Ölkə ictimaiyyəti işğal olunmuş torpaqların azad edilməsi üçün Ali Baş Komandanla həmrəyliyini bildirir

 

Ermənistan dövlətinin işğalçılıq siyasətindən əl çəkməməsinə, işğalçı ordunun qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində mütəmadi olaraq atəşkəs rejimini pozmasına və bunun nəticəsində sərhədboyu ərazidə yaşayan insanlara ciddi ziyan dəyməsinə beynəlxalq birliyin indiyədək göz yumması ictimaiyyəti narahat edir.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinin nəticəsiz qalması onları daha da azğınlaşdırıb.Elə bunun nəticəsidir ki, son zamanlar Ermənistanın işğalçı ordusu  və kəşfiyyat-təxribat qrupları  cəbhə boyunca bir neçə dəfə təmas xəttini keçməyə cəhd göstəriblər. Ancaq onların  çirkin niyyətləri baş tutmayıb və düşmən layiqli cavabını alıb.

 Cənubi  Qafqazda ən güclü ordu olan Azərbaycan Ordusu hər zaman ayıq-sayıqdır və düşmənə layiqli cavab verərək onların bütün  planlarını alt-üst edir. İşğal altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Azərbaycan  Ordusunun qarşısına qoyulan prioritet vəzifələrdəndir. Artıq ictimaiyyət  nümayəndələri də tam əmindir ki,  qüdrətli  Milli Ordumuz bu vəzifənin  öhdəsindən şərəflə gələcək.  Bir müddət əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonuna səfəri zamanı yerli sakinlərlə görüşdə  bunu əminliklə bildirib: “Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir”.

Respublikamızın rəhbəri bildirib ki, Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın.

Ermənistanın dövlət rəsmilərinin bütün cəhdlərinə baxmayaraq, bu gün də Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qəbul edilir. Hətta bu ərazinin Ermənistan tərəfindən işğal olunması barədə mötəbər beynəlxalq qurumlar qətnamələr də qəbul ediblər. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən siyasət artıq öz bəhrəsini verib. Çünki dünyanın əksər dövlətləri, həmçinin beynəlxalq qurumlar bu istiqamətdə Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasını bəyan edirlər. Azərbaycanın inkişafı, qüdrətlənməsi, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi  bu problemin həllini günbəgün yaxınlaşdırır. Artıq işğalçı Ermənistan  tərəfi məğlubiyyətin yaxınlaşdığını hiss edir. Ona görə də müxtəlif bəhanələrlə münaqişənin həllini uzadır. Ancaq yaxın zamanlarda başa düşəcəklər ki, bu məsələ uzana bilməz.

Ermənistan ianə ilə dolanan dövlətdir. Ona görə də müstəqil siyasət yeridə bilmir. Bu ölkə ona ianə verənlərin əlində alətə çevrilib. Ancaq  işğalçı ölkənin nazı ilə oynamağın da bir həddi-hüdudu var.  Son  günlərdə onlar layiqli cavablarını aldılar. İşğalçı ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd edərkən Milli Ordumuzun üzvləri tərəfindən geri oturuldu. Düşmən tərəfi böyük itki verərək pərən-pərən düşdü.

Azərbaycan Prezidenti Ağdam rayonundan olan məcburi köçkünlərlə görüşü zamanı da bu məsələyə toxunaraq dedi:  “Son hadisələr zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Bununla bərabər, beynəlxalq aləm də gördü ki, bu, dondurulmuş münaqişə deyil. Çünki bir çoxları bunu dondurulmuş münaqişə kimi qələmə verirlər... Ancaq bu hadisə göstərir ki, bu, dondurulmuş münaqişə deyil və Ermənistanın havadarları – onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu – onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər. Çünki bu gün artıq bizim qabağımızda tab gətirə bilmir. Təsəvvür edin ki, 5 il, 10 il keçəndən sonra, əgər münaqişə davam edərsə, onların vəziyyəti necə olacaq? İndi Ermənistanda kütləvi köç başlayır. Mən bu gün təmas xəttində də bu barədə dedim. İndi, bu hadisələr baş verəndən sonra Ermənistanı minlərlə erməni tərk edir. Qorxurlar ki, yenidən burada müharibə başlayar və o zaman onların vəziyyəti çox ağır ola bilər”.

Son hadisələrdən sonra Ermənistanda ciddi təşviş yaranıb. Yerli sakinlər qorxularından ölkəni kütləvi şəkildə tərk edirlər.  Azərbaycanda isə vəziyyət tamam başqadır, yüksək əhval-ruhiyyə yaranıb. İndi yaşlı nəslin nümayəndələri, keçmiş  Qarabağ döyüşçüləri, veteranlar ölkə başçısına,  Ali Baş Komandana müraciət edərək  onun əmrini gözlədiklərini  bildirir və  ermənilərə layiq olduqları  yeri göstərmək istəyirlər.  Bundan ötrü Ali Baş Komandanın əmrini gözləyirlər. Artıq dövlətimizin başçısı da bu müraciətlərdən xəbərdardır. Ağdamda məcburi köçkünlərlə görüşü zamanı dövlət başçısı cəmiyyətdə yaranmış gözəl ab-havadan məmnunluğunu ifadə edib və  bu müraciətlərə də münasibət bildirib: “Azərbaycan xalqının səbri artıq tükənir.  Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir. Ehtiyac yoxdur. Ordumuz vardır. Ordumuz öz vəzifə borcunu layiqincə yerinə yetirir. Amma bu, cəmiyyətin duyğularını, vəziyyətini göstərir. Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar.  Bu dövlətin vətəndaşlarıdır. Çünki Azərbaycan müstəqil siyasət aparır.  Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır.  Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik”.

Müharibə veteranlarının, gənclərin və minlərlə vətənpərvər insanın dövlətimizin başçısına müraciətləri bir daha təsdiqləyir ki, ölkə ictimaiyyəti işğal altında  olan torpaqların azad edilməsi üçün Ali Baş Komandanla həmrəydir. Belə müraciətlərdən bir neçəsini diqqətə çatdırmaq istərdik:

Müharibə,  Əmək  və  Silahlı  Qüvvələrin  Veteranlar  Təşkilatı  Saatlı  rayon  şöbəsinin  sədri,  Qarabağ  müharibəsi  veteranı,  Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü Əliağa  Əsədulla  oğlu  Qurbanov yazır: “Hörmətli  Prezident,  cənab  Ali  Baş  Komandan! Sizin  Ağdam  rayonundakı  “N”  saylı  hərbi  hissənin  hərbi  qulluqçuları  qarşısındakı  möhtəşəm  çıxışınız  ürəyində  Qarabağ  niskili gəzdirən,  müqəddəs  torpaqlarımızın  müdafiəsi  zamanı  onlarca  qəhrəman  döyüş  yoldaşını  itirmiş  bütün  keçmiş  hərbi  qulluqçular  kimi,  mənim  - hərbi  təqaüddə  olan,  sabiq  Saatlı  ərazi  müdafiə  batalyonunun  komandirinin  də  qəlbini  riqqətə  gətirdi.  Biz  veteranlar  həmişə  Sizin  torpaqlarımızın  işğaldan  azad  olunmasını  həyata  keçirəcəyinizə  inanmışıq!  Biz  veteranlar  həmişə  Sizin - Ali  Baş  Komandanın  döyüşə  atılmaq  barədə  əmrinizi  gözləmişik!  Bəli,  həqiqətən  də  Azərbaycan  dövləti  siyasi  və  iqtisadi  meydanda  mənfur  ermənilərə  qalib  gəldiyi  kimi,  döyüş  meydanında  da  qalib  gəlməyə  qadirdir.  Bunun  üçün  bütün  hərbi  hissələrimizdə,  xüsusən,  döyüş  mövqeyindəki  hərbi  hissələrimizdə,  hətta  arxa  cəbhədə - gənc oğlan  və  qızlarımızda  böyük  ruh  yüksəkliyi  və  vətənpərvərlik  hissi  vardır.  Günbəgün,  saatbasaat  Azərbaycan  ordusu  təkmilləşir,  inkişaf  edir  və  qüdrətlənir. Bütün  bunlar  ordumuzun  çox  yaxın  gələcəkdə  Xankəndidə  Azərbaycan  bayrağını  dalğalandıracağına  inamı  artırır.  Dövlətimizin  və  ordumuzun  bugünkü  qüdrəti  məhz  Sizin  adınızla  bağlıdır,  cənab  Prezident! Biz  veteranlar  Prezident  kimi  Sizin  siyasi  mövqeyinizi  dəstəkləyir,  Ali  Baş  Komandan  kimi  əmrinizə  müntəzirik. 

Cənab  Ali  Baş  Komandan!  Mayor  rütbəsi  ilə  hərbi  təqaüd  alıram. 1992-1993-cü  illərdə  Ağdam,  Cəbrayıl  və  Laçın  bölgələrində erməni  təcavüzkarlarına  qarşı  batalyon  komandiri  kimi  döyüşmüşəm. Sizin sərəncamınızla  medalla  təltif  olunmuşam.   Üç  oğlum  döyüş  mövqelərindəki  hərbi  hissələrdə  ləyaqətlə  xidmət  edib. Biz - Qarabağ  müharibəsi  veteranları  bu  gün   erməni  qəsbkarlarına  qarşı  döyüş  əməliyyatlarında iştirak etməyi, qalib  və  qüdrətli  ölkənin  ordusunun  veteranı  olmağı  çox  arzulayırıq.  Allah  bizə  də  Sizinlə  Xankəndidə  fərqlənmiş  döyüşçü  kimi  xatirə  şəkli  çəkdirməyi  nəsib  etsin. Amin!”

“Azərbaycan Bayrağı” ordenli Qarabağ müharibəsi əlili Baxşeyiş Hətəmli: “Nankorluqdan əl çəkməyən ermənilər bu günlərdə təmas xəttində, Ağdam-Ağdərə istiqamətində kəşfiyyat-təxribat əməliyyatları həyata keçirib və qürur duyduğumuz ordu tərəfindən layiqli cavablarını alıblar.  Döyüşlərdə biz də şəhid vermişik. Amma qoy düşmən eşitsin və dərk etsin ki, Azərbaycan xalqı şəhid verməkdən qorxmur. Bu itkilər bizi sarsıtmır, əksinə daha da qürurlandırır. Bizim düşmənə qarşı nifrətimizi, qəzəbimizi daha da artırır, savaşda yumruq kimi birləşməyə çağırır.  Qoy düşmənlər bilsin ki, Azərbaycan xalqı torpaq yolunda, Vətən yolunda şəhid verməyi bacaran xalqdır.  Ermənilər dərk etsinlər  ki, bizim hiss və duyğumuz hansısa siyasi hərbi havadardan gəlmir, babalarımızdan, onların qeyrətindən, qanından qidalanır.

Cənab Prezident! Qarabağ savaşında, söz yox ki, qələbə haqqın tərəfindədir. Bu gün haqq bizimlədir və Qarabağ savaşında bizi qələbəyə aparacaq bir yolumuz var. Bu, Prezidentimizin yoludur, İlham Əliyev yoludur. Bu gün öz sözünü deyə biləcək Azərbaycan Ordusu var. Bütün Azərbaycan xalqı, bütün tərəqqipərvər bəşəriyyət bilir ki, Siz bəşəri duyğulara malik bir insan, eyni zamanda, humanist bir ölkə başçısı kimi münaqişənin qan tökülmədən başa çatması üçün israrla mübarizə aparırsınız. Sizi əmin edir, eyni zamanda, düşmənlərimizə çatdırırıq ki, 100 min nəfərə qədər azərbaycanlı müharibə veteranı Sizin əmrinizlə müqəddəs Qarabağ savaşına hazırdır”.

Belə faktlar saysız-hesabsızdır. Bu müraciətlər həm də “İlham-Xalq”, “Xalq-İlham” vəhdətinin yenilməz olduğunu təsdiqləyir.  Müharibə veteranları, keçmiş döyüşçülər və gənclər  Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə seçdiyi Prezidentin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirirlər. Ölkəmizin başçısı isə bu müraciətlərdən məmnun olduğunu bildirərək müharibə veteranlarının döyüş bölgələrinə getmələrinə ehtiyac duymur və Azərbaycanın güclü, qüdrətli ordusunun düşmənə cavab vermək iqtidarında olduğunu bildirir.  Dövlətimizin başçısı bildirib ki, müharibə veteranlarına qayğı göstərilməsi qarşıya qoyulan prioritet vəzifələrdəndir: “...Müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki işlər görülür. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillər, evlər verilir. Artıq minlərlə ev verilmişdir. Hələ növbədə dayananlar vardır, hesab edirəm ki, iki-üç ilə bu məsələni də tam şəkildə həll edəcəyik. Eyni zamanda, veteranlara minik maşınlarının verilməsi prosesi də artıq başa çatır”.

Göründüyü kimi, xalq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və azğınlaşmış ermənilərə layiqli cavab vermək,  onları layiq olduqları yerdə otuzdurmaq üçün müraciətlər edirlər.  Ermənilər isə  bu müraciətlərdən və Azərbaycan Ordusunun sonuncu uğurlu  əməliyyatlarından sonra ciddi qorxuya düşüblər. İndi onlar qorxularından ölkəni tərk edərək  başlarını soxmağa yer axtarırlar.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında