1993-cü ilin yayında – Azərbaycanın çətin günlərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizin siyasi və iqtisadi həyatında mühüm dəyişikliklərin əsasını qoydu. Müstəqillik yolunda kövrək addımlarını atan Azərbaycanı labüd fəlakətlərdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişinə nail olmaq üçün neft amilini önə çəkdi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.
Heydər Əliyevin müqayisəyəgəlməz dühası və siyasi iradəsi ən adi təqvim günlərindən biri olan 20 sentyabrı bütün bəşəriyyətin tanıdığı və qəbul etdiyi əlamətdar bir tarixə çevirdi. Həmin gün müstəqil Azərbaycanın yeni tarixinə əsaslı bir dönüş nöqtəsi, BÖYÜK İNKİŞAFIN BAŞLANĞICI günü kimi daxil oldu. “Əsrin müqaviləsi” yeniləşən Azərbaycanın bünövrəsinə qoyulmuş möhtəşəm təməl daşlarından biri idi. Azərbaycanın müstəqilliyi, iqtisadi yüksəlişi, onun demokratiya yolu ilə irəliləməsi Heydər Əliyev dühasının bəhrəsi, “Əsrin müqaviləsi” isə bu dühanın işığından yaranmış nur çeşməsidir.
20-ci ildönümünü qeyd etdiyimiz “Əsrin müqaviləsi” əslində təkcə çağdaş Azərbaycan Respublikasının deyil, bütövlükdə respublikamızın təşəkkül tarixinin çox mühüm və əlamətdar məqamıdır. Məhz buna görədir ki, xalqımız həmin günü həm də Heydər Əliyev müdrikliyinin təntənəsi kimi qiymətləndirir. Böyük öndərimiz imzalanma mərasimində demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.
Əslində o zaman xarici investorların, xüsusilə transmilli neft şirkətlərinin Azərbaycana gəlişi, bura sərmayə qoyması olduqca riskli bir iş idi. Çünki Azərbaycan “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə – 1994-cü il mayın 12-də atəşkəsə imza atsa da, müharibə vəziyyətində idi, ölkədə tam siyasi sabitlik yaranmamışdı. Azərbaycanın müstəqilliyini istəməyən bir sıra yerli və xarici qüvvələr respublikamızda xaos, qarışıqlıq və anarxiya yaratmaq üçün bütün vasitələrdən, hətta dünyanın bir nömrəli bəlasına çevrilmiş terrordan belə çəkinmirdilər. Bütün bunlara baxmayaraq, Azərbaycanda siyasi sabitliyə və əlverişli biznes mühitinə tam zəmanət alan dünyanın transmilli şirkətləri “Əsrin müqaviləsi”nə imza atmaq məqsədilə ölkəmizə gəldilər. 1994-cü il sentyabr ayının 20-də Bakıda AMOKO, bp, Statoyl, İNPEX, YUNOKAL, TPAO, EksonMobil, Devon Eerji, Delta Hessvvə İtoçi kimi iri neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında razılıq əldə edildi. Bu inamın, bu əminliyin qarantı Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev zəkası oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək, müasir dünyada neft məqsəd deyildir, o, yalnız həm iqtisadi, həm də siyasi səciyyəli qlobal problemlərin həlli üçün bir vasitədir”. Ümummilli liderimiz məhz bu vasitədən yararlanmaqla Azərbaycanı asılı yox, öz istəyini diqtə edən ölkələrdən birinə çevirə bildi. Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilən bu müqavilənin mahiyyətində, heç şübhəsiz, Heydər Əliyev dühasının təntənəsi dururdu. Azərbaycanın müstəqilliyinin, demokratik bir ölkə kimi sivil dünyaya inteqrasiya olunmasının xeyli dərəcədə neft müqavilələrinin reallaşmasından asılı olduğunu sübut edən ümummilli liderimiz bununla da respublikamızın azad və müstəqil gələcəyinin təsdiqinə təminat aldı. Çünki iri neft şirkətlərinin ölkəmizə gəlməsi yalnız sərmayə axını deyildi. Bu həm də dünyanın ölkəmizə inamı idi. Respublikamıza bu inamı məhz Heydər Əliyev qazandırdı.
“Əsrin müqaviləsi” nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün də imkan yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin əsasını qoydu.
Yeri gəlmişkən, neft xalqlara, dövlətlərə həmişə xoşbəxtlik gətirmir. Neft yalnız, sözün əsl mənasında, ümummilli sərvətə çevrildikdə xoşbəxtlik gətirir. Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası həm də məhz ona görə qiymətlidir ki, burada ümummilli maraqlara daha çox önəm verilib. Ulu öndər Heydər Əliyev demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasını işləyib hazırlamaqla, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla uzun illər vəhşicəsinə istismar edilən neftimizi xalqımızın milli sərvətinə, onu ölkəmizin iqtisadi qüdrətinin artmasının, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin təminatçısına çevirə bildi. Ulu öndərin müəllifi olduğu bitkin neft strategiyası müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, böyük uzaqgörənliklə hazırlanmış dəqiq fəaliyyət planıdır. Ölkəmizin müasir yüksəlişi də məhz yeni neft strategiyasının uğurları ilə başlanmışdır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir”.
1997-ci il noyabr ayının 12-də “Çıraq” yatağında ilkin neftin əldə olunması Azərbaycanda dövlət səviyyəsində qeyd edildi. Elə həmin gün Bakıda xam nefti qəbul edib texnoloji prosesdən sonra ixrac kəmərinə vurmaq məqsədilə inşa edilmiş Səngəçal terminalının açılışı oldu. 2001-ci il avqustun 30-da Azərbaycanın dövlət başçısı Heydər Əliyevin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsinə dair qərar qəbul olundu. Bununla da, ölkəmizdə genişmiqyaslı tikinti-quraşdırma işlərinə start verildi. 2005-ci il fevral ayının 14-də “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış unikal platformadan neft hasilatına başlanması ilə Azərbaycanda böyük neft hasilatının əsası qoyuldu. Sonrakı illərdə “Azəri-Günəşli-Çıraq” layihəsi çərçivəsində yeni platformaların tikilib istismara verilməsi ilə ölkəmizdə neft hasilatı kəskin şəkildə artmağa başladı. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə üzrə neft hasilatı təxminən 5,6 dəfə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatdırılmışdır. Bu həm də Azərbaycanın neft sənayesi tarixində rekord göstərici hesab olunur. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda indiyədək qazılmış çoxsaylı quyuların 81-i hazırda uğurla istismar olunur. Ötən müddətdə həmin quyulardan 340 milyon tona yaxın neft və 23 milyard kubmetrdən artıq səmt qazı hasil edilmişdir. Bundan əlavə, 36 quyudan suvurma və digər texniki məqsədlər üçün istifadə edilir.
Qazanılmış nailiyyətlərdən danışarkən, ilk növbədə, zəngin tarixi ənənələrə malik neft-qaz sənayemizin yeniləşdiyi qeyd olunmalıdır. 1994-cü ildən indiyədək neft sektoruna təqribən 50 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, ölkəmizin mövcud yataq və strukturları üzrə irimiqyaslı layihələr həyata keçirilmiş, neft sənayesində ən müasir infrastruktur yaradılmışdır. Hazırda Azərbaycanda hasilatın pay bölgüsünə dair 33 saziş üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 20 ölkəsini təmsil edən 53 şirkət iştirak edir.
Ölkəmizdə hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması yeni neft strategiyasının ən mühüm tərkib hissələrindəndir. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması Azərbaycanın enerji müstəqilliyini təmin etmiş, Avropa və digər uzaq regionların yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı üçün yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi baxımından sabit tranzit dəhlizi kimi respublikamıza real imkanlar yaratmışdır. Hazırda Azərbaycandan dünyanın 33 ölkəsinə xam neft və neft məhsulları ixrac edilir. İlkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan bu misilsiz layihə 2006-cı ilin yayında gerçəkləşmişdir. Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından olan BTC kəməri dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyədək 265 milyon tona yaxın Azərbaycan nefti bu kəmər vasitəsilə dünya bazarına çıxarılmışdır.
Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. Həmin gəlirlərin indiki və gələcək nəsillərin firavan həyatının təminatına yönəldilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Fondu təsis edilmişdir. Ötən müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafına təkan verən bir sıra məqsədli dövlət proqramları məhz Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilmişdir. Neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsini iqtisadi siyasətin prioriteti elan edən Azərbaycan dövləti hazırda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələr qazanır. Ölkəmizdə əldə edilən sosial- iqtisadi uğurların təməlini isə məhz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası təşkil edir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.