Tarixin yaşıdı, bəşəriyyətin beşiyi Naxçıvan Nuh Peyğəmbərin ayaq basdığı müqəddəs torpaqdır. Əzəli və əbədi Azərbaycan torpağı, Gəmiqaya daş kitabəli, Böyük İpək Yolunun önəmli məntəqəsi bu ulu diyar Naxçıvan şəhərinin timsalında şəhərsalma mədəniyyəti ilə də tarixə öz qədimlik möhürünü vurub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tövsiyəsi ilə 2017-ci ilin iyul ayından etibarən Naxçıvan şəhəri ərazisindəki qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar, arxeoloji ekspedisiyanın rəisi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin buradan tapılan, eramızdan əvvəl V minilliyin əvvəllərinə və birinci yarısına aid edilən maddi-mədəniyyət nümunələrinin öyrənilməsi nəticəsində gəldiyi elmi qənaət bir daha sübut edir ki, Naxçıvan şəhərində məskunlaşma 8 minillik tarixə malikdir. Naxçıvan şəhəri yaşı qədər də keşməkeşli, ağır sınaqlar və mübarizələr dolu tarix yaşayıb, dəfələrlə dağıdılsa da, sarsılmayıb, məhv olmayıb.
Qədim dövrlərdən etibarən hərbi-strateji əhəmiyyət kəsb edən bu şəhər X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvanşahlığının, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olub.
Naxçıvan əhalisi şərəfli mübarizə tarixini Əlincə qalasında Əmir Teymurun qoşunlarına 14 il müqavimət göstərərək yazmışdır. Bu qədim şəhər 1747-1828-ci illərdə Naxçıvan xanlığının, 1918-ci ilin noyabrından 1919-cu ilin mart ayının əvvəllərinə qədər fəaliyyət göstərmiş Araz-Türk Respublikasının paytaxtı kimi siyasi-tarixi proseslərin mərkəzi, işğal və əsarət əleyhinə mübarizələrin beşiyi, milli təşkilatlanma və həmrəylik nüvəsi kimi mühüm əhəmiyyət kəsb edib. Naxçıvan şəhərinin çoxəsrlik taleyində çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunan, bir əsrə yaxın mühüm mərhələni təşkil edən muxtariyyət tarixinin xüsusi yeri vardır.
1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, tarixi ədalətsizlik nəticəsində Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Ermənistan SSR-in Naxçıvanı özünə ilhaq etmək cəhdləri Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsinin bəyannamə ilə çıxış edərək Naxçıvanın müstəqilliyini tanıdığını elan etməsi Naxçıvanda yerli əhali tərəfindən böyük narazılıqla qarşılandı. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasını tələb etdi. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdı. Naxçıvan əhalisinin böyük əksəriyyətinin bir neçə illik inadlı mübarizəsi və rəy sorğusunun nəticəsi Naxçıvanın ərazi statusunu dəqiqləşdirdi. Rusiya Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. 1921-ci il martın 16-da RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təklifini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikasının yaradılması haqqında qərar qəbul etdi. Həmin gün imzalanan Türkiyə-Rusiya müqaviləsi ilə də Naxçıvana muxtar ərazi statusu verildi və bu, 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsi ilə bir daha təsdiq edildi. Beləliklə, RSFSR hökumətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı müdaxilələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyə hökumətinin obyektiv mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyasi xadimlərin diplomatik səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. 1923-cü il dekabrın 31-də Azərbaycan SSR MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qəti qərar qəbul etdi. Beləliklə, 1924-cü il 9 fevralda Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təşkil edildi, Naxçıvan şəhəri isə əhalinin iradə və qətiyyətinin, ölkənin ərazi bütövlüyünün rəmzi olaraq muxtar respublikanın paytaxtı kimi bərqərar oldu.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın siyasi tarixində baş verən bu mühüm əhəmiyyətli hadisəni belə qiymətləndirirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
Müstəqillik illərində Naxçıvanın ümummilli liderin uzaqgörən siyasəti sayəsində qorunub saxlanılan muxtariyyətinin 75, 80, 85, 90 illik yubileyləri dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunub. Bu isə onun ifadəsidir ki, illərdir, blokadada olan, mühüm hərbi-siyasi və iqtisadi-strateji əhəmiyyətə malik bu region, onun muxtariyyətinin qorunub saxlanması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.
Naxçıvan şəhəri muxtariyyət tarixinin sovet hakimiyyəti illəri mərhələsində milli şüurda oyanışın yarandığı, milli müstəqillik ideyalarının ilk rüşeymlərinin yetişdiyi paytaxt olub. XX əsrin sonlarında geniş vüsət alan milli müstəqillik hərəkatı zamanı isə bu şəhər gələcək müstəqilliyimizin bərqərar olmasında əhəmiyyətli siyasi-tarixi rol oynayacaq mütərəqqi ideyalar məkanına çevrildi.
Həmin dövrdə, ümummilli liderin Azərbaycan üçün çox ağır, mürəkkəb ictimai-siyasi şəraitdə – 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, buradan yenidən böyük siyasətə qayıtması ilə Naxçıvan şəhəri ölkənin siyasi paytaxtına, xalqımızın və müstəqil dövlətimizin gələcək müqəddəratının həll olunduğu baş qərargaha çevrildi. Ulu öndər 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında, ümumən, Azərbaycanın gələcəyi üçün son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı və digər mühüm siyasi qərarlar qəbul edildi. Naxçıvan Sovet İttifaqının saxlanması məqsədilə keçirilən qeyri-qanuni referendumda iştirak etməkdən imtina etməklə də qətiyyətli siyasi mövqe bildirdi. Bu gün yarım milyondan artıq siyasi həmfikri öz ətrafında toplayan, böyük siyasi nüfuza malik, 25 il ərzində liderliyi qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təməli Naxçıvan şəhərində qoyuldu. Bir sözlə, Naxçıvan xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizəsinin mərkəzinə çevrildi. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı digər regionlar kimi, Naxçıvanın da yeni inkişaf, tərəqqi mərhələsinin təməlini qoydu.
1995-ci ildən etibarən qətiyyət və uğurla davam etdirilən milli dövlətçilik siyasətinin işığında Naxçıvan öz inkişaf və intibah dövrünü yaşamağa başladı. Sosial-iqtisadi və mədəni tərəqqi, ordu quruculuğu, elm, təhsil, səhiyyə və idmanın inkişafı, müasir informasiya texnologiyalarının tətbiqi, işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər, əhalinin sosial-rifah halının yaxşılaşması insanlarda böyük ruh yüksəkliyi yaratdı. Ali Məclisin sədrinə məxsus yüksək tələbkarlıq, prinsipiallıq, əzmkarlıq, əqidə bütövlüyü, siyasi mövqedə qətiyyətlilik, ən başlıcası isə vətənpərvərlik kimi ali iradi keyfiyyətlər nəticəsində son iyirmi iki ildə muxtar respublikada bütün sahələr üzrə misli görünməmiş uğurlar əldə edilib. Naxçıvan şəhəri isə muxtar respublika paytaxtı kimi bütün bu uğurların mərkəzində dayanır.
Bu uğurların əsasını idarəetmədə vətənpərvərlik və milli təəssübkeşlik hissləri, ümummilli liderimizin böyük Azərbaycançılıq ideologiyasına sədaqət, tarixi köklərə, milli-mənəvi və dini dəyərlərə bağlılıq təşkil edir. Müasirlik, dünyəvi inkişafla yanaşı, keçmişə, tarixi-mənəvi irsə ehtiramın yüksək nümunəsi kimi son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsinin əsaslı təmir və bərpa edilməsini, 1200-dən çox abidənin qeydə alınaraq pasportlaşdırılmasını qeyd etmək kifayətdir. Milliliklə bəşəriliyin harmoniyası, uzunmüddətli blokada şəraitində misli görünməmiş inkişaf muxtar respublikaya beynəlxalq nüfuz qazandırmaqla dünyanın diqqətini paytaxt Naxçıvana yönəldib. Məhz bu unikal inkişafın, qeyri-adi özünəməxsusluğun nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib.
Tarixin ən ağır sınaqlarında Azərbaycan xalqı ali islami dəyərləri, inancını qoruyub saxlaması, milli elementlərlə zənginləşdirməsi ilə İslam dünyasında böyük nüfuz qazanmışdır. Bu, 2009-cu ildə ölkəmizin paytaxtı Bakının, 2018-ci il üçün isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsini şərtləndirən başlıca amildir.
Naxçıvan şəhəri məhz tarixiliyi, zəngin mədəniyyəti və müasir inkişaf dinamikası ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin şəhərləri sırasından bu statusa layiq görülüb. Bu seçimin əsas səbəbi Naxçıvanın bütün Şərq dünyasında qədim dövlətçilik ənənələrinə malik, İslam əxlaq və etiqadını, fəlsəfəsini yaşadan bir şəhərə, İslam dünyasının mədəniyyət zənginliyinin rəmzinə çevrilməsidir. Ümummilli liderimiz Heydər Əliyevin çoxəsrlik tarixi, zəngin türk-islam mədəniyyəti nümunələri ilə seçilən Naxçıvan haqqında dediyi kimi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Naxçıvan şəhəri qədim və zəngin tarixi keçmişə, İslam və bəşər mədəniyyətinə elm, incəsənət, ədəbiyyat sahəsində bəxş etdiyi töhfələrin, beynəlxalq əhəmiyyətli elmi-siyasi, mədəni-kütləvi tədbirlərin yüksək səviyyəli təşkilatçılığı ilə bu statusu qazanıb. Azərbaycan Respublikasının Prezidentinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında 2016-cı il 2 iyun tarixdə imzaladığı Sərəncamda deyilir: “Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
Sərəncama əsasən yaradılan Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə keçirilən ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.
Muxtar respublikamız ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılması ilə də İslam dünyasına unikal örnəkdir. Bu gün adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf ziyarətgahı da daxil olmaqla, muxtar respublikada 210 məscid, 26 dini ziyarətgah vardır. Son 22 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda regionun ən böyük ibadət yeri – 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscid inşa edilməkdədir.
Təşkilat Komitəsinin ilk iclasında təsdiq olunmuş Tədbirlər Planına əsasən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotip və rəsmi internet səhifəsi hazırlanıb, digər mühüm tədbirlər görülüb. Naxçıvanda son iyirmi ildən artıq bir dövrdə beynəlxalq tədbirlərin təşkili sahəsində qazanılan ənənə İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkə nümayəndələrinin təmsil ediləcəyi tədbirlərin İslam mədəniyyəti tarixinə yazılacaq səviyyədə təşkil olunacağına əminlik yaradır. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği üçün də geniş imkanlar açacaq. Heç şübhəsiz ki, həyata keçiriləcək tədbirlər sayəsində muxtar respublikamız, uzun illərdir ki, blokadada olmasına baxmayaraq, həm yüksək sürətlə inkişaf edən, həm də milli mədəniyyətimizin, dini dəyərlərimizin qorunub yaşadıldığı, dünya mədəniyyəti xəzinəsinə bənzərsiz töhfələr verən bir diyar kimi İslam mədəniyyəti tarixində mühüm iz qoyacaq. Eyni zamanda, bu, qədim Şərq memarlıq ənənələri ilə müasir Avropa arxitektura üslubunun çulğalaşıb qovuşduğu, dünyanın ən müasir, inkişaf etmiş şəhərlərindən olan Naxçıvanın təbliğinə də mühüm töhfələr verəcək.
