“Arşın mal alan” fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb

   Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində “Arşın mal alan” filminin (1945) Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası “Le Balzac” kinoteatrında nümayiş olunub. Filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyət mərkəzləri forumunun (FİCEP) birgə təşkilatçılığı ilə reallaşıb.

   Tədbirdə səfir Rəhman Mustafayev bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun tarixindən danışaraq, Bakıda ilk kinolentlərin 1898-ci ildə fransız əsilli Aleksandr Mişon tərəfindən çəkildiyini bildirib.

   Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından söz açan diplomat onun operettası əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin dünyanın müxtəlif dillərinə tərcümə edilərək bir çox ölkələrdə uğurla nümayiş olunduğunu diqqətə çatdırıb.

   Kino tarixçisi, kinoglaz.fr portalının sədri Fransuaz Navailh Azərbaycan kinosunun tarixi haqqında məlumat verib.

   Daha sonra ekran əsəri nümayiş etdirilib və fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

   Səfirliyin mədəniyyət işləri üzrə əməkdaşı Günay Axundovanın “Arşın mal alan” filmi, bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və Azərbaycan kinematoqrafiyası haqqında fransız dilində hazırladığı məlumat tamaşaçılara təqdim olunub.

   Üzeyir bəyin kiçik qardaşı, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransada mühacir həyatı yaşamış Ceyhun Hacıbəylinin oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe film barədə təəssüratlarını bölüşüb: “Filmə dəfələrlə baxmışam, bu dəfə kino zalında böyük ekranda yeni, rəngli versiyada tamaşa etdim. Filmin musiqisini çox sevirəm, dinləməkdən doymuram. “Arşın mal alan” operettası 1925-ci ildə Fransada nümayiş olunub. Həmin dövrün afişalarını, eləcə də qəzetlərdə və jurnallarda onunla bağlı çıxan yazıları, təqdimatları saxlayıram. Bir neçə dəfə Bakıda olmuşam, son illər onun daha da inkişaf etdiyini, çox dəyişdiyini, daha da gözəlləşdiyini eşitmişəm. Yenə Bakıya getmək, onu görmək istərdim”.

   Əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein də filmi yüksək qiymətləndirib: “Çox bəyəndim. Sanki nağıllar aləmində idim. Filmin quruluşu, rənglər, ifalar, səslər son dərəcə gözəl idi. Filmə ilk dəfə idi baxırdım və ondan böyük həzz aldım”.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında