Ağsu rayonunun Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı yüksək əhvalla başa çatıb.
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupunun təşkilatçılığı ilə keçirilmiş festivala Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi, Ağsu rayonu İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata və Allprint şirkətləri təşkilati dəstək göstəriblər.
Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün professor Kübra Əliyevanın təqdimatında dekorativ çətən (yerlilər “çığ” deyirlər) sənətini öyrətmək məqsədilə ustad dərsi keçilib. Dərsə məktəblilərlə yanaşı yerli sakinlər və festivala gələn qonaqlar da qatılıblar. Azərbaycanın tanınmış keçə rəssamlarından olan Mehriban Əliyeva keçə sənəti üzrə ustad dərsi keçib, keçənin bəzək nümunəsi kimi hazırlanması üsullarını təqdim edib.
Festival meydanında qurulmuş sərgidə əvvəlki Tərəkəmə Çərşənbəsi festivalları zamanı Azərbaycan, Türkiyə və Gürcüstan fotoqraflarının çəkdiyi fotolar, qarışıq rəsm əsərləri, Nərgizava nekropolundan aşkar olunmuş arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.
Festivalı “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq Ağsunun ən böyük kəndi Gəgəlidə belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, bu festivalda Azərbaycanın yaradıcı kollektivləri ilə yanaşı Türkiyə, Gürcüstan, Rusiya və İranın da müxtəlif folklor qrupları iştirak ediblər. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyini xatırladan Fariz Xəlilli “Tərəkəmə Çərşənbəsi” ənənəsinin də ümumdünya əhəmiyyətli folklor nümunəsi kimi qeydiyyata alınacağına inandığını bildirib. O, festivala dəstək verən qurumlara, o cümlədən ağsulu ziyalı şəxslərə minnətdarlığını ifadə edib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə Çərşənbəsi folklor festivalına uğur arzu edib, bundan sonra da festivala dəstək verəcəklərini vurğulayıb. AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Mustafayeva festivala İnstitutun direktoru, akademik Muxtar İmanovun təbrik məktubunu oxuyub və uğurlar arzulayıb. Türkiyə Cümhuriyyəti Qars Qafqaz Univeristeti Kültür İdarəsinin müdiri Çetin Adıgüzel, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əskərov, Gürcüstan “Dostlar üçün Gürcüstan” Asossiasiyasının prezidenti Tamara Basilaşvili, İran Aşıqlar Birliyinin üzvü, ustad Arif Həmidi, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor Kübra Əliyeva və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev çıxış ediblər.
Festival iki gün boyunca bədii hissə ilə davam edib. Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupunun məktəbli üzvləri maraqlı proqramla çıxış ediblər. İsmayıllı rayonunun Lahıc folklor qrupunun özünəməxsus ifa tərzi ilə lahıc folklorunun təqdimatı olub, Ağsu Xançoban folklor ansanblının ifası, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının xüsusi bayram proqramı maraqla qarşılanıb. “MİRAS” musiqi qrupunun üzvləri Ruslan Adgözəlov və Cahandar Mikayılovun ifasında xalq mahnıları səsləndirilib. “MİRAS” üzvlərindən ibarət "İncilər" qrupu memar, modelyer-rəssam Laləndər Novruzovanın milli geyim kolleksiyasından nümunələri, "Tərəkəmə" və "Yallı" rəqslərini xoreoqraf Rasimə Əhmədovanın quruluşunda (Gülşən Hüseynovanın təşkilatçılığı ilə) təqdim edib. Milli geyim nümayişi “MIRAS” Musiqi Qrupunun rəhbəri Ruslan Adıgözəlovun muğam üstündə canlı "Sarı gəlin" ifası ilə müşayiət olunub. Türkiyə Cümhuriyyəti Qars Qafqaz Univeristetinin müəllimi Çetin Adıgüzel Azərbaycan xalq mahnılarını ifa edib. Gürcüstan Respublikası “Sameba” ansamblı gürcü xalq mahnılarından ibarət geniş proqram, İlori Uşaq folklor qrupunun üzvləri isə gürcü rəqslərini təqdim ediblər. İran Aşıqlar Birliyinin üzvü, ustad Arif Həmidi və qadınlardan ibarət dəf ansanblının ifası festivala rəng qatıb. Aşıq Amil Bicolu və Aşıq Rza tərəkəmələrin ruhunu oxşayan saz havaları ifa ediblər. Ağsu şəhəri Aslan Nadirov adına 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin şagirdləri bayramla bağlı hazırladıqları kompozisiyanı təqdim ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri hazırladıqları tamaşa, musiqi və rəqslərlə maraq oyadıblar, kənd sakinlərini proqrama cəlb ediblər.
Festival günlərində qonaqlar Ağsuda yerləşən AzGranata şirkətinin qida sənayesi zavodu, daha sonra Azərbaycanın ən yaxşı konservasiya edilmiş arxeoloji abidələrindən olan Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olublar. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli onlara Ağsunun tarixi əhəmiyyətindən, qazıntıların nəticələrindən, gələcək perspektivlərdən danışıb.
“MİRAS İctimai Birliyinin üzvü Nərgiz Qarayevanın hazırladığı milli oyunlar və yarışmalar proqramı da xüsusi maraq oyadıb. İştirakçılar qolgüləşdirmə, kəndirdartma və yumurta döyüşdümə yarışlarında özlərini sınayıblar.
Martın 21-də səhər tezdən tərəkəmə çərşənbəsi tonqalı qalanaraq heyvanların iki od arasından keçirilməsi mərasimi izlənilib. Daha sonra oyaq qalan festival iştirakçıları özləri iki od arasından keçiblər.
Festivalın son günü bütün ifaçı, təşkilatçı və iştirakçılara sertifikatlar təqdim olunub.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.