Bütün bunlar tükənməz enerji və qurub-yaratmaq əzminin, uzaq gələcəyə hesablanmış fəaliyyətin bəhrəsi olmaqla yanaşı, həm də sabahı düşünərək gələcəyimiz olan, sağlam və intellektual, vətənpərvər gənc nəslin yetişdirilməsinə xidmət edir. Cəmiyyətimizin inkişafına təkan verən başlıca amil, dövlətimizin prioritet istiqamətlərindən biri olan gənclər siyasəti bu gün muxtar respublikamızda uğurla həyata keçirilir. Gənclərin potensialından səmərəli istifadə olunması, onların sosial müdafiəsinin təmin edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği ümdə vəzifəyə çevrilib. Gənclərin sosial-iqtisadi, ictimai-mədəni həyatda fəal iştirakı, asudə vaxtlarının səmərəli təşkili, intellektual və yaradıcılıq potensiallarının inkişafı məqsədilə dövlət proqramlarının qəbul olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları, Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının bariz ifadəsidir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi, elm, təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi, olimpiya-idman komplekslərinin, beynəlxalq və ölkə səviyyəli idman yarışlarının, digər mədəni-kütləvi tədbirlərin keçirilməsi, əyləncə və istirahət məqsədilə yaradılmış müasir infrastruktur bu istiqamətdə atılan mühüm addımlardır. Naxçıvan şəhərində hazırda gənclərimizin təhsil aldığı 3 ali, 3 orta ixtisas, 17 tam orta təhsil müəssisəsi, 13 muzey, 3 teatr, 1 kinoteatr, 7 mədəniyyət evi, 7 konfrans-təlim zalı, 9 mehmanxana, idman kompleksi, Gənclər Mərkəzi, “Gənclik” Mərkəzi, sərgi salonu fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı ilə gənclər bu gün milli dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunur, dövlət idarəçiliyində aparıcı, novator qüvvə kimi formalaşır, cəmiyyət həyatının bütün sahələrinə inteqrasiya olunur, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, ən müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq onlayn səsverməyə əsasən ölkəmizin 23 şəhər və rayonu arasından Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinin muxtar respublikada uğurlu davamının bəhrəsidir. Naxçıvan gəncləri illər öncə doğma yurdun ərazi bütövlüyü uğrunda səngərlərdə çiyin-çiyinə döyüşdüyü, ümummilli liderin ətrafında sıx birləşərək xalq-rəhbər birliyinin ideal nümunəsinə çevrildiyi kimi virtual həmrəyliyin də unikal nümunəsini göstərdi. Bu, illərlə informasiya blokadasında qalan muxtar respublika gəncliyinin informasiya mübadiləsi, müasir texnologiyanın və elektron resursların imkanlarından istifadə bacarığını, başlıcası isə ali məqsədlər uğrunda hər an birləşərək istənilən uğuru qazanmağa qadir olduğunu bir daha sübut etdi. Bu, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi paradda müasir döyüş silah və texnikası arxasında igidlik və cəsurluqla dayanan Naxçıvan gəncinin uğurudur. Bu, Naxçıvan Dövlət Universitetinə Azərbaycan Respublikası ali məktəblərinin çox-kriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində iki dəfə ardarda birinci yer qazandıran, muxtar respublikanı 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində qalib edən tələbə, alim, ziyalı, iqtisadçı Naxçıvan gənclərinin uğurudur. Bu, muxtar respublikamızın 2017-ci ildə dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, beynəlxalq turnirlərdə 89, IV İslam Həmrəyliyi Oyunlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Azərbaycan birinciliklərində 129 medal olmaqla, ümumilikdə, 240 medal qazanmış muxtar respublikanın gənc idmançılarının uğurudur. Bundan əlavə, səsvermənin ölkəmizin rayon və şəhərləri arasında sağlam rəqabət zəminində, obyektiv və şəffaf keçirildiyini də nəzərə alsaq, bu seçim, ümumilikdə, Azərbaycan ictimaiyyətinin Naxçıvanda aparılan məqsədyönlü siyasətə, inkişaf və tərəqqiyə verdiyi qiymətdir.
2018-ci il ərzində ölkəmizin müxtəlif bölgələrindən Naxçıvana gələcək insanlar burada gənclərə yaradılan şəraitin şahidi olacaqlar. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz innovativ potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkan yaradır.
Bəli, son iki onillikdə misligörünməmiş şəkildə dəyişən, gözəlləşən, sözün əsl mənasında, cahanın nəqşinə çevrilən Naxçıvan bu gün əfsanəvi bir tarix yaşayır.
Bu gün Naxçıvan şəhəri eyni ildə qoşa titul daşımağın sevinc və fəxarətini, eyni zamanda, məsuliyyətini yaşayır. Naxçıvanın İslam mədəniyyətinin və gənclərin paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi və dini dəyərlər, dövlətçilik və vətənpərvərlik ideyaları əsasında yetişən gəncliyin firavan gələcəkdən xəbər verməsi deməkdir. Hər iki status qoca Şərqin qapısı olan Naxçıvanın qədim tarixinin, özünəməxsus mənəvi dəyərlərinin, füsunkar təbiətinin, müasir inkişaf tarixinin tanıdılması, müasir şəhərsalma mədəniyyəti və memarlıq üslubuna malik olan muxtar respublikanın turizm potensialının nümayişi baxımından gənclərə yeni imkanlar yaradır. Hər birimiz bu məsuliyyəti mənəvi vətəndaşlıq borcu kimi dərk edərək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Mehriban SULTAN
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.