Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və milli maraqlarımıza uyğun həlli Azərbaycanın xarici siyasətində əsas prioritetdir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli   ümummilli lider Heydər Əliyevin xarici siyasətində başlıca yer  tuturdu.

Ulu öndərin  1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlarda, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək söhbətlərdə göstərdiyi ardıcıl səylər bu böyük siyasətçinin üzərinə götürdüyü missiyanın mühüm hissəsini təşkil edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur.Bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın ölkəmizə ərazi iddiaları nəticəsində yaranmışdır.

 

Beynəlxalq birlik bu münaqişəyə lazımi diqqəti hələ ayırmasa da,  yaxşı bilir ki, bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdır.

Sadəcə, 1988-ci ildə münaqişə başlananda keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi. Bundan əlavə, SSRİ rəhbərliyinin M. Qorbaçov başda olmaqla ermənilərə tərəfkeşlik etməsi düşmənin daha da əl-qol açmasına zəmin yaratdı. 1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da  işğalına başladı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı  birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan  erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək  lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də,  Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında  Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət  olduğu bəyan edildi. Bir tərəfdən,  Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğal olunmasını, digər tərəfdən, ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını görüb buna dözmək istəməyən xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.  Məhz atəşkəsə nail olduqdan sonra problemlərin həlli üçün geniş imkan və şərait yaranmış oldu və bu sahədəki işlərin vüsəti xeyli artdı. Heydər Əliyev məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in  Lissabon Zirvə görüşü zamanı böyük siyasətçi Heydər Əliyevin  uzaqgörənliyi və müdrikliyi nəticəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi və müdafiə olundu.

Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında Prezident Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk  qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş  keçirmişdir ki, bu görüşlərin də  hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.

Bütün bunlar Azərbaycan dövlətinin xarici siyasətində xalqımızın ən ağrılı problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinin son dərəcə vacib olduğunu sübut edir. Müstəqil xarici siyasət yürütməyi hədəf götürən ümummilli lider Heydər Əliyev böyük tarixi hadisə olan müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğunu dərk edir və bu yolda öz fədakarlığını misilsiz xidmətləri ilə ortaya qoyurdu. O deyirdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır.” Sevindirici haldır ki, bu gün həmin  siyasəti Prezident İlham Əliyev öz uzaqgörənliyi və prinsipiallığı ilə davam etdirir. Azərbaycan dövləti, diplomatiyamız hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə milli maraqlarımıza uyğun olaraq öz həllini tapsın. Ermənistan nə qədər də öz qeyri-konstruktiv mövqeyi ilə seçilsə də Azərbaycan dövləti böyük canlı qüvvə və yüksək hərbi potensiala sahib olmasına baxmayaraq, hələ də səbrli davranır və bu problemin beynəlxalq hüququn şərtlərinə müvafiq qaydada həllinə səy göstərir.

“Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq”, söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Xarici siyasətimizin uğurlu olmasının ən başlıca təsdiqi 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz , bəşəri  düşündürən problemlərin ədalətli həlli istiqamətində gördüyümüz işlərdir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas faktordur. Dövlət başçımız çıxışlarının birində demişdir: “Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”. 

Azərbaycanın Qoşulmama Hərəkatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizin 120 ölkə tərəfindən dəstəklənməsi, etimad qazanması o deməkdir ki, dünya dövlətlərinin dörddəüç hissəsi Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar əsas və ədalətli tələbini – ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində həllini əks etdirən mövqeyini müdafiə edir. Xarici siyasətimizlə bağlı istiqamətlərdən olan Xocalı soyqırımının dünyada tanınması üçün aparılan işlər davam etdirilir. 20 illiyi beynəlxalq səviyyədə qeyd olunan Xocalı soyqırımını tanıyan Meksika, Pakistan, Kolumbiya kimi ölkələrin sayı artmaqdadır. Reallıq budur ki, qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə , xoş niyyətlərə əsaslanan Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış və ədalətlidir .

Ermənistanın dünya birliyinə göstərdiyi etimadsızlıq, beynəlxalq hüquqa qarşı etinasızlığı bir an belə dövlətimizi öz haqq işini davam etdirməkdən çəkindirməmişdir. Azərbaycan rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, nə qədər ki,  Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləri davam edir bu münaqişənin sülh yolu ilə həlli şansı sıfıra enir.

Təəssüflər olsun ki, bir tərəfdən, Azərbaycana öz hərbi imkanlarından istifadə edərək torpaqlarını azad etməyə sözün həqiqi mənasında imkan verməyən  beynəlxalq təşkilatlar, digər tərəfdən, bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmiş və onlara heç bir təzyiq mexanizmi işə salınmamışdır. Bu da  məsələ ilə məşğul olan vasitəçilərin vəziyyəti  belə şəkildə saxlamaqda maraqlı olduğuna əminlik yaradır. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Kim güclüdür, o da haqlıdır”prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur. Biz siyasi, iqtisadi, o cümlədən, hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər." Dəfələrlə Prezident İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Dövlət başçısı hər dəfə imkan düşəndə bütün yüksək tribunalardan geniş dünya ictimaiyyətinə Qarabağla bağlı həqiqətləri çatdırmışdır.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunmuş Soçi görüşündə dövlət başçımızın səsləndirdiyi cəsarətli fikirlər Ermənistan rəhbərini çətin vəziyyətə saldı. Ölkə rəhbəri bu dəfə də qətiyyətlə bəyan etdi ki, Azərbaycan sülh üçün çalışır, lakin bu, o demək deyil ki, öz doğma torpaqlarından imtina etməlidir. Sadəcə Serj Sarkisyanın rabitəsiz nitqi, məntiqsiz çıxışları və ölkəsinə qayıtdıqdan sonra verdiyi hədyan bəyanatlar Ermənistanın iç üzünü və heç bir halda islah olunmamaq istəyini sübut etdi.

Anar TURAN,

“Xalq qəzeti”  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında