Novruz bayramının əks olunduğu Azərbaycan filmləri

Azərbaycan  filmlərində  Hovruz bayramını əks etdirən maraqlı epizodlar var. Onlar aşağıdakılardır:

“Dəli Kür”.  Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” (1969) filmində Novruz bayramı ilə bağlı kadrlar  olduqca maraqlıdır. Yeni quruluş və yeni dəyərlərlə köhnə dünyanın toqquşmasını təsvir edən filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif  Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb:“Urus, bu toyuq bu yumurtanı doğub...”

"Yeddi oğul istərəm".  Rejissoru Xalq artisti Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu olan “Yeddi oğul istərəm” (1970) filmində Novruzla bağlı epizodlar yer alıb. Kosa və Keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında çəkilmiş bu filmdə inqilabçı bolşeviklərlə yerli nüfuz sahiblərinin mübarizəsindən bəhs olunur. Kəndlilərin Novruz sevinci, bahar ümidi bayram adətləri ilə əks olunur. Lakin bayram bolşeviklərlə Gəray bəyin adamları arasında döyüşə meydan olur. Kəndlilər öldürülür, fəryadlar ucalır...

"Qızıl uçurum".  Rejissor Fikrət Əliyevin İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” (1980) filmində də Novruz var. Neftlə varlanan zəhmətkeş gəncin mənəvi tənəzzülündən bəhs edən filmdə Həmidə Ömərova və Əliabbas Qədirov baş rollarda oynayır. Müflisləşmiş, başı daşdan daşa dəymiş qəhrəman yoxsul halda ailəsini atıb üz tutduğu Avropadan geri qayıdır. Amma artıq o, nəyin dəyərli olduğunu bilir.

"Ev". Asif Rüstəmovun “Ev” (2007) qısametrajlı filmində Novruzun səməni becərmək, tonqal yandırmaq və s. adətləri həm kinematoqrafik metafora kimi, həm də əsərin ideya həllində iştirak edir. Qəhrəmanların səmənilərin arasında sevişməsi xüsusilə yaddaqalan kadrlardandır. Filmin işsiz qəhrəmanı (Rasim Cəfərov) Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və tanış olduğu qızla (Təranə Əliyeva) sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir. Oğlanın göydələnlərin arasında qoruduğu ata evi həm də mənəvi dəyərdir. Sevdiyi qızın onu aldatdığını, evi satdığını bilən oğlan evində çərşənbə tonqalı düzəldir. O, müqəddəs sandığını belə qoruyur.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında