətkeşlikləri ilə, milli dəyərlərimizə bağlılıqları ilə bu qədim el sənətini sevərək günümüzə qədər çatdıra biliblər. Muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən işlər, xüsusilə də ölkə başçısının 15 fevral 2018-ci il tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.
Ruhiyyə RƏSULOVA,
Naxçıvan Televiziyasınınbaş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.