Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində mühüm rol oynayır.
Xəzər Avrasiyanın mərkəzində yerləşir. Bu dəniz üzərində nəzarəti ələ almaqla, eyni zamanda, Orta Asiyaya, Rusiyaya, İrana və Cənubi Qafqaza təsir göstərmək olar. Odur ki, bu regionu Avrasiyanın “dayaq nöqtəsi” hesab etmək mümkündür.
Bununla belə, Cənubi Qafqazın bir region kimi səciyyələndirilməsi birmənalı qarşılanmır. Bəzi mütəxəssislərin fikrincə, subregion kimi onun regional subsistemə çevrilməsi üçün tələb olunan şərtlər bu günə görə real deyil. Sosial və iqtisadi uyğunluq, qarşılıqlı asılılıq, kommunikasiya kimi şərtlərin olmaması Cənubi Qafqaz ölkələrinin yalnız coğrafi yaxınlıq baxımından region olduğundan xəbər verir.
Xəzər regionunda ən əlverişli mövqe Cənubi Qafqaza məxsusdur. Cənubi Qafqaz regionunun əhəmiyyətini artıran, beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən yeni geosiyasi reallıqları aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:
– Xəzərin və Qara dənizin, Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir. Bu amil Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir. 1997-ci ildə nəşr olunmuş ABŞ-ın Yeni əsr üçün Milli Təhlükəsizlik Strategiyasında da bu regiona böyük önəmin verildiyinin şahidi olmaq mümkündür: “Sabit, çiçəklənən Qafqaz və Mərkəzi Asiya Aralıq dənizindən Çinədək sabitliyin və təhlükəsizliyin təmin olunmasına, sürətli inkişafa və Xəzər neftinin, qazının ABŞ-ın səmərəli kommersiya iştirakı ilə dünya bazarına çıxarılmasına zəmin yaradacaq”;
– Qafqaz regionunda Rusiya heç də şəksiz və şəriksiz güc mərkəzi deyildir. Rəsmi Moskva bu reallığın fərqindədir və region siyasətinin konturlarını cızarkən bölgə dövlətlərinə münasibətdə konkret və xüsusi yanaşma strategiyasını həyata keçirməyə səy göstərir. Belə yanaşma tərzi son nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanla Kreml tərəfdən müxtəlif müstəvilərdə və müxtəlif statuslarda davranılmasını şərtləndirir. Ermənistan cəmiyyətində birtərəfli qaydada Rusiyaya prioritet verən xarici siyasət kursundan imtina edilməsini tələb edənlərin xüsusi çəkisi getdikcə artmaqdadır. Ermənistanlı ekspertlərin fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin son dövrlərdə yüksələn xətt üzrə inkişafı, xüsusilə də hərbi sahədə əməkdaşlığın sürətlə genişlənməsi Ermənistanda ciddi narahatlıqla qarşılanır.
– ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları Proqramının direktoru B. Şafferin məruzəsində qeyd olunur ki, üç Cənubi Qafqaz dövlətinin hər birinin minimum bir “xarici” qonşu ilə mürəkkəb münasibətləri var. Rusiya, eləcə də ABŞ üçün Gürcüstan geostrateji parametrləri baxımından əlverişli ölkədir. Əgər Azərbaycan neft istehsalçısı olaraq Qərb üçün strateji baxımdan dəyərlidirsə, Gürcüstan bu halda enerji ehtiyatlarının tranzit olunduğu məkan nöqteyi-nəzərdən qiymətlidir.
2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstanın ərazi bütövlüyünün bərpası məqsədilə bu ölkənin hərbi qüvvələrinin Cənubi Osetiya və Abxaziya ərazisinə yeridilməsi, Rusiyanın separatçı rejimlərin müdafiəsinə qalxmaqla Gürcüstan ərazisində irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyə başlaması regionu yeni geosiyasi reallıqla üz-üzə qoydu. Nəticədə bütün regionda sülh və təhlükəsizlik üçün olduqca ciddi təhlükə mənbəyi yaranmış oldu;
– ABŞ-ın keçmiş Prezidenti Ceyms Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Z.B. Bjezinskinin qeyd etdiyi kimi, ABŞ da Cənubi Qafqaz kimi mühüm geostrateji əhəmiyyətli bir regionda öz siyasi təsirini artırmağa çalışır. Bu bölgə bütün növ qiymətli metal və neft-qaz yataqları ilə zəngindir. Dünyanın enerjiyə olan ehtiyacı yüksələn xətlə dəyişdiyi zaman karbohidrogen ehtiyatları ilə zəngin bu bölgənin əhəmiyyəti daha da artır.
Təkcə ABŞ və Qərb ölkələrinin deyil, Asiyanın sürətlə inkişaf edən dövlətlərinin də neft-qaza tələbatı günbəgün artmaqdadır. Küveyt, Meksika, Şimal dənizindəki karbohidrogen ehtiyatları ilə müqayisə olunan Xəzər dənizi hövzəsi Orta Asiya enerji ehtiyatları bölgəsini nəhəng dövlətlərin həyati mənafe zonasına çevirir. Belə mühüm bir regionun dünya siyasətindəki oriyentasiyası, sözsüz ki, həlledicidir. Regionda mövcud olan hər üç dövlətin təsir imkanlarını əldə saxlamaq və ya təsir imkanı qazanmaq üçün bölgəyə giriş qapısı Azərbaycandır. Bununla Azərbaycanın regionda qlobal mahiyyətli siyasətin həyata keçirilməsində hansı geosiyasi əhəmiyyətə malik olması bir daha göz önündədir;
– Ermənistan ABŞ-ın Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rol oynayır. Özündə Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq, işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkmir. ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən uzaqlaşdırmaq və Cənubi Qafqazı bütövlükdə Qərbə inteqrasiya etdirmək üçün siyasi səylər göstərir. Lakin Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilmir;
– Krım hadisələri Cənubi Qafqaz regionunda istər-istəməz yeni geosiyasi reallıq ortaya qoydu. Bununla Rusiya göstərdi ki, regionda, bütövlükdə Avrasiyada hegemonluq uğrunda gedən mübarizədə hər vasitədən istifadə edir. Bu hadisə Cənubi Qafqazda illərdir cərəyan edən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələni bir daha aktuallaşdırdı. Əslində, Krım hadisələri Rusiyanın eyni fəndlə ətrafında olan ölkələri nəzarətində saxlamaq üçün apardığı bir siyasətdir.
Yuxarıda sadalanan amillər Cənubi Qafqaz regionunun müasir siyasi mənzərəsinin canlandırılmasında müəyyən rol oynayır. Yeni geosiyasi reallıq ondan ibarətdir ki, Qafqazda heç bir unikal təhlükəsizlik sistemi mövcud deyildir. Hər şeydən öncə, Cənubi Qafqazda kəskin münaqişə ocaqlarının olması, xüsusilə də Qafqaz regional təhlükəsizlik sisteminin aparıcı iştirakçısı kimi qəbul edilən Azərbaycan Respublikasının ədalətsiz şəkildə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu sistem üçün əsas maneədir. Bu isə öz növbəsində milli təhlükəsizlik problemini, region dövlətlərinin hər cür təsirlərinə uyğun strateji konsepsiyasının vacibliyi məsələsini ortaya qoyur. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanda regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir. Qlobal iqtisadi layihələrdə iştirak sıradan biri kimi deyil, əsas aparıcı dövlətlərdən biri kimi Azərbaycana aid edilə bilər.
Digər amil isə regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edən, lakin konkret təklif və modellərə baxmayaraq bu istiqamətdə ciddi addımlar atmayan ABŞ və Rusiya amilidir.
Təbii ki, Cənubi Qafqazda baş verən dəyişikliklər, yeni geosiyasi amillər regionun aparıcı dövləti hesab olunan Azərbaycan Respublikasından da yan keçmir. Azərbaycan həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçirilən transmilli layihələr və burada Azərbaycanın əsas söz sahiblərindən biri olması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Amerika-Azərbaycan Palatasının həmsədri, “Şevron” şirkətinin vitse-prezidenti R. Maatskenin Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı söylədiyi fikir bu tezisi bir daha təsdiqləyir: “Azərbaycan Avrasiyaya həm ticarət, həm də strateji yol deməkdir”.
Regionun karbohidrogen ehtiyatlarının işlənməsinə aid qlobal layihələr, əlbəttə, Azərbaycansız təsəvvür edilə bilməz. Azərbaycanın əvəzolunmazlığı təkcə istehsalçı olması ilə deyil, həm də tranzit ölkə kimi öz məhsullarını və Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olması ilə bağlıdır. Bunu Qərb dövlətləri də anlayır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan artıq böyük bir regional amildir: sabitlik, təhlükəsizlik və inkişaf amilidir.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.