Azərbaycan açıq, şəffaf, müstəqil siyasət yeridir

 

 

 

Son illər  Azərbaycanda görülən işlər, aparılan islahatları, baş verən inkişaf prosesləri bütün dünyada heyrətlə qarşılanır. Artıq dünya birliyində də etiraf olunur ki,  ölkəmiz özünün müstəqillik tarixində  iqtisadi, siyasi və mədəni  cəhətdən sürətlə inkişaf edib və bu inkişaf bu gün də özünü göstərməkdədir. Artıq iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir. Ümumilikdə, arxada qalan son 10 il respublikamızın inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirilir. Bu dövrdə dövlətimiz özünü təsdiq etməklə dünya birliyində mövqelərini  xeyli gücləndirmiş və  beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli rol oynayan tərəfdaşa çevrilmişdir.

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması,  mövqelərini getdikcə möhkəmləndirməsi, əlaqələrini daha da genişləndirməsi tanınmış ictimai-siyasi xadimlər, habelə iqtisadçılar tərəfindən yüksək qiymətləndirilir. İqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməyimiz təsadüfi deyil. Bundan ötrü Azərbaycan uzun, çətin, mürəkkəb bir yol qət etmiş, bütün sahələr üzrə uğurlu islahatlar aparılmış, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində qətiyyətlilik nümayiş etdirilmiş, qarşıya çıxan bütün maneələr aradan qaldırılmışdır. 

Ötən dövrdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artıb. Bu göstəriciyə görə, Azərbaycan MDB və Şərqi Avropa dövlətləri arasında birinci yeri tutur. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,3 milyard dollar idisə, son 10 ildə büdcənin 16 dəfə artması dövlətin bu qədər güclənməsi deməkdir.

 Respublikamızla  əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayının getdikcə artması ölkəmizin reytinqinin sürətlə yüksəlməsindən xəbər verir. Bütün bunlar bir daha təsdiqləyir ki,  Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçilməsi tarixi əhəmiyyət kəsb edir. Keçmiş SSRİ respublikalarından yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan bu hüququ qazanıb. Azərbaycan bu gün bölgənin qüdrətli dövlətlərindəndir. İqtisadi inkişaf tempinə, adambaşına düşən ümumi daxili məhsulun həcminə və sənaye potensialına görə Azərbaycanı, hətta, bölgənin lider dövləti hesab edirlər.  Azərbaycan artıq kosmik ailənin üzvüdür. Gəlin görək, bölgədə kosmik ailənin üzvü olan neçə dövlət var? Postsovet məkanında bunlar yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır. Dünyada cəmi 55-60 dövlət kosmik ailənin üzvüdür və çox qürurverici haldır ki, bu  ölkələrin sırasında biz də varıq. Son on ildə qazanılmış tarixi uğurları gözlərimiz önünə gətirsək, Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin inkişafda olduğunu görərik. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanıldı və elə həmin il ölkə başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzaladı. “”Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul olundu və qısa müddətdə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxıldı. Azərbaycanın ilk peyki Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən - üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxıldı.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Azərbaycanın ilk peyki 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malik olacaq.

Ölkəmizin beynəlxalq əlaqələri də gündən-günə genişlənir. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Avropa İttifaqı, NATO və digər mötəbər qurumlarla münasibətlər getdikcə dərinləşməkdədir. Avropa Birliyinin Yeni Qonşuluq Siyasətinə dair Proqramına qoşulmaqla ölkəmiz əlavə dividendlər qazanıb.

