Sənətkar ömrünün unudulmayan anları

Həsən Turabov – 80

Onun haqqında çox yazılıb, elə sağlığında da, ölümündən sonra da. Yəqin ki, hələ çox yazılacaq. Bu kiçik xatırlamada biz böyük sənətkar, Xalq artisti Həsən Turabovun həyat və yaradıcılığının bəzi məqamlarını əks etdirməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, bu günlər müqtədir sənətkarın 80 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev bununla bağlı xüsusi sərəncam da imzalamışdır. Sərəncamda deyilir : “Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaratmış və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir”. Doğrudan da, Həsən müəllimin yaradıcı həyatı milli mədəniyyətimizin çox qiymətli səhifələrini təşkil edir. O, sənət dünyasında öz yeri, öz mövqeyi olan aktyorlardandır.

Onu ilk dəfə İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərinin tamaşasında gör- müşdüm. Həsən Turabov Kamran rolunda nə qədər də inandırıcı və səmimi idi. Bu obrazda daxili təmkin və sakitliyini saxlayırdı. Həsən Turabov Kamranı mənəvi saflığı, ləyaqəti, iradə mətinliyi ilə ideal qəhrəman səviyyəsinə qaldırırdı. Turabovun Kamranı tamaşa boyu üç dəfə psixoloji tərəddüdlə üzləşir. Kamran rəzilliyin, ikiüzlülüyün, rüşvətxorluğun qarşısında sarsılmaz və alınmaz qaladır. Aktyor böyük sənətkarlıq istedadına sarılaraq bu obrazı ərsəyə gətirməyi bacarır.

O vaxt hələ gənc idi. Çılğın ədası ilə tamaşaçıları məharətlə ovsunlaya bilmişdi. Hər pərdə sona yetəndə alqış sədaları kəsilmək bilmirdi.

 Sonra isə onunla tez-tez görüşərdik. Teatrda, kinostudiyada, çəkiliş meydançalarında. Haqqında “Kino” qəzetinin xüsusi buraxılışını da hazırlamışdıq. Özü, taleyi, yaradıcılığı haqqında çox şeylər danışmışdı. Bir sözlə, qılıqlı adam idi. Jurnalistlərlə dostluq edirdi. Hətta “Bəyin oğurlanması” filmində də bu, aydın hiss olunur.

Həsən müəllimin ömür yolu o qədər də hamar olmayıb. 1938-ci il martın 24-də Bakıda anadan olmuşdu. Əvvəlcə təhsilini 7-ci sinfə qədər 31, sonra 14 saylı məktəbdə almışdı. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil ala-ala həm radioda, həm də yeni açılmış televiziyada çalışmışdı. 1960-cı ildən qısa fasilələrlə Akademik Milli Dram Teatrının aktyoru olmuşdu. 1962-ci ildə teatrdan uzaqlaşaraq, Bakıda Odessa Dənizçilik İnstitutuna daxil olmuş və az sonra təhsilini yarımçıq saxlayaraq, yenidən teatra qayıtmışdı. Qıvraq adam idi. Qırx illik yaradıcılığı ərzində teatr səhnəsində müxtəlif xarakterli rollar ifa etmişdi. Böyük ehtiraslı, güclü xarakterli sənətkar idi. Obrazın daxili təbəddülatlarının ən parlaq, ən mürəkkəb xüsusiyyətlərini parlaq şəkildə təcəssüm etdirmək keyfiyyəti ilə seçilirdi. Bəzən ən adi həyat tiplərinin ifaçısı kimi sadə olduğu qədər mürəkkəb və ciddi görünməyi bacarırdı.

Onun teatrda , kinoda oynadığı rolları saymaqla qurtaran deyil. Bir neçə tamaşanın adını xatırlatmaq istərdik. M.İbrahimovun “Kəndçi qızı” (Vahid), Uilyam Şekspirin “Hamlet” (Hamlet), İlyas Əfəndiyevin “Unuda bilmirəm” (Kamran), Nəbi Xəzrinin “Mənsiz dünya” (Hacı Əsədulla), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Qurban), Anarın “Şəhərin yay günləri” (Qiyas), Maksim Qorkinin “Meşşanlar” (Nil), Viktor Hüqonun “Mariya Tüdor” (Cəllad), Fridrix Şillerin “Orlean qızı” (Lionel) və başqaları. Bu tamaşalardakı rolları ilə o, milli aktyorluq sənəti tariximizdə yeni bir səhifə açdı. Həsən Turabov səhnəyə çıxanda zalda qəribə bir canlanma olardı. Hamı onun gəlişini səbirsizliklə gözləyirdi. Hüseyn Cavidin “Xəyyam”, “ İblis”, Cəfər Cabbarlının “Aydın”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərlərinin səhnə taleyində onun da özünəməxsus yeri vardır.

Həsən müəllimin yaradıcılığında kino mühüm yer tutur. O, demək olar ki, 100-ə yaxın filmdə irili-xırdalı rol ifa etmişdi. Komik rolları da, dramatik rolları da eyni ustalıqla və təkrarsız oynayardı. Məsələn, “Yeddi oğul istərəm” filmindəki Gəray bəy ciddi xarakterli insandır. Bu məşhur filmə çəkiləndə Həsən Turabovun 32 yaşı vardı. Cavan idi, amma bu çətin rolun öhdəsindən uğurla gəlmişdi. Həmin roluna görə respublika Komsomolu mükafatına layiq görülmüşdü.

Onun digər yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşindir. Həsən Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir. “Qaçaq Nəbi” filminin rejissoru və baş rolun ifaçısı olmuşdur. Onun çəkildiyi son filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” ekran əsərləri idi.

Emosional və kövrək idi. Asta və aydın danışırdı, qaraqabaqlıq xarakterinə tamam yad idi. Ənənəvi teatr estetikasına mühüm yeniliklər gətirmişdi. Sənətşünaslardan biri yaxşı deyib ki, xarakterində “bükülü”, “gizli yumor” var idi. “Bəyin oğurlanması”nda bu cizgilər aydın hiss olunurdu.

Şəxsiyyətində də bir ağayanalıq vardı Həsənağa Turabovun. Buna görə dostları ona sadəcə “Ağa” deyə müraciət edirdilər. Əslində isə onun adı heç Həsənağa deyil, Həsəndir. “Ağa”nı tay-tuşları böyük hörmət mənasında əlavə etmişdilər.

Turabov o qədər nəhəng aktyor idi ki, ona ağır, dramatik rol olan Gəray bəyi də, fağır Kəbirlinskini də, qoçaq Qaçaq Nəbini də, böyük mütəfəkkir Mirzə Cəlili də və özündən razı rejissor Əsədin komik rolunu (“Bəyin oğurlanması”) oynamaq da, ümumiyyətlə, hər dəfə yeni obraz, yeni şəxsiyyət yaratmaq çətin deyildi.

Yaxın dostu kinorejissor Eldar Quliyev deyir ki, Həsənağanı özbək, qırğız, qazaxfilm çox dəvət edirdi. Amma getsəydi, daha çox tanınardı: “Onu bütün filmlərimdə, hətta epizodik rolda da olsa çəkirdim. Məsələn, “Gümüş göl əfsanəsi” filmini götürək. Ssenarini gətirdim ki, bax özün seç, hansını xoşlasan, səni çəkəcəyəm. O qədər böyük aktyor idi ki! Daha çox komediyada oynamağı arzulayırdı. Heç israr etməzdi ki, mən dramatik aktyoram. “Bəyin oğurlanması”na öz arzusu ilə çəkilib və əla da obraz canlandırıb. “Nə gözəldir bu dünya” filmində kiçik müstəntiq rolunu seçdi. Dedi, artıq əvvəlki Həsənağa deyiləm. Yaşlaşmışam və xəstəyəm, bu obraz balacadır, iki günə çəkiləcəyəm. Razılaşdım. Amma bilirsiniz, o, sənətkar idi, bütün xəstəliyini unutdu, bircə günə çəkilişi bitirdi”. Oğlu Daşqının faciəsi onun qəddini əymişdi. Bundan sonra uzun sürən xəstəlik onu taqətdən saldı. İranda ürək əməliyyatı keçirdikdən sonra cəmi 4 il yaşadı. Bu da sənətkar ömrünün son akkordları. Biz bu böyük sənətkarı 2003-cü il fevralın 23-də cismani olaraq itirdik.

Dövlətimiz onun milli mədə-niyyətimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir, 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Həsən Turabov 1987-2001-ci illərdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri işləmiş, 1991- 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilimişdir. 1998-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında