Yanvar-iyul aylarında qeyri-neft sektorunda artım 6,8 faiz olmuşdur
Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülmüş işlərin nəticəsidir ki, son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır.
Respublika Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, 2014-cü ilin yeddi ayında Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrində dinamik inkişaf davam etmişdir. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkədə ÜDM istehsalı 2,4 faiz artaraq 34 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 45,5 faizi sənaye sahələrində, 11,4 faizi tikinti kompleksində, 9,8 faizi ticarət və pullu xidmət sahələrində, 5 faizi nəqliyyatda, 1,7 faizi informasiya və rabitə müəssisələrində, 4,9 faizi aqrar bölmədə, 14,6 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 3621,3 manat məbləğində (4617,3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artmışdır.
Əlavə dəyərin 56,8 faizi qeyri-neft sektorunda istehsal olunmuşdur. Bu da ötən ilin yeddi ayı ilə müqayisədə 6,8 faiz artım deməkdir. Yeddi ayda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,8 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 14,4 milyard manatı və ya 72,5 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 24,9 milyon ton neft və 10,8 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində 4,3 milyard manatlıq məhsul istehsal olunmuş, qida məhsulları istehsalı 3,1 faiz, tütün məmulatları istehsalı 71,9 faiz, geyim istehsalı 42,9 faiz, hazır metal məmulatların istehsalı 14,4 faiz, tikinti materiallarının istehsalı 22,6 faiz, elektrik avadanlıqları istehsalı 17,1 faiz, avtomobil və qoşquların istehsalı 66,2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,4 dəfə, mebel istehsalı 13,4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 62,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 20,6 faiz artmışdır.
Qeyri-neft emal sənayesində 2,8 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,3 faizi və ya 1051,9 milyon manatlığı istehsal edilmişdir. İstehsal edilən 12,5 milyard kVt.saat elektrik enerjisi əvvəlki ilin yeddi ayının səviyyəsini 3,5 faiz üstələmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,9 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artmış, neft-qaz sektorunda isə 2,7 faiz azalmışdır.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 95,2 faizi, yaxud 952,2 min hektarı biçilmiş və həmin sahələrdən 2176,3 min ton məhsul götürülmüşdür. İqlim şəraitinin əlverişsiz keçməsi məhsuldarlığa öz təsirini göstərmişdir. Orta hesabla hər hektardan əldə edilmiş məhsul keçən ilə nisbətən 3,8 sentner azalaraq 22,9 sentnerə düşmüşdür. Məhsulu toplanmış 3,7 min hektar qarğıdalı sahəsindən 13,7 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 466,1 min ton kartof, 717,8 min ton tərəvəz, 325,1 min ton bostan məhsulları, 176,6 min ton meyvə və giləmeyvə, 3,2 min ton üzüm, 316,7 ton yaşıl çay yarpağı, 3,6 min ton dən üçün günəbaxan və 1,2 min ton tütün toplanmışdır.
Bu dövrdə 252,4 min ton, yaxud 2013-cü ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz çox diri çəkidə ət, 1103,6 min ton (3,5 faiz çox) süd, 889,1 milyon ədəd (11,3 faiz çox) yumurta, 15,4 min ton (1,6 faiz çox) yun istehsal olunmuşdur.
Ölkədə bütün maliyyə mənbələrindən əsas kapitala 9075,5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 6596,7 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 13 faiz artmışdır. Əsaslı vəsaitin 67,7 faizi və ya 6140,7 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, həmin vəsaitin 6,4 milyard manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Yeddi ay ərzində 986,5 min kvadratmetr sahəsi olan yaşayış evləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5413,6 milyon manat vəsaitin 3065 milyon manatından istifadə olunmuşdur.
2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında ölkədə 65,1 min yeni, o cümlədən 52,8 min daimi iş yeri açılmışdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış iş yerlərinin 69,3 faizi regionlarda, 83,9 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 124,9 milyon ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox yük, 1004,9 milyon nəfər və ya 5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 9,8 faizi dəmir yolu nəqliyyatı, 56,2 faizi avtomobil nəqliyyatı, 4,6 faizi dəniz nəqliyyatı, 29,4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87,4 faizi avtomobil, 12,3 faizi metropolitenlə daşınmışdır.
İlin əvvəlindən keçən yeddi ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 862,3 milyon manatlıq xidmət göstərmişdir. 2013-cü ilin yanvar-iyul aylarına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12,4 faiz artmış, xidmətlərin 72,5 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında 134 xarici ölkə ilə 15,3 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1411,3 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 13,9 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Altı ay ərzində 11,2 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 424,3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96,2 faizi və ya 10,8 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür. Ölkəyə 4124,6 milyon dollarlıq məhsul gətirilmişdir. Xarici ticarət dövriyyəsinin 46,5 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB-yə üzv dövlətlərlə, 44,3 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, altı ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olmuş və nəticədə 7121,7 milyon dollar müsbət saldo yaranmışdır. Yanvar-iyun aylarında ölkəyə 32,2 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlara görə xarici ticarət dövriyyəsi 20,6 milyard dollar, o cümlədən ixrac 16,5 milyard dollar təşkil etmiş, müsbət saldo 12,4 milyard dollar olmuşdur.
2014-cü ilin yeddi ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4,7 faiz artaraq 21 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,4 faiz artaraq 2239,1 manata çatmışdır. Gəlirlərin 70,3 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
2014-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat təşkil etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. 2014-cü il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1285 min nəfər olmuş və ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 172,2 manata çatmış və orta əmək haqqının 39,2 faizini təşkil etmişdir. Hazırda ölkədə 332,2 min nəfər sosial müavinət, 60,9 min nəfər birdəfəlik müavinət, 50,2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 126,6 min ailənin 555,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alır.
Yeddi ay ərzində əhali istehlak bazarından 11,8 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 3532,4 milyon manat ödəmişdir. 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,1 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3,5 faiz, qeyri-ərzaq mallarının satışı 15 faiz, pullu xidmətlərin həcmi 6,6 faiz artmışdır. 2014-cü ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1350 min manatlıq qeyri-ərzaq malları və 145,6 min manatlıq ərzaq məhsulları satılmışdır.
İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2 faiz, ucuzlaşmış, xidmət tarifləri 0,2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməmişdir. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yeddi ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşmışdır.
2014-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 9338,9 milyon manat, xərcləri 0,1 faiz azalaraq 8723,9 milyon manat təşkil etmişdir. Büdcənin profisiti 615 milyon manat və ya ümumi daxili məhsulun 2,1 faizi səviyyəsində olmuşdur. Büdcə gəlirlərinin 12,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16,4 faizi əlavə dəyər vergisindən, 4,9 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,3 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olmuş, 55,2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
Büdcə vəsaitlərinin 4087,2 milyon manatı (46,8 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 987,4 milyon manatı (11,3 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 904 milyon manatı (10,4 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir. Xərclərin 21,2 faizini (1853,1 milyon manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.
İyul ayının 1-nə kimi ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 16,8 milyard manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artmışdır. Kredit qoyuluşunun 34,5 faizi dövlət, 62,7 faizi özəl banklar, 2,8 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 78,9 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,2 faizinin ödənilmə vaxtı keçmişdir.
Yeddi ayda əhalinin banklardakı əmanətlərinin qalığı 6,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artmışdır. Əmanətlərin 4,2 milyard manatı və ya 62,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 17,1 faiz və 7,9 faiz artmışdır.
İlin əvvəlindən bəri ölkə əhalisinin sayı 51,8 min nəfər artaraq 9528,9 min nəfərə çatmışdır.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.