Respublikamız  beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır. Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Ötən ildə keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət  təşkilatlarının I forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumunu, İnternet İdarəçilik Forumunu, ATƏT-in Parlament Assambleyasının sessiyasını və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Qeyd edək ki, Azərbaycan belə  mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. Bu, o deməkdir ki, Azərbaycan, xüsusən də, paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir

2008-ci il iyunun 10-da Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumdan sonra  2011-ci il aprelin 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da  məhz yenə Bakıda keçirilməsi qərara alındı. Bu, təsadüfi deyildi. Belə qərarın qəbul edilməsi, ilk növbədə, ondan irəli gəlirdi ki, Azərbaycan artıq beynəlxalq təşkilatların tədbirlərini keçirməyə qadir olduğunu təsdiqləmişdi. Digər tərəfdən isə, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı, getdikcə artan iqtisadi qüdrəti də buna imkan verirdi. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumunda çıxış edən Mehriban xanım Əliyeva qarşıda duran vəzifələr, görüləcək işlərdən danışarkən demişdi: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?” O, sadəcə bu sualı qoymaqla kifayətlənmədi, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atdı, öz fəaliyyəti ilə mədəniyyətlər və sivilizasiyalararası dialoqa nail olmağın yolunu, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərdi.

2011-ci il aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üçün məhz yenə Bakının seçilməsi  ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasının nəticəsi idi. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu bir ölkə bu cür tədbirlər üçün həqiqətən əvəzsiz məkandır. Əvvəla, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməkdə yaxşı təcrübə toplamış, digər tərəfdən, son onilliklər hər bir sahədə sanballı qələbələr qazanaraq regionun lider dövlətinə çevrilmişdi. BMT, UNESCO, Avropa Şurası, Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəyi ilə keçirilmiş bu foruma dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatlarının çoxsaylı təmsilçiləri qatılmışdılar. Ölkəmizin xarici siyasətində sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun beynəlxalq aləmdə təşviq edilməsi xüsusi əhəmiyyət verilən sahələr arasında olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev də  beynəlxalq humanitar forumların Bakıda keçirilməsini şərtləndirən amilləri izah edərkən demişdi: “Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə məxsus olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bəli, hər bir ölkənin, hər bir xalqın azad olmaq haqqı var, lakin dünyada böyük bir ailəni formalaşdırmaq üçün xalqlar arasında bərabər imkanlar təmin edilməli, milli sərhədlərə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”.

2012 -ci il aprelin 26-da Bakıda dünya dini liderlərinin ikigünlük  sammiti də həmin tədbirlərin bir növ davamı idi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri  sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edirdi. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayıblar və biz  bu gün də bunun şahidiyik.  İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, on üç ildən  isə artıqdır ki, Avropa Şurasının üzvüdür. Bununla yanaşı, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli, açıq, şəffaf, müstəqil siyasət yeridən ölkədir. Məhz bunun nəticəsidir ki, bir neçə il əvvəl Bakı İslam mədəniyyətinin paytaxtı seçilib və həmin il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilib. Azərbaycan ictimaiyyəti ümid edir və inanır ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək. Bundan sonra,  Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.

Dünyanın aparıcı kütləvi informasiya vasitələri də belə tədbirlərin Bakıda keçirilməsini yüksək dəyərləndiriblər. Məsələn, “İsrailin səsi” dövlət radiostansiyasının  “Günün aktual hadisələri” verilişində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan-tolerantlıq ərazisi” adlı yeni layihəsi şərh olunub. 

“İsrailin səsi” radiostansiyasının şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, “Azİz”  İdarə Heyətinin üzvü Arye Qut bildirib ki, Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin Vətəni olmuş və olacaqdır. O demişdir: “Qədim Azərbaycan torpağında İslam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olmuşdur. Bu ölkədə indinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da vardır ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində səhiyyə və ərzaq nazirləri yəhudi xalqının nümayəndələri olmuşlar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir”. 

A.Qut bildirib ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. O, fikrini belə tamamlayıb: “Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, Azərbaycandan başqa, belə bir ölkənin adını sadəcə çəkə bilməyəcəksiniz”.

 Ötən on il ərzində  ölkəmizin  dünya birliyində mövqelərinin möhkəmlənməsi və beynəlxalq aləmə sürətli inteqrasiyası  Azərbaycan xalqının etdiyi seçimin — cənab İlham Əliyevə səs verərək ulu öndərin siyasətinin davam etdirilməsinə tərəfdar olduğunu bildirməsinin  nə qədər düzgün olduğu bir daha  təsdiqləndi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan öz inkişafının yeni, sürətli bir dövrünü yaşayır